Xalqın bir əsrlik salnaməsi

post-img

(əvvəli qəzetin 23 avqust nömrəsində)

“Kommunist”in 1941-1945-ci illərdəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Azərbaycanın igid oğullarının müharibənin ilk günlərindən ön və arxa cəbhələrdə göstərdikləri misil­siz qəhrəmanlıqlar qəzetin yaradıcı kollektivini daha böyük əzmkarlıqla işləməyə ruhlandırmışdı. Jurnalistlərdən bəziləri könüllü olaraq ön cəbhəyə yola düşmüş, bəziləri isə döyüş xəttinə gedərək, qəzeti hərbçilərimizin hünəri, qəhrəman­lıqları barədə hadisə yerindən hazırlanmış reportajlar və oçerklərlə təmin edirdilər.

Yazılası mövzular isə kifayət qə­dər idi. Ön cəbhədəki həmyerlilərimizin fərdi igidlikləri, Suvorov ordenli 416-cı Qırmızıbayraqlı Taqanroq, 223-cü Qır­mızı Bayraqlı Belqrad, ikinci dərəcəli Suvorov ordenli 77-ci Simferopol atıcı Azərbaycan diviziyalarının... döyüş şöhrəti dillər əzbəri idi.

Azərbaycanın müharibəyə gedən 113 igid oğlu ən böyük mükafata – Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü. 100 min nəfərə qədər əsgər və zabitimiz isə orden və me­dallarla təltif olundu. 

Azərbaycanın gecə-gündüz din­cəlmək bilmədən çalışan arxa cəbhə qəhrəmanlarının hünəri barədə də qəzet səhifələrində müntəzəm yazı­lar dərc olunurdu. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ümumxalq hərəkatına çevrilmişdi. 

Azərbaycan neftçiləri müharibənin ilk ilində 23 milyon 541 min ton neft vermişdilər. Kolxozçular da onlardan geri qalmırdılar. Daha çox fərqlənənlər isə dövlət tərəfindən fəxri adlar, orden və medallarla təltif olundu. Qəzet bu qəhrəmanlar barədə müntəzəm olaraq yazılar verirdi. 

“Kommunist”in səhifələrində daimi rubrikalar yaranmışdı: “Faşist işğalçı­larına ölüm!”, “Biz qalib gələcəyik!”, “Dinlə, Azərbaycan, mərd oğullarını”, “Cəbhə ilə arxanın mübariz dost­luğu”, “Qafqazı hitlerçilərin məzarına çevirək!” “Övladlarımızın layiqli əvəz­çisi olaq!”, “Cəbhə üçün, qələbəmiz üçün!”, “Berlin üzərinə zəfər bayrağını sancacağıq!” , “Azərbaycan oğulları Vətən uğrunda vuruşmalarda”... 

Yazıçı və şairlərimiz, jurnalistlə­rimiz tez-tez cəbhə xəttinə yollanır, döyüşçülərlə görüşüb onları düş­mənlə mübarizədə yeni-yeni qələ­bələrə ruhlandırırdılar. Belə görüşlər sonradan qəzetin səhifələrində dərc olunan oçerklərə, reportajlara, şeir­lərə çevrilərək böyük əks-səda ya­radırdı. Mirzə İbrahimovun “Sarı sim” oçerki (“Kommunist” 25 iyul 1942-ci il), Məmməd Rahimin “Corab” şeiri (11 yanvar 1942), Rəsul Rzanın “Qafqaz” oçerki (23 fevral 1943-cü il), Abbas Zamanovun “Bacı” oçerki (27 mart 1943), Xasay Vəzirovun “Ölməz qəh­rəman” oçerki (10 iyul 1943), Ənvər Məmmədxanlının “Dirilik çeşməsi” (21 yanvar 1944), Nurəddin Babayevin “Partizan qız”, Yusif Əzimzadənin “O bizim fəxrimizdir”, rəssam Mikayıl Ab­dullayevin “Mənim İlham mənbəyim” (1 yanvar 1944) ... sərlövhəli məqalələri buna misal ola bilər. Səməd Vurğun Faşist Almaniyası üzərində tarixi qələ­bəni qəzetin 9 may 1945-ci il nömrə­sində böyük sevinc hissi ilə qələmə almışdı:

Gül, ey nazlı Vətən – Odlar torpağı!

Duz-çörək hazırla qəhrəmanlara.

Böyük bir ordunun Zəfər bayrağı

Günəştək yayılır asimanlara. 

Müharibədən sonra onun vurduğu yaraları sağaltmaq lazım idi. Qarşıda sənaye və kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, müharibədən əv­vəlki səviyyəni ötüb keçmək vəzifəsi dururdu. Azərbaycan zəhmətkeşləri də bu möhtəşəm vəzifənin yerinə yetiril­məsi uğrunda qızğın mübarizəyə baş­lamışdılar. Həmin dövrdə “Kommunist” qəzetinin səhifələrində “Beşilliyi dörd ildə!” devizi altında geniş materiallar verilirdi. Sənayenin inkişaf etdirilməsi uğrunda fədakarlıq göstərən əmək­çilər haqqında oçerklər, zarisovkalar, reportajlar... dərc olunurdu. 

Qəzet əmək veteranlarının, zərbə­çilərin qabaqcıl təcrübələrinin geniş yayılmasında böyük təşkilatçılıq mə­harəti göstərirdi. Azərbaycan kəndinin ilk Sosialist Əməyi qəhrəmanları Bəsti Bağırova, Şamama Həsənova, Qızqa­yıt Həsənova, Qüdrət Səmədovun hünərləri, iş üsulları barədə müntəzəm yazılar verirdi.

Qırxıncı illərin axırları və əllinci il­lərdə nəhəng tikintilərin getdiyi Min­gəçevir su-elektrik stansiyasından, Daşkəsən mədənlərindən, Sumqayı­tın inşasından, Neft daşlarından və digər dəniz neft yataqlarından qəzet müntəzəm məqalələr dərc edir və çox vaxt həmin obyektlərdə özünün müxbir postunu yaradırdı.

Müharibədən sonrakı dövr Azər­baycanda elmin, mədəniyyətin, maa­rifin sürətlə inkişaf etdiyi, nəhayət, zəhmətkeşlərin rifahının yaxşılaşmaq­da olduğu illər idi. Bu mövzular qəze­tin diqqətindən kənarda qalmırdı. 

Qəzetin səhifələrində Səməd Vur­ğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Mirzə İbrahimovun, Meh­di Hüseynin, Qara Qarayevin, Fik­rət Əmirovun, Mikayıl Abdullayevin, Tahir Salahovun, Bülbülün, Rəşid Behbudovun, Qəmər Almaszadənin, Mikayıl Hüseynovun, Fuad Əbdürəh­manovun... həm yaradıcılıqlarından nümunələr verilir, həm də haqlarında yazılar dərc olunurdu.

Nəhayət, Stalinin ölümündən son­ra ölkənin siyasi həyatında baş verən yumşalma ovqatı Azərbaycana da çatdı. Tədricən gedən dəyişikliklərin ab-havası, şübhəsiz ki, qəzetin fəa­liyyətində də hiss olunmağa başladı. Daha doğrusu, qəzet bu proseslərin önündə gedir və cəmiyyəti də ardınca aparmağa çalışırdı.

Azərbaycan pambıqçılarının qa­zandığı nailiyyətlərin sədası bütün ölkəyə yayılmışdı. Onların fədakarlıq­ları dövlət tərəfindən dəyərləndirilirdi. Daha çox fərqlənənlərdən iki nəfəri – Qasım İsmayılov rayonundan (indiki Goranboy) Bəsti Məsim qızı Bağırova və Qaryagin rayonundan (indiki Füzu­li) Şamama Mahmudəli qızı Həsənova ikinci dəfə Sosialist Əməyi Qəhrəma­nı oldular. Qəzet əmək qəhrəmanla­rının fəaliyyətini işıqlandıran sanballı məqalələr dərc edirdi.

Tanınmış qələm sahiblərinin im­zaları “Kommunist”in səhifələrində yenə tez-tez görünürdü. Rəsul Rza­nın “Çiçəklənən respublika” (28 ap­rel 1950), Qılman İlkinin “Dəniz bu­ruqlarında” (2 noyabr 1951), Osman Sarıvəllinin “Kolxozçu qız Yasəmən” (12 fevral 1949), Sabit Rəhmanın “Bakının işıqları” (1 yanvar 1953), Salam Qədirzadənin “Təməl daşları” (30 aprel 1959), Əli Qasımovun “Se­vil” (17 dekabr 1961) oçerkləri, Rəfail Nağıyevin “İşıq” (24 fevral 1966), Əli Vəliyevin “Kəndimizə bahar gəlib” (29 mart 1966), Teyyub Qurbanın “Ayrılan deyildir ürəklərimiz” (30 dekabr 1962) sərlövhəli reportajları... maraqla qar­şılanan yazılardan olmuşdur.

Altmışıncı illərin axırlarında xalqı­mız milli mətbuatımızın bayraqdarı olan “Kommunist” qəzetinin 50 illik yubilieyini təntənəli şəkildə qeyd et­mişdir. 1969-cu il sentyabrın 18-də Məşədi Əzizbəyov adına Dövlət Dram Teatrında keçirilən təntənəli məra­simdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin iştirakı tədbir iş­tirakçıları tərəfindən böyük coşğu ilə qarşılanmışdı. 

Ulu öndər həmin tədbirdə dərin məzmunlu nitq söyləmişdir. Həmin nitq həm də ona görə dəyərli idi ki, ümummilli lider onu doğma Azərbay­can dilində söyləmişdir. O dövrdə müt­təfiq respublikaların rəhbərləri belə tədbirlərdə yalnız rus dilində çıxış edirdilər. Ümummilli lider həmin qa­dağaları pozaraq ilk dəfə ana dilin­də danışmışdır. Heydər Əliyev nitqinə belə başlamışdır: 

– Əziz yoldaşlar! Bu gün biz res­publika qəzeti “Kommunist”in birinci nömrəsinin çapdan çıxmasının 50 il­liyini qeyd edirik. Bu yubiley böyük siyasi hadisədir. Sovet Azərbayca­nının bütün mətbuatının bayramıdır. Bütün respublika zəhmətkeşlərinin fərəhli günüdür. Partiya və hökumət “Kommunist” qəzetinin xidmətlərini yüksək qiymətləndirərək, onu Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişlər. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi, Respublika Ali So­vetinin Rəyasət Heyəti və Nazirlər Soveti “Kommunist” qəzeti redaksiya­sının kollektivini, fəhlə və kəndli müx­birlərini, bütün oxucularını bu şərəfli mükafat münasibətilə səmimi-qəlbdən təbrik edir...

Təpədən dırnağa qədər silahlan­mış hitlerçi quldur dəstələri ölkəmizə basqın etdikdə və Böyük Vətən mü­haribəsi başlandıqda isə “Kommunist” qəzeti müharibənin ilk günlərindən öz kəsərli silahını azğın düşmənə yönəlt­mişdi. O günlər qəzetin hər nömrəsi düşməni döyürdü. Onun hiddət dolu sətirləri Azərbaycanın mərd övladlarını döyüşə çağırır, onları faşizm üzərin­də tam qələbə çalmağa ruhlandırırdı. Cəbhədən alınıb qəzetin səhifələrində dərc olunan xəbərlər arxa əməkçilə­rinin qoluna onqat qüvvət verir, onları sovet xalqının müqəddəs qələbəsi naminə fədakar əməyə ruhlandırırdı.

Qəzet müharibədən sonrakı dövr­də də öz vəzifəsini şərəflə yerinə ye­tirirdi. İndi artıq onun səsi Mingəçevir­dən, Neft Daşlarından, Sumqayıtdan gəlirdi. O, xalqla birlikdə yüksək bina­lar ucaldır, neft və qaz kəmərləri çəkir, metro tikir, yazıçılarla və mədəniyyət xadimləri ilə birlikdə ədəbiyyatımızı və incəsənətimizi zənginləşdirirdi. 

İzin verin, “Kommunist” qəze­ti redaksiyasının kollektivini, fəhlə və kəndli müxbirlərini, onun bütün oxu­cularını, qəzetin 50 illiyi və onun Qır­mızı Əmək Bayrağı ordeni ilə təltif olunması münasibətilə bir daha ürək­dən təbrik edim, Vətənimizin səadəti üçün yaradıcı əməkdə onlara böyük müvəffəqiyyətlər arzulayım.

P.S. Qəzetin 50 illik yubileyi üzərində bir qədər geniş dayan­mağımız səbəbsiz deyil. Həmin ildə Azərbaycan Dövlət Universite­tinin (indiki BDU) də 50 illik yubi­leyi qeyd olunub. Amma 42 gün sonra, dəqiq desək, 1969-cu il no­yabrın 1-də. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev həmin tədbirdə də iştirak edib və ana di­limizdə nitq söyləyib. Universitetin yubileylərində buraxılmış kitablar­da, BDU rəhbərlərinin mətbuatda­kı məqalələrində iddia olunur ki, Heydər Əliyev respublika rəhbəri seçiləndən sonra ilk dəfə onların yubileyində iştirak edərək ana di­lində nitq söyləyib. Qəribədir ki, çox da uzaq keçmişdə olmayan bu səhvi tarixçilər də, həmin təd­birlərin iştirakçısı olan ziyalılar da təkrarlayırlar. “Xalq qəzeti”nə gön­dərilən həmin məqalələrdə biz düzəlişləri edirik, başqa qəzetlərdə və kitablarda isə həmin səhv tiraj­lanır. Arzu edərdik ki, ulu öndərin həyat və fəaliyyətini işıqlandıranlar, həmçinin BDU-nun tarixini yazanlar bu məsələdə diqqətli olsunlar. 

(ardı var)

Qüdrət PİRİYEV, “Xalq qəzeti”









Sosial həyat