Suyun səfası və cəfası

post-img

Onun safı həyat, xarabı isə xəstəlik mənbəyidir

 

“Ay sərin su sərvəri, ürəyi yanan, gəl bəri!” səsləri eşidilmir. İndi su müasir texnologiyalardan istifadə edilərək hazırlanan gözəgəlimli qablarda üzərlərinə təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri əks olunan, “təbii”, “mineral”, “müalicəvi” sözləri yazılaraq ticarət müəssisələrində satılır. 

Bu məhsulların bəzilərinin keyfiy­yətsizliyi, insan sağlamlığına təhlükə törətməsi ilə bağlı ekspertlər tərəfindən mütəmadi fikirlər bildirilir, eyni zamanda, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ara-sıra məlumatlar yayır. 

Mütəxəssislər qeyd edirlər ki, bir sıra iş adamları mərkəzləşdirilmiş xətlərdən, quyulardan, hətta krantlardan götürdük­ləri suyu müxtəlif filtrlərdən keçirilməklə qablaşdırıb satışa çıxarırlar. Bununla da onlar “Qida təhlükəsizliyi haqqında” qa­nunun tələblərini kobud şəkildə pozurlar.

Ekspertlərin sözlərinə əsasən, su müxtəlif cəlbedici adlarla satışa daha çox plastik qablarda çıxarılır. Həmin qab ma­terialları isə demək olar ki, normalara uy­ğun gəlmir, təkrar emaldan hazırlanır ki, bu zaman kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara gətirib çıxarır. Həmçinin bu, azmış kimi, uzun müddət günəş şüa­sı altında saxlanılır ki, nəticədə həmin suların tərkibindəki zərərli maddələr in­san orqanizmində müxtəlif xəstəliklərin yaranmasına əlverişli şərait yaradır, sağ­lamlığa mənfi təsir göstərir.

Dezinfeksiya, filtrasiya proseslərinə riayət edilməməsi də suyun tərkibində olan mineralların böyük qisminin itmə­sinə, rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin aşağı düşmə­sinə səbəb olur.

Bütün bunlar, yəni quyu və krant su­larının sexlərdə müxtəlif filtrlərdən ke­çirilib qablaşdırılaraq əhaliyə satılması inkaredilməz faktdır. Azərbaycan Res­publikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlamaların nəticələri də bunu sübut edir. 

AQTA-nın bu günlərdə yaydığı məlu­mat da diqqət çəkib. Belə ki, adıçəkilən qurum paytaxtda “Suel” əmtəə nişanlı içməli suyun emalı və qablaşdırılması müəssisəsində yoxlama zamanı burada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qay­dalarının bir sıra tələblərinin pozulduğu­nu üzə çıxarıb. Yoxlama əsasında müəs­sisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən sular) filtr­dən keçirilərək qablaşdırıldığı aşkarla­nıb. Həmçinin müəssisədə təkrar istifa­də üçün nəzərdə tutulan qablaşdırma materialarının yuyulub-təmizlənməsinin, suyun qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi, qablaşdırma material­larının saxlanması üçün müvafiq sahənin ayrılmadığı, emal olunan məhsullara dair etiket məlumatlarının dolğun qeyd edil­mədiyi, temperatur rejiminə laqeyd yana­şıldığı, havalandırma sisteminin quraş­dırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilən soyunub-geyinmə sahəsinin yaradılmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keç­mədiyi məlum olub.

AQTA-nın digər məlumatında isə etiketlə istehlakçıların aldadılması, qab­laşdırılmanın üzərində markanın loqo­sunun saxta olması, suyun haradan gə­tirildiyinin, istehsal tarixinin həqiqəti əks etdirmədiyi kimi ciddi narahatlıq doğuran məsələlər öz ifadəsini tapır. Beləliklə, əsasən isti yay günlərində dağ və bulaq suyu adı ilə satılmaqla kifayət qədər is­tehlakçı aldadılır və bununla da müxtəlif xəstəliklərin meydana gəlməsinə yol açı­lır. 

Yeri gəlmişkən, AQTA-nın məluma­tına görə, bu qurum tərəfindən cari ilin may ayının 1-dən etibarən aparılan mo­nitorinqlər zamanı ticarət obyektlərində satışı reallaşdırılan 26 adda emal edilən qablaşdırılmış sulardan nümunələr götü­rülüb. Aparılan sınaq nəticələrinə əsasən, nümunələrdən 22-nin nəticəsi qənaət­bəxş olub, 4 nümunənin isə mikrobioloji göstəriciləri qida sahəsində normativ sənədlərin tələblərinə cavab verməyib. Sınaq nəticəsi uyğunsuz çıxan suların emal müəssisələrində yoxlanılması keçi­rilib, hər 4 müəssisənin su emalı fəaliy­yəti dayandırılıb, uyğunsuz çıxan məhsul partiyasının istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri qay­tarılması barədə icrası məcburi göstəriş verilib, 16 min 300 ədəd 1 litrlik, 817 ədəd 5 litrlik, 672 ədəd 0,5 litrlik su məhsulları isə geri qaytarılaraq məhv edilib.

Ümumilikdə, AQTA tərəfindən gö­rülən tədbirlər çərçivəsində cari il ərzin­də ölkə ərazisində fəaliyyət göstərən 22 su emalı müəssisəsində planlı və plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı 18 müəssisədə qida sahəsində qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilib. Belə ki, emal edilən suların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğun ol­madığı, bəzi məhsullarda suların mən­bəyinin göstərilmədiyi, bir çox hallarda isə mərkəzləşdirilmiş su sistemindən gələn sular (əhaliyə verilən sular), həm­çinin artezian suları qablaşdırıldığı hal­da, məhsulun üzərində həmin suların müxtəlif təbii mənbələrdən, dağlardan və bulaqlardan gətirilərək qablaşdırıldığı, o cümlədən, məhsulun etiketində dağların, bulaqların təsvirlərinin və müxtəlif coğrafi adların vurğulandığı öz ifadəsini tapıb. 

Bu da məhsulun üzərində qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, nəticədə qa­nunvericiliyə zidd olaraq istehlakçıların aldadılmasına səbəb olub. Həmçinin bəzi suların etiketində əsassız şəkildə həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə ma­lik olması haqqında məlumatların qeyd olunduğu müəyyənləşib.

AQTA tərəfindən yayılan məlumatda bildirilir ki, aşkarlanmış nöqsanlarla bağlı hər bir sahibkar barəsində protokol tərtib edilib. Həmin məhsulların emalı və satı­şı dayandırılıb, qanunvericiliyin tələblə­rinə uyğun gəlməyən etiketlərin istifadə­si qadağan olunaraq məhv edilib. Eyni zamanda, məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırıl­ması ilə bağlı sahibkarlara icrası məcburi göstərişlər verilib.

Eyyub KƏRİMLİ,

iqtisadçı-ekspert

Su insan orqanizmi üçün ən önəmli mayedir. Əsasən, yay mövsü­mündə daha çox ehtiyac duyulan su həyat mənbəyi hesab olunsa da, bəzi hallarda həm də insan həyatına təh­lükə yaradır. “Susuzluqdan yanıram” deyib mağazadan alınan suları onun qablaşdırılmasına, istehsal tarixinə baxmadan və istehsal yerini öyrənmə­dən içirik. Suyu içməmiş onun keyfiy­yəti barədə fikir bildirmək olmaz. Bu baxımdan su içərkən onun keyfiyyəti bəzən çox keçmədən özünü büruzə verir, orqanizmə ağırlıq gətirməsi isə həmin məhsulun keyfiyyətsiz olmasını göstərir. 

Mən bu barədə mətbuata dəfələr­lə açıqlama vermişəm. Rayonlarda bulaq suyu içəndən sonra insana rahatlıq gəldiyini, iştah yarandığını bildirmişəm. Çünki su təmizdir, key­fiyyətlidir. Onun tərkibindəki mineral maddələr isə zəngindir.

Mövsüm başlayandan bazara yeni adda sular çıxarılır. Üzərində istehsal olunduğu yer, ünvan və telefon nöm­rəsi qeyd olunur. Zəng vurub məlumat almaq istəyəndə deyirlər ki, “hara istəyirsiniz gətirək”. Qablaşdırılan su­yun üzərindəki qeydlərlə maraqlanan­da isə məlum olur ki, orada ən azın­dan heç su sexi yoxdur. 

Ümumiyyətlə, bu sahədə nəzarət çox zəifdir. Bir çox hallarda istehsal ünvanları düzgün göstərilmir. Məlum olur ki, işbazlar heç qeydiyyatdan belə keçməyiblər, amma ticarət müəs­sisələrinə su satırlar. Digər tərəfdən, suların üzərində “soyuq halda için” qeydi verilir. Əgər şüşənin üzərində bu söz yazılıbsa, bu, onun keyfiyyətsiz olmasının göstəricisidir. Soyuq halda suyun tamı bilinmir. Su otaq tempe­raturunda yarım saat qaldıqdan sonra onun iyi və tamı üzə çıxır. Ona görə də istehlakçılar bu qeydlərə xüsusi önəm verməlidirlər. 

Təcrübə göstərir ki, hətta brend sularda ciddi keyfiyyət çatışmazlığı var. Belə sular insan sağlamlığına cid­di təhlükədir. Bəzən sular filtrizasiya olunmadan qablaşdırılır və bazara çıxarılır. Hətta bulaq suyu deyilərək qablaşdırılan bəzi sular Bakı qəsə­bələrində filtrdən keçirilərək artezian­dan doldurulur. Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir. Bir litr suda duzların miqdarı 50 mkq olarsa, bu su keyfiyyətli hesab olunur. Göstərici 50-100 arasında olduqda bu, yaxşı su, 100-250 olarsa, normal, 250-300 mkq isə pis su hesab olunur. Sularda duzların miqdarı 450 mkq-dan yuxarı olduqda su texniki su he­sab olunur və onu içmək olmaz.

 

V. BİNYƏTOĞLU, “Xalq qəzeti”



Sosial həyat