Sağlamlıq üçün faydalı olan balqabaq toxumları həm çiy, həm də qovrulmuş halda yeyilir. Tərkibində yüksək miqdarda protein, sağlam yağlar, lif, minerallar və vitaminlər olduğundan, onu qəlyanaltı və ya onların pəhrizinə əlavə edilmiş qida maddələrindən biri kimi istehlak edirər. Balqabaq toxumları həzm prosesini yaxşılaşdırır, ürək sağlamlığını qoruyur, immuniteti gücləndirir və prostat probleminə kömək edir.
Yağ balqabaq tumundan soyuq presləmə yolu ilə alınır. Antioksidantlar, sağlam yağlar və digər qidalarla zəngin olduğundan sağlamlığa faydaları çoxdur:
1. Ürək: Balqabaq yağı yüksək miqdarda doymamış yağ turşularını ehtiva etdiyindən xolesterol səviyyəsini aşağı salır. Bundan əlavə, bu yağda ürək sağlamlığını qoruyan antioksidantlar və minerallar var. Maqnezium, kalium və sağlam yağ turşuları baxımından zəngin olan balqabaq tumunun və xüsusilə də yağının ürəyin işini yaxşılaşdırdığı və koronar arteriya xəstəliyi riskini azaltdığı sübut edilib. Yağ yeniyetmələrdə HDL xolesterinin səviyyəsini qaldıraraq qan təzyiqini aşağı salır. Damarları genişləndirir və qan axınını artırır.
2. Prostat: Faydalı komponentlərə malik balqabaq yağı prostat vəzin böyüməsini aradan qaldırmağa kömək edir. Prostat və sidik kisəsinin işini yaxşılaşdırır. Balqabaq tumunun tərkibindəki antioksidantların, yağ turşularının və sinkin prostat vəzinin xoşxassəli böyüməsindən əziyyət çəkən kişilərdə simptomları azaltdığı və həyat keyfiyyətini artırdığı bilinir.
3. Dəri: Yağ dərinin sağlamlığını qoruyan və bərpa edən bir çox faydalı komponentləri ehtiva edir. Bu maddələr dərini nəmləndirir, iltihabı azaldır və dəri hüceyrələrinin yenilənməsinə kömək edir. Dərini nəmləndirmək və dəri hüceyrələrinin bərpası məqsədilə yağ birbaşa dəriyə tətbiq edilir. Dərinin su itkisinin qarşısını alaraq onun nəmıik balansını qoruyur.
Balqabaq yağlı dərini sərbəst radikallardan qoruyan antioksidanlara malikdir. Bu antioksidanlar dəri hüceyrələrini mühafizə edir və dərinin yaşlanmasını gecikdirir. Tərkibindəki minerallar, vitaminlər və yağ turşuları dərinin daha gənc və sağlam görünməsinə kömək edir. Yağ, həmçinin dəridəki iltihabı azaldaraq sızanaq, ekzema və digər dəri xəstəliklərini aradan qaldırmağa kömək edir.
4. Saç: Yağda saç sağlamlığını qoruyan bir çox qida və komponentləri olduğundan, balqabaq toxumu yağı saç tökülməsini azalda, saçları gücləndirə, böyüməsinə və artmasına kömək edə bilər. Bunun üçün saçları yağla masaj etmək lazımdır.
5. İmmunitet: Balqabaq yağının tərkibində immuniteti gücləndirən və infeksiyalardan qoruyan müxtəlif vitamin və minerallar var. Buna görə, balqabaq yağı sağlam qidalanma və həyat tərzi ilə birlikdə istifadə edildikdə, bədənin ümumi sağlamlığına fayda verə bilər. Tərkibindəki E vitamini və sink immun sistemi üçün faydalıdır. Sink bədəni iltihabdan, allergiyadan və mikroblardan qoruyaraq infeksiyaların qarşısını alır və ümumi immuniteti artırır.
Balqabaq yağı müxtəlif kosmetik məhsullarda da istifadə edilir. Qeyd edək ki, yağı istifadə etməzdən əvvəl məhsulun etiketindəki təlimatları diqqətlə oxumaq və istifadə tövsiyələrinə əməl etmək vacibdir. Yağı çiy istehlak etmək istəyənlər, onu birbaşa yeməklərə, salatlara bir xörək qaşığı qədər əlavə edə bilərlər. Ancaq balqabaq yağı yüksək temperaturda bişirmək üçün uyğun deyil. Yüksək temperatur yağın bəzi faydalı komponentlərinin itirilməsinə və ya zədələnməsinə səbəb olur.
Yağ xəstəliklərə qarşı mübarizə aparan antioksidantlar baxımından zəngindir. İltihab əleyhinə önəmli xüsusiyyətlərə malik olan balqabaq tumu, qaraciyər, sidik kisəsi, bağırsaq və oynaqların sağlamlığı üçün istehlakı məsləhət olunan qidalar arasında iştirak edir. Sink, kalsium, zülal və liflə zəngin olan balqabaq tumlarının tǝrkibindǝki protein toxluq hissi verdiyi üçün arıqlamağa kömək edir. Tərkibindəki liflər isǝ bağırsaqlardakı toksinləri təmizləyir və yağın orqanizm tərəfindən udulmasına mane olur. Bu xüsusiyyǝtlǝrinǝ görǝ az kalorili pəhriz saxlayanlar çərəz olaraq balqabaq tumuna üstünlük verirlər.
Yağın əhəmiyyətli faydalarından biri qan şəkərini tənzimləməsidir. Tərkibindəki maqnezium bu məqsədə xidmət edir və diabet riskini azaldır. Yuxu keyfiyyətini tənzimləyir. Yatmazdan əvvəl bir ovuç balqabaq tumu yemək rahat yuxu gətirir. Bunun səbəbi isə tərkibindəki triptofandır.
Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Balqabaq tumu antioksidant baxımından zəngin olduğu üçün xərçəng hüceyrələrinin inkişafına, o cümlǝdǝn yayılmasına qarşı mübarizə edir. Bu səbəbdən döş xərçənginin qarşısının alınmasında və müalicəsində təsirli ola biləcəyinə dair elmi araşdırmalar aparılır.
Balqabaq tumu yaraların sağalmasında əhəmiyyətli rol oynayan manqan və K vitamini başda olmaqla, immunitet sisteminin bakteriya və viruslara qarşı mübarizə aparmasına kömək edən sink baxımından da zəngindir.
Bəzi araşdırmalar, balqabaq tumunun hormonal tarazlığı bərpa edərək, polikistik yumurtalıq sindromuna təsirini təsdiqləyib. Balqabaq tumu, həmçinin osteoporoz ehtimalını azaldır, qadınlarda xolesterini aşağı salır.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

