Havada ağcaqanad, yerdə siçovullar…

post-img

Paytaxtın Qaraçuxur qəsəbəsində sakinlər dad edirlər

 

İki xanımın əsəbi dialoqu:

– Ay xala, zibili bura atma! 

– Nə edim, ay bala? Zibil yeşiyi yoxdur. 

– Görmürsən, 1-ci mərtəbədə yaşayanlar əziy­yət çəkirlər? Natəmizlik, üfunət ağcaqanadların bu­lud kimi artmasına səbəb olur axı.

Daha bir xanım müdaxilə edir: 

– Hələ bəziləri var, zibili yuxarı mərtəbədən bir­başa aşağı atır. Belə mədəniyyətsizlik olmaz axı…

Şahidi olduğum bu söhbət həmin məhəllədə yaşayan rəfiqəmin mənə gecə saat 3-də yazdığı ağcaqanad şikayətini xatırlatdı. “Qədimdən külək­lər diyarı, bu gün də fontan, göydələnlər şəhəri”ndə əsasən yay aylarında qulağımızın dibində qopan ağcaqanad vızıltıları günümüzü qara edir. Hələ bu qanadlı həşəratların neştərlərinin camaatın səhhə­tinə necə yoluxucu təsir etdiyini demirəm. Bir sözlə, problem yayda xüsusilə dözülməz olur”. 

Səhər çantamı çiynimə keçirib, ağcaqanadların tüğyan etdiyi bəzi ünvanlara üz tutdum. Uşaqlıq il­lərimin ən çox keçdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getdim. Etibar Bəkirli küçəsindəki 15-ci binanın üfunət qoxulu dəhlizləri, sakinlərin zibilxa­naya çevirdikləri çirkab dolu lift şaxtaları, “şəlalə” axan zirzəmi buradakı əksər sakinlərin hansı anti­sanitar vəziyyətdə yaşadıqlarını göstərirdi. 

…Binanın 1-ci mərtəbəsindəki 64 və 65-ci mənzillərin qapıları hay-küylə açılır. Elvira və Mər­yəm adlı xanımlar bildirirlər ki, bu binalar çoxdan bəri diqqətdən kənarda qalaraq acınacaqlı vəziy­yətə düşüb. Müraciət etdikləri qurumlar da şikayət­lərə tam biganə qalırlar.

Məryəm xanım deyir:

– Binalar əsl ağcaqanad yuvası, gəmiricilər məskənidir. Gəlib təmizləyən, dərmanlayan yoxdur. Əlaqədar qurumlar heç bir tədbir görmür. Ətrafdakı binalar da eyni vəziyyətdədir. 

Elvira xanım isə təəssüflə əlavə edir ki, bu və­ziyyətə görə uşaqlar astma-bronxit olublar. Hərdən adam düşünür ki, yəqin, şəhərin mərkəzindən uzaq olduğumuz üçün diqqətdən kənarda qalmışıq. Yəni, gözdən-könüldən iraqıq. 

– Mən Türkiyədə də yaşamışam, – deyə o sö­zünə davam edir. – Bələdiyyəyə bir müraciət ki­fayət edir ki, gəlib səliqə-sahman, qayda yaratsın. Əslində, heç müraciətə də ehtiyac duyulmur, çünki hər kəs öz işinə məsuliyyətlə yanaşır. Bizim bələ­diyyə isə nə bir iş görür, nə də şikayətə baxır. 

Digər sakin – Asiya xanım liftin sökülüb ya­rarsız hala salınmasından, onların yerinin zi­billiyə dönməsindən, üstəlik də divarlardan su sızmasından gileylənir: 

– Bütün bunlar ağcaqanadların, siçanların art­ması üçün münbit şərait yaradır. Bələdiyyədən isə deyirlər ki, binaların altından axan su işıq kabelləri­ni zədələyib. Guya buna görə yaxın dura bilmirlər. Yaqut adlı sakin də onun dediklərini təsdiqləyir. Bir də ki, görünən dağa nə bələdçi? Hər şey göz önün­dədir. 

Məsələ ilə bağlı biz də Suraxanı Rayon Qara­çuxur Bələdiyyəsinə müraciət etdik. Sədr müa­vini Arif Şahmuradov bildirdi ki, oradakı sakin­lər narahat və çətin insanlardır. Özləri təmizliyə riayət etmirlər:

– Bu bina yarımçıq tikilmiş olduğundan, liftlər quraşdırılmayıb. Məişət tullantılarını da ki, sakinlər hara gəldi atırlar: lift yarıqlarına, həyətə, bina­nın yaxın ətrafına. O binanın arxa hissəsində bizim sosial işçilərimiz sakinlərin atdıqları məişət tullan­tılarını yığışdırmaqla məşğuldurlar. Bir də ki, əgər vətəndaşların şikayəti varsa, qoy bizə yazılı müra­ciət etsinlər (?!).

Antisanitar şəraitlə, bu üzdən uşaqların xəstələnə bilməsi ilə bağlı həkim mövqeyini də öyrənmək istədik. Tibb Universitetinin dosenti Aydın Əliyev qəzetimizə bildirdi ki, bu gün ən çox diqqətçəkən məqam müəyyən ərazilərdə ağcaqanadların çoxalmasıdır: “Natəmizlik, rü­tubət ağcaqanadların çoxalmasına səbəb olur. İlk növbədə çirkli mənbələri ləğv edilməlidir. Unutmaq olmaz ki, insanı sancan ağcaqanad onunbədəninə hər hansı zəhərli maddə də yeridir. Malyariya pa­raziti anofelis ağcaqanad növünə yoluxur. Həmin həşərat insanı dişlədikdə o parazit qaraciyərə daxil olur, sonra qana keçir və s. Güclü allergik reaksi­ya və qızdırmalar da bu səbəbdən yaranır. Onu da vurğulayım ki, əhali özü də birmənalı olaraq təmiz­liyə riayət etməlidir”. 

İmamət İSMAYIL ƏDİLBƏYLİ

Sosial həyat