“Biz qayıdıb gəldik, doğma ocaq!”

post-img

İkinci Qarabağ müharibəsindəki ilk ciddi uğurumuz Cəbrayıl rayonu ilə bağlıdır. Bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, Silahlı Qüvvələrimizə əlavə güc və inam verdi. 

Ordumuz öz tarixi missiyasını digər yerlərdə də uğurla icra etdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəman­lıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qov­duq, düşmənə lazımi dərsi verdik”.

Bu qələbədən sonra Cəbrayıl rayo­nunda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandı. Şəhər və kəndlərin, sənaye və kənd təsərrüfatı obyektlə­rinin, müasir sosial infrastrukturların təməli qoyuldu. Bunlar Cəbrayıla qayı­dacaq əhalinin rifahının daha da yax­şılaşdırılması üçün yeni iş imkanları yaradacaq. 

Cəbrayıla qayıtmaq, öz ata-baba yurdunda yaşamaq istəyənlər isə çox­dur. Həmsöhbətim yazıçı-jurnalist Ra­milə Qurbanlıdır.

– Cəbrayıl işğaldan azad olun­duqdan sonra kəndimizə getmişdim. Evimizi görəndə çox həyəcanlandım. Bacım da mənimlə idi. Son dəfə bu evdən, həyətdən məcburən onun­la birlikdə çıxmışdıq. Bacımın 15, mənim 23 yaşım vardı. Dayanmışıq abad qoyub getdiyimiz viranə həyə­timizin qarşısında. Viranəsini gördü­yümüzə sevinirik də… Bir addım içə­ri ata bilmirik. Evimizdən qalan qırıq daşlara, qaməti əyilmiş tut, budaqları qocalmış alça ağaclarına baxırıq, on­lar da bizə baxırlar. Sanki “Haraday­dınız? – soruşurlar, – bizi qoyub hara getmişdiniz?” 

“Heç bilirsiniz, başımıza nələr gəldi, nələr yaşadıq?” – deyə ürəyimdə ca­vab verirəm, özümüzə haqq qazandı­racaq söz axtarıram, tapmıram. Hər iki tərəf eyni “həyatı yaşayıb”, həm düş­mən əlindən yurdunu qoyub çıxmağa məcbur olan biz, həm də bizsiz əsirlik­də qalan yurd…

… 70 yaşlı atamla anam köçkün həyatında yenidən ev tikdilər, yurd qur­dular. İndi köhnə dədə-baba yurdunda ev tikməyə ömür vəfa edəcəkmi? İnsan bir ömürdə neçə dəfə ev qurar… Bu nə taledir yaşadıq?

– Ramilə xanım, köçkün düşdü­yünüz o günü necə xatırlayırsan?

– 1993-cü ilin avqustun 17-si axşam saat 20 radələri olardı. Nə biləydik ki, avqustun 18-də ermənilər tərəfindən Füzulinin, 23-də isə Cəbrayılın mərkə­zi işğal ediləcək. Hələlik, hər iki rayo­nun camaatını hansı qüvvələrsə təlaşa salıb çıxardırdılar torpaqlarından. Qa­tarda iynə atsaydın, yerə düşməzdi. İnsanların üzündə yalnız dəhşət vardı, kimsə başqası ilə maraqlanmırdı, hamı öz canının hayında idi. İçi insan qarışıq köhnə çemodan, boxça, torba, çuvalla dolu qatar sürətlə irəliləyirdi. Hər stan­siyada eyni mənzərə ilə rastlaşırdıq. Adi halda bu qatar səhər alatoranında Bakıya çatardı. Bu dəfə elə olmadı. Qa­tar alatoranda hələ İmişlidə idi, arada hərəkət edərək Saatlıya, Sabirabada çatıb, sonra bir də İmişliyə qayıtmışdı. Sonralar öyrənəcəkdim ki, həmin gecə qaçqın dolu qatarın Bakıya girməmə­yi üçün yuxarıdan əmr verilib. O vaxt qatarın Bakıya getmədiyindən narazı qalan camaatın heç ağlına da gəlməz­di ki, onların böyük bir qismi–yəni, get­məyə yeri olmayanlar ömürlərinin xeyli hissəsini elə bu vaqonlarda yaşamalı olacaqlar. Burada körpə böyüdəcək, gəlin gətirəcək, qız köçürəcəklər...

Qatarın irəli-geri hərəkəti daha çox söz-söhbətə, şayiələrə, təlaşa əsas verirdi. Hələ Xocalı soyqırımının xofun­dan ayılmamış insanlar özlərinin “Xo­calı dəhşəti”ni yaşayacaqlarından çox qorxurdular. Bəlkə də məqsədli şəkildə təlaş yaradanlar, vəziyyəti gərginləş­dirənlər də vardı. 

Qatar İmişli, Saatlı, Sabirabad ara­sında üç gün, üç gecə o tərəf bu tərəfə gedib-gəldi. O üç gün ərzində 22 ya­şıma qədər görmədiyim dəhşətləri ya­şadım. 

…Çox çətinliklə maşınla Bakıya gəldik. Tələbə yataqxanamızda Şuşa, Laçın qaçqınları məskunlaşmışdılar. Bizim otağımız, əşyalarımız hamısı onların idi artıq. İtirdiklərinin müqabilin­də heç nə olan əşyaları onlardan geri istəyə bilməzdim.

Qardaşımın evinin açarı məndə idi. Qapını açıb içəri keçdik. Qonşu dedi ki, Üzeyir sizin arxanızca İmişliyə gedib. Yazıq qardaşım, axşama yorğun, həm də dəli vəziyyətdə evə gəlib çıxdı. 

– Uzun illərdən sonra Aşağı Ma­ralyanı gördün, necə qarşıladı?

– Böyük Mərcanlı kəndini keçəndən sonra yerimdə rahat otura bilmirdim. Buradan Aşağı Maralyana qədər yolun hər iki tərəfi ağaclıq idi. Çox sevirdim bu yolu, uşaqlıqda elə bilirdim dünya­nın ən gözəl yoludur. İndi o ağaclardan əsər-əlamət yoxdur. Yalnız quru yol var. Amma həmin anda dünyanın ən gözəl yolu idi mənim üçün. 

Uzaqdan görünən bina doğmalığı, istiliyi ilə çəkirdi məni… İnana bilmirdim ki, məktəbimizin binasıdır, kəndə çat­mışıq. Yeganə salamat bina odur, qa­lanlarından ancaq daş qırıntıları qalıb. Ən məsum illərimin yadigarı, atamın, anamın müəllim, bizim şagird kimi sevdiyimiz, məbəd bildiyimiz məktəb. Buranın əzəməti daşında-sementində deyil. Ağlımızda və ürəyimizdəki yeri əzəmətlidir. Məktəbdə indi sərhədçilə­rimiz yerləşiblər, yaxşı təmir olunub. 

Onun yaxınlığından axan “Gavur” arxını görməyə tələsdim, yox idi, yeri, çalası zibilliklərlə dolmuşdu. Təkcə in­san, bəşər düşməni deyil bu torpağı işğalda saxlayanlar, həm də kainatın düşmənidirlər. Bulaqları, çayları, ka­nalları qurudub, yaşıllıqları məhv edib, yurdları talayıb, torpağa sitəm edib­lər…

İdarənin binasından iki daş hörgü qalıb – onu da gördüm. O bina da mək­təb binası kimi, 1986–87-ci illərdə təh­vil verilmişdi, yeni bina idi. 

İdarədən sonra nənəmgilin həyə­tidir. Qamış basıb, həyət görünmür. Qamışlıqdan keçmək olar, minalar­dan keçmək olmur. Dabanımı qaldırıb mümkün olduğu qədər baxdım. Nənə­min səsi gəldi qulaqlarıma – “ay bala, o pilləkənlərdən yıxılacaqsan, çıxma ora”.

İkinci mərtəbə kərpicdəndir, yarısı­na qədər qalır, pilləkənlər yarıda qırılır. Gördüyüm bu oldu. Həyətə girə bil­səm, yəqin daha çox görərdim, bəlkə nənəmin qab-qacağı da gözə dəyərdi. Qəribədir, paslanmış, çürümüş nə isə tapmaq adama sevinc gətirərmiş...

Gördüm ki, Vilayət müəllimgilin ikimərtəbəli evindən heç bir nişanə qal­mayıb. Qonşularımızın evləri də eyni vəziyyətdə idi. Arabir cırcıramaların səsi sakitliyi pozurdu, lap o uzaq, xoş­bəxt, qayğısız uşaqlıqda olduğu kimi…

“Bircə kəndimizi, evimizi görsəy­dim…” deyən, həsrəti çəkənlərə bir­cə sözüm var. Mən də çox ah-zarını çəkdim, getdim ki, görüm. Kənddən, yurddan, evdən nə qalmışdısa, gör­düm. Amma o kəndimizi, evimizi gör­mədim…

O kənd, o yurd, o evlər bizdən qo­parılıb, qoparılmış uşaqlığımız, gənc­liyimizlə birgə çox uzaqlarda bir işıq zərrəsi kimi öləziyib və sönüb…

Daha gözəl kənd, daha gözəl evlər tikiləcək, gedəcəyik, görəcəyik, yaşa­yacağıq… amma o bizdən qoparılanı heç nə və heç kim qaytara bilməyə­cək…

Artıq həsrətə də son qoyuldu. 28 il müddətində aparılan danışıqlar nə­ticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüv­vələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu. Haqq-ədalət öz yerini tapdı. Tezliklə cəbrayıllılar öz doğma yurduna qayıdacaq, rifah içində yaşayacaqlar. O gün isə yaxındadır. 

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat