Gəncənin nümayəndə heyəti Tacikistanın Xücənd şəhərində keçirilmiş “Suqd-2023” IX Beynəlxalq Ticarət Sərgisindən qayıdıb.
Bu ilki sərgidə Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Çin, Belarus və digər ölkələrlə yanaşı, Azərbaycan Respublikasının Gəncə şəhərindən olan nümayəndə heyəti də iştirak edib.
Suqd vilayətinin rəhbəri Rəcəbboy Əhmədzodə Azərbaycannın Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərovla, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə və “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədovla görüşüb. Görüşdə iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin, bildirilib ki, Gəncə ilə Xücənd qardaşlaşmış şəhərlərdir və bu iki şəhər arasında əməkdaşlığın daha da genişləndirilməsi gözlənilir.
“Suqd-2023” IX Beynəlxalq Ticarət Sərgisinin açılış mərasimində sahibkarlar öz məhsullarını satışa çıxarıblar. Tədbir çərçivəsində Gəncə şəhərindən olan nümayəndə heyəti Suqd Azad İqtisadi Zonasında fəaliyyət göstərən mebel fabrikini ziyarət edib. Daha sonra sözügedən fabriklə “Zəfəroğlu mebel” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd beynəlxalq ticarətin dəstəklənməsi, regionun ixrac potensialının artırılması, xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması, yeni texnologiyaların tətbiqidir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri