Azərbaycanlı media təmsilçilərinin silahla hədələnmələrinə sözardı
Fransada xidməti vəzifəsini yerinə yetirən azərbaycanlı media təmsilçiləri təzyiqə məruz qalıblar. Söhbət Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının zorakı rəftarla üzləşmələrindən gedir. Yüngül xəsarətlə ötüşən media təmsilçilərimizin çəkiliş kameraları əllərindən alınıb, onu geri qaytarmaq cəhdləri isə uğursuzluqla nəticələnib. Hələ jurnalistlərimizin üzərinə silah da çəkilib, onlar ölümlə hədələniblər.
Göründüyü kimi, baş vermiş hadisə həqiqətən də utanc doğurmaqdadır. Ancaq təəssüf ki, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrdə insan hüquq və azadlıqlarının vacib tərkib hissəsi sayılan media azadlıqlarının qorunması sahəsində fəaliyyət göstərdiyini bəyan edən qurum və birliklər məsələyə etinasız yanaşmaqdadırlar. Əslində, ümumən beynəlxalq qurumların Fransada baş verən haqsızlıqlara biganə yanaşmaları müşahidə edilməkdədir.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Mətbuat Şurası hadisəni pisləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının Fransada hücuma məruz qalmaları söz və ifadə azadlığına dözülməz münasibətin nəticəsidir: “Azərbaycan Mətbuat Şurası məlum insidenti qətiyyətlə pisləyir. Qurum Fransa hakimiyyətini azərbaycanlı jurnalistlərin qanuni peşə borclarını yerinə yetirmələrinə aşkar müdaxilə faktına hüquqi qiymət verməyə, günahlarların tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri addımlar atmağa çağırır. Şura, həmçinin, Avropada və dünyada söz və ifadə azadlığının, media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış aparıcı təşkilatları da məsələni diqqətdə saxlamağa, həmrəylik nümayiş etdirməyə çağırır”.
Bu yerdə Azərbaycanın media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirməlırindəki qanunauyğunluğa diqqət yetirək. Məlum olduğu kimi, Fransada, necə deyərlər, aləm bir-birinə dəyib. Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən soyuqqanlılıqla qətlə yetirilməsi ölkədə kütləvi etirazlar doğurub. Daha doğrusu, onsuz da Fransanı aylardan bəridir ağuşuna almış iğtişaşlar dalğası yeni vüsət alıb. Motiv irqi ayreseçkilikdir. Bu mənada ölkəmizin jurnalistlərinin həmin hadisələrə diqqət yetirmələri ictimai əhəmiyyət daşımaqdadır. Nəhayət, irqi ayrıseçkiliyin bütün növlərinin aradan qaldırılmasına yönələn fəaliyyət bütövlükdə dünyanı qayğılandıran məsələdir.
Əlbəttə, AZTV-nin əməkdaşlarının yerində başqa ölkənin kütləvi informasiya vasitələrinin də təmsilçiləri ola bilərdi. Məsələ hüquq-mühafizə orqanlarının azad sözə basqısıdır. Bu basqı da Fransadakı iğtişaşlar kimi, ilk dəfə deyil ki, baş verir. Maraqlıdır ki, belə neqativ təmayüllərə qarşı ölkə hakiyyəti tədbir görmür. Beynəlxalq təşkilatların da susqunluğu fonunda polisin daha da azğınlaşdığı göz qabağındadır. Polis üçün əndazəni aşma, “ayı xidməti”nə üstünlük vermə adi hal alıb. 17 yaşlı əlcəzairli yeniyetmənin qətlini başqa cür qiymətləndirmək mümkün deyil. Eləcə də azərbaycanlı media təmsilçilərinə münasibətdəki nalayiq rəftara hansısa fərqli ad tapmaq yerinə düşmür.
Bəli, Fransada bəşəri dəyərlərə təcavüz edilməkdədir. Ölkədə hazırda baş verənlər onu göstərir ki, Prezident Emmanuel Makron administrasiyası var gücü ilə həmin dəyərləri heçə sayır. Ümumən, nəzərə alaq ki, təsir əks təsirə bərabərdir. Bu yerdə İtaliyanın xanım baş naziri Corca Meloninin aylar öncə Makronun timsalında Fransa hakimiyyətini sərt tənqidə məruz qoyan fikirlərinə diqqət yetirək. C.Meloni bildirmişdi ki, Fransanın Afrika ölkələrində apardığı müstəmləkəçi siyasət nəticəsində qitə əhalisi Avropaya axın etməkdədir.
Təsəvvür edir ki, yüksək enerji ehtiyatlarına malik Nigerin 90 faizi işıqsızdır və bunu edən ölkənin zəngin təbii ehtiyatlarının sümürməkdə ad çıxarmış Fransadır. Deməli, adi yaşayış imkanlarından məhrum insanların daha yaxşı ömür sürmək üçün başqa yerlərə axınında məntiq var. C.Meloni məhz bu məntiqin yaranması üçün Makronu tənqid atəşinə tutmuşdu. İndi isə belə görünür, Fransa hakimiyyəti həmin gəlmələrin həyatlarına qəsd törətməklə məşğuldur. 17 yaşlı əlcəzairli yeniyetmənin qətlə yetirilməsi də bunun göstəricisidir.
Onu da vurğulayaq ki, hazırda Fransada baş verənlər dövlət hakimiyyətinin deqredasiyaya uğramasının acı nəticələridir. Hadisələr yalnız etiraz deyil, eyni zamanda kütləvi itaətkarsızlıqdır. Proses idarəolunmaz şəkil alıb. Ölkə bütün mütərəqqi dəyər və prinsiplərə aşkar etinasızlığın, belə demək mümkünsə, təntənə meydanı kimi diqqət mərkəzinə gəlməkdədir. Bu mənada da Azərbaycan jurnalistlərinin Fransada baş verənləri nəzər saxlamalarında məntiqi qanunauyğunluq var. Təəssüf ki, bu qanunauyğunluğa qarşı zor tətbiq edilməkdədir. Belə düşünməyə əsas mövcuddur ki, ölkədə bütövlükdə jurnalist fəaliyyətinə, söz və ifadə azadlığına son dərəcə böyük basqı mühiti hökm sürməkdədir. Bununla bağlı beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin susqunluq nümayişi isə ikili standartdır, heç şübhəsiz, riyakarlıqdır.
Yekunda belə nəticəyə gəlmək olar ki, dünyanın və Avropanın özünü mütərəqqi adlandıran institutları Fransada Napoleondan sonra ilk dəfə bir diktarura quruluşunun yaranmasına göz yumurlar. Söhbət Makron diktaturasından gedir. Deməli, onların diktaturanın təbiətindən irəli gələn xüsusiyyətlərə - söz azadlığının boğulmasına da münasibətləri loyal olaraq qalacaqdır. Necə ki, 17 yaşlı əlcəzarili yeniyetmənin qətlinə loyal münasibət var. Belədə ümid Fransa xalqına qalır. Xalq özündə cəsarət taparaq, qəddar Makron rejimini hakimiyyətdən uzaqlaşdırmalıdır.
Ə.RÜSTƏMOV,
“Xalq qəzeti”