Şəhid ailələrinin üzvləri və müharibə veteranları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

post-img

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” və 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də şəhid ailələri üzvlərinin və müharibə veteranlarının Heydər Əliyev Mərkəzinə ziyarətini təşkil edib.

AZƏRTAC xəbər verir ki, qonaqlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərə aid unikal eksponatlarla yaxından tanış olublar. Müasir Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən muzeydəki eksponatlar ziyarətçilərdə dərin təəssürat yaradıb.

Ziyarətçilər “Azərbaycan inciləri”, “Mini Azərbaycan” sərgiləri ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgilərdə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur.

Şəhid ailələri və müharibə veteranları Ulu Öndərin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünə qovuşması olduğunu xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsini yad edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ölkənin qalib vətəndaşı olmağın qürurunu yaşamaqdan şərəf duyduqlarını bildiriblər.

Ziyarətdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin üzvləri, digər QHT təmsilçiləri də iştirak ediblər.

Sonda şəhid və qazi övladlarına xatirə hədiyyələri təqdim olunub.









Sosial həyat