“Heydər Əliyev və Azərbaycan elmi”

post-img

Naxçıvan Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi konfrans keçirilib. Məclisi giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. 

Konfransda bildirilib ki, elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirən ulu öndərAzərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməyib, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış edib. Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Diqqətə çatdırılıb ki, elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Azərbaycan Dövlət Pedaqoji  Universitetinin prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov  Azərbaycanda elmin inkişafında, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında və attestasiyasında, respublikamızın intellektual potensialının formalaşması və gücləndirilməsində, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiq imkanlarının genişləndirilməsində, demokratik dövlətçiliyimizin və  azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində, güclü iqtisadiyyatımızın qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Natiqlər qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə elm sahəsi yüksək intensiv inkişaf edib, respublikamızda güclü kadr potensialı formalaşıb. Ümummilli lider ölkədə elmin və texnikanın inkişafına hərtərəfli diqqət və qayğı göstərib və bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə birgə elmi tədqiqatlar aparmaq, layihələr həyata keçirmək, elmi-tədqiqat məlumatlarının və texniki materialların mübadiləsini həyata keçirməklə bərabər, akademik heyətin mübadiləsini təşkil etmək, birgə elmi yığıncaqlar təşkil etmək, ortaq innovativ layihələr hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri öz əksini tapıb. 

“Xalq qəzeti”

 

 

Sosial həyat