Texnologiya Universitetində “Açıq qapı” günü

post-img

         Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər və media nümayəndələri iştirak ediblər.

 Tədris şöbəsinin müdiri Raqif Hüseynov bildirib ki, 800-ə yaxın tələbə test və yazılı qaydada imtahanlarda iştirak edir. Sonuncu kursların Yekun Dövlət Attestasiya İmtahanı dünəndən başlayıb, 3 gün ərzində davam edəcək, bu imtahanların da nəzarət altında obyektiv keçirilməsinə səy göstərilir. 

O əlavə edib ki, imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. İmtahan nəticələri kənar şəxslərin girişinin qadağan olunduğu kodlaşdırma otağında yoxlanılır və həmin gün də tələbələrə elan edilir.

         Valideynlər şifahi məlumatlar aldıqdan sonra imtahan zallarını gəzib, prosesi yaxından izləyiblər. Burada İmtahan Komissiyasının sədri İlhamə Quliyeva və Apellyasiya Komissiyasının sədri Eldəniz Bayramovla həmsöhbət olublar. Onlar baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.

         Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına iyunun 2-də start verilib. Proses iyulun 5-dək dək davam edəcək.

 

               Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, 

Gəncə

 











Sosial həyat