Coratda təmizlik aksiyası

post-img

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə dünən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib. Tədbirə 100-dən çox könüllü gənc qoşulub.

Corat çimərliyində keçirilən təmizlik aksiyasının əsas məqsədi dəniz sahillə­rində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullan­tıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dənizətrafı mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazi­matlarla təchiz olunmuş aksiya iştirak­çıları çimərlikdə tullantıları çeşidləyərək toplayıblar. Bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azər­baycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mü­hafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Bununla yanaşı, Leyla Əliye­vanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənib və abadlaşdırı­lıb, paytaxtımızın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində pulsuz ictimai çimərliklər yaradılıb. 

IDEA İctimai Birliyi bir daha hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır. 

“Xalq qəzeti”

Sosial həyat