Goranboyun zəhmət və bolluq mövsümü

post-img

Goranboy rayonunda iqtisadiy­yatın əsasını kənd təsərrüfatı təş­kil edir və bu sahədə bitkiçilik və heyvandarlıq sektorunun inkişafı diqqət çəkir. Rayonda cari təsər­rüfat ilində 23 min 650 hektarda taxıl bitkisi, o cümlədən 15 min 269 hektarda arpa və 8 min 381 hektarda buğda, 1970 hektarda günəbaxan, 417 hektarda dənlik qarğıdalı əkilmişdir. 

Bu il rayonun Zeyvə, Şəfəq, Qarqu­caq, Qaraçinar və Yenikənd kəndlərində, ümumilikdə, 8 hektarda tütün əkilmişdir. Hazırda rayonda taxıl biçininə başlanıl­mış və bugünədək 1109 hektarda arpa biçini aparılmışdır. Mütəxəssislər deyirlər ki, cari ildə yüksək nəticə əldə olunacağı gözlənilir. Yaş barama qurdunun qəbul məntəqələrinə təhvil verilməsi prosesi də davam etdirilir və indiyədək 3982 kiloq­ram məhsul təhvil verilmişdir. 

Pambıq emalı müəssisələri arasında müqavilələrin bağlanmasında cari ildə ciddi və əsaslı problemlər yaranmışdır. Bu isə ötən illə müqayisədə pambıq əkini sahələrinin xeyli azalmasına səbəb ol­muşdur. Bu məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı Məhərrəm Qu­liyevin rəhbərliyi ilə “Goranboy rayonu üzrə 2023-cü ilin pambıq əkini ilə bağlı istehsalçılar və emal müəssisələri ara­sında bağlanmış müqavilələr və torpaq sahələrinin şumlanması vəziyyəti” barə­də operativ müşavirə keçirilmişdir. Müşa­virədə pambıqçılığın inkişafında mövcud vəziyyət əsaslı təhlil və müzakirə edilmiş, məsul şəxslərə müvafiq tapşırıqlar və tövsiyələr verilmişdir. 

Qeyd etmək lazımdır ki, bütün bun­larla yanaşı, yüksək məhsuldarlıq əldə etmək üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq olunmalıdır. Bundan başqa, aqro­texniki tədbirlərin vaxtında və düzgün ye­rinə yetirilməsi, torpaq sahələrinin aqro­kimyəvi analizinin aparılması, mineral gübrələrdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirləri­nin vaxtında görülməsi də vacib məsələ­dir. 

Yeri gəlmişkən, Goranboyda pam­bıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC məşğuldur. Ötən il 2526 hektar sahədən 6 min 800 ton pambıq yığılıb təhvil verilmişdir. Bu il isə 1540 hektarda səpin aparılmışdır. 

Rayonda yaz-yay tarla işlərini yüksək səviyyədə başa vurmaq üçün kifayət qə­dər texnika var. 2023-cü ilin müvafiq döv­rü ərzində 70 ədəd texnika qeydiyyatdan, 681 ədəd texnika texniki baxışdan keçiril­miş, 287 nəfərə yeni sürücülük vəsiqəsi verilmiş, 43 nəfərin sürücülük vəsiqəsinə yeni kateqoriya əlavə edilmiş və 151 nəfərin sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenisi ilə əvəzlənmişdir. 

Rayonda mövcud əkin sahələrinin suvarılması üçün Suvarma Sistemləri İdarəsinin balansında olan 958 ədəd subartezian quyusundan, mənbəyini Yuxarı Qarabağ kanalından götürən Borsunlu, Səfikürd, Boluslu və Qızılhacılı nasos stansiyalarından, “Şəmkir maşın” və “Sol sahil” Tərtər kanallarından, təbii su mən­bələri olan Kürəkçay, Qara-Goran və İn­cəçay çaylarından isdifadə edilir. Dövlət başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində cari ildə 31subartezian quyusunun qazılması və 16-nın bərpası nəzərdə tutulmuşdur. 

Rayonda əkin sahələrinin suvarılma­sı işinin təşkili və mövcud su ehtiyatların­dan səmərəli istifadənin təmin edilməsi daim nəzarətdə saxlanılır. Bu məqsədlə RİH yanında yaradılmış mobil qruplar tərəfindən yerlərdə mütəmadi tədbirlər həyata keçirilir.

H.ZEYNALOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri



Sosial həyat