Muxtar respublikada mütərəqqi kənd təsərrüfatı təcrübələri tətbiq olunacaq

post-img

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişaf etdirilməli sahələri müəyyənləşdiriləcək, həmin sahələr üzrə ehtiyacların diaqnostikası aparılacaq və diaqnostika əsasında dəstək tədbirləri müəyyənləşdiriləcək, bitkiçilik, bağçılıq, bostançılıq, heyvandarlıq, arıçılıq sahələrinin inkişaf etdirilməsi, üzümçülük ənənələri nəzərə alınmaqla üzümçülük və şərabçılıq istiqamətində tədbirlər həyata keçiriləcək, mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi yolu ilə bu sahələrdə məhsul istehsalının artımına nail olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.

Həmçinin bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsulları müəyyənləşdiriləcək, onların brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi diqqətdə saxlanılacaq, kənd təsərrüfatı məhsullarının emalı, o cümlədən meyvə qurularının istehsalı sahəsi dəstəklənəcək və ixrac imkanları genişləndiriləcək.

Bununla yanaşı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq, kənd təsərrüfatının istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sosial həyat