Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının məqsədi muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsini və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında bildirilir ki, bu məqsədə nail olmaq üçün 2023–2027-ci illər üçün 11 prioritet istiqamət müəyyən olunub və Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit imkanlarından səmərəli istifadə etməklə mövcud çatışmazlıqların aradan qaldırılması və iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər sözügedən prioritet istiqamətlər nəzərə alınmaqla gerçəkləşdiriləcək.
Proqramda prioritet istiqamətlərdən biri əlverişli biznes mühitinin yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcək. Burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcək.
Həmçinin hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafına nail olunacaq. Bundan başqa, sosial sığorta ödənişlərinin tam və ya qismən dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdən keçiriləcək.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görüləcək.
Ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikasında da filiallarının açılması ilə əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışı asanlaşacaq, əhalinin və sahibkarların sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığının inkişafı məqsədilə müvafiq tədbirlər görüləcək, sahibkarlığın inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri həyata keçiriləcək.
Eyni zamanda, sahibkarlıq subyektlərinə göstərilən xidmətlər vahid yanaşmada və mərkəzləşdirilmiş qaydada təşkil ediləcək, gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.