Tbilisidə Ümummilli liderə həsr olunmuş konsert

post-img

Dünən Tbilisi Dövlət Opera və Balet Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert keçirilib.

Konsert Heydər Əliyev Fon­dunun, Azərbaycan Respublika­sının Kiçik və Orta Biznesin İnki­şafı Agentliyinin, “Paşa Bank”ın Gürcüstan filialının, SOCAR-ın Kulevi Terminalının, “Dapna” və “AS Georgia” şirkətlərinin, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi və ölkəmizin Gürcüstan­dakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Səfir Faiq Quliyev Azərbay­can ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin tarixin­dən söz açıb, ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticə­sində ikitərəfli münasibətlərin yeni müstəvidə daha da inkişaf edərək möhkəmləndiyini bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxı­şında ölkələrimiz arasındakı əməkdaşlığın hazırkı səviyyəyə yüksəlməsində Heydər Əliyevin uzaqgörən siyasətinin önəmini vurğulayıb. 

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili çıxışında Ulu öndərin 100 illiyinə həsr olunmuş kon­sertdə iştirak etməkdən böyük qürur duyduğunu vurğulayıb.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun bey­nəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış edərək, Fondun fəaliyyəti barə­də ətraflı məlumat verib. 

Sonra konsertdə Tbilisi Dövlət Opera və Balet Teatrının orkestri Azərbaycanın Xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə çıxış edib. Orkestr əvvəlcə Niya­zinin və Fikrət Əmirovun bəstələ­rini məharətlə ifa edib.

Tanınmış gürcü opera müğənnisi Tamuna Çeqana­ta, pianoçu Elisa Volkvadze, Azərbaycanın tanınmış mədə­niyyət ustaları Elvina Həsəno­va, Xalq artisti Samir Cəfərov, kamança ustası Elnur Mikayı­lov, muğam ifaçıları Mirələm Mirələmov, Kamilə Nəbiyeva Azərbaycan bəstəkarlarının mahnı və bəstələrini ifa ediblər.

Xatırladırıq ki, konsertə gələn qonaqlara Heydər Əliyev Fondunun nəşr etdirdiyi “Heydər Əliyev 100: firavanlığın memarı” kitabı təqdim olunub.

Binanın ikinci mərtəbəsində­ki sərgi salonunda isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, o cümlədən Gürcüstana səfərlərini və keçir­diyi tarixi görüşləri əks etdirən fotosərgi açılıb.



Sosial həyat