Tacikistanın aparıcı xəbər agentliklərindən biri olan “Аvesta.tj” Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konseptual məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, “Əliyev gəldi, gördü, qələbə qazandı!” sərlövhəli məqalədə “Əliyev fenomeni”nin ideya-siyasi təşəkkülünün mənbələri Azərbaycan tarixində sosial-siyasi hadisə kimi təhlil olunur, yeni Azərbaycan dövlətçiliyinin mövcudluğu uğrunda mübarizəni nəinki qabaqcadan müəyyən edən, həm də yeni geosiyasi mərhələdə respublikanın tarixi qələbələrini təmin edən Ulu Öndərin parlaq və dolğun həyat yolundan söhbət açılır.
Müəllif yazır ki, iki dövrün gərgin qovuşuğunda bu gözəl insan gələcəyə, siyasi müstəqilliyə, etibarlı müdafiə qabiliyyətinə və iqtisadi tərəqqiyə strateji körpü qurmaqdan ötrü tarixin həmin dönüş məqamında onu dağılmaqdan qoruyaraq və dövlət idarəçiliyinin yükünü öz üzərinə götürərək, suveren Azərbaycan Respublikasının təməlini qoya bildi.
“Heydər Əliyev öz həyatı və fəaliyyəti ilə haqlı olaraq Azərbaycanın Ümummilli Lideri adını qazanıb. O, eləcə də siyasi liderliyin sirlərinin öyrənilməsi ilə məşğul olan elmi əsərlərin müəlliflərinin etirafına görə, XX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərinin dövlət xadimlərindən biridir. Fransa Prezidenti Jak Şirak Heydər Əliyevin fövqəladə uzaqgörənliyindən, onun siyasi iradəsi və zəngin dövlət idarəçiliyi təcrübəsindən danışırdı, ABŞ Prezidenti Corc Buş (ata) onun cəsarətinə, geniş dünyagörünüşünə və nadir natiqlik məharətinə valeh idi, Türkiyənin Baş naziri Süleyman Dəmirəl Heydər Əlirza oğlunu “bütün Türk dünyasının qüdrətli lideri” adlandırırdı, SSRİ-nin sabiq xarici işlər naziri və Gürcüstan Prezidenti Eduard Şevardnadze Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyevin müstəsna rolundan dəfələrlə söhbət açırdı”, - deyə məqalədə qeyd olunur.
E.Əzizov yazır ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə heç kim qondarma “Qarabağ xəritəsi”ni istifadə etməyə cəsarət etmirdi. Müəllif Ulu Öndərin bununla bağlı xatirələrini misal çəkir: “Mənim respublikada işlədiyim dövrdə Dağlıq Qarabağda vəziyyət sabit idi, Azərbaycanın tərkibindən çıxmaq barədə Azərbaycan Respublikasının Mərkəzi Komitəsinə Dağlıq Qarabağ sakinlərinin yazılı və ya şifahi müraciətləri daxil olmayıb. Heç vaxt. Nə respublikadaxili, nə də respublikalararası münaqişə olmayıb”.
“Əsrin müqaviləsi”nə toxunan müəllif izah edir ki, bu sənəd ölkənin həm iqtisadi, eləcə də siyasi təhlükəsizliyində təməl daşına çevrildi: “Bununla bağlı Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müsahibəsi yadıma düşür. O, 1996-cı ildə Lissabonda, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı sammitdə Heydər Əliyevin onu necə “ötüb keçməsini” xatırladırdı. Ermənistanın sabiq prezidentinin sözlərinə görə, Azərbaycana sərmayə yatıran Texasın neft lobbisi Prezident Klintonun Administrasiyasına güclü təsir edirdi ki, əsasən Ermənistanın maraqlarına lobbiçilik edən ATƏT-in üzv ölkələrinə Ağ ev də öz təsirini göstərsin. Əliyevin “Əsrin müqaviləsi” ideyasının dərindən düşünülməsinin təsdiqi Ermənistan baş naziri Nikol Paşinyanın İkinci Qarabağ müharibəsinin gedişatında “İskəndər” raketləri ilə Bakının boru kəmərlərinə və neft emal edən müəssisələrinə niyə hücum etməməsi barədə suala cavabı olub: “Mən yalnız Azərbaycana hücum edə bilərdim, Qərbin investisiyalarına deyil...”.
E.Əzizov sonda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsindən və torpaqlarının işğaldan azad olunmasından yazır: “Azərbaycan xalqı və ordusu bu böyük Qələbəni Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin – dövlətimizin görkəmli liderinin və öz atasının layiqli oğlunun rəhbərliyi ilə əldə edib. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasətini dürüst, ardıcıl davam etdirərək və təkmilləşdirərək Azərbaycan dövlətinin unikal siyasi-iqtisadi modelini yaradıb. Dinamik inkişaf edən Azərbaycan bütün dünyanın gözündə güclü, nüfuzlu ölkənin xüsusiyyətlərinə nail olur. Azərbaycan tarazlaşdırılmış xarici siyasət aparır, Avropadan Asiyaya əsas ticarət yollarının nəqliyyat kəsişməsinə çevrilir, iqtisadiyyatın müasir sahələrinin inkişafını sürətləndirir, işğaldan azad olunmuş əraziləri yenidən tikir və yiyələnir, Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin adını xatirəsində əbədi yaşadacaq xalqımızın tarixi yaddaşını və əsrlər boyu davam edən ənənələrini hər yerdə bərpa edir”.