FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “Açıq qapı” günü keçirib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Yasamal rayon Yanğından Mühafizə Hissəsində “Açıq qapı” günü keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə paytaxtın Yasamal rayonu ərazisində fəaliyyət göstərən XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 1-ci və 2-ci sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər.

Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və rayon yanğından mühafizə hissəsinin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonda məktəblilərin sualları cavablandırılıb.









Sosial həyat