Avstraliyalı tədqiqatçılar yırtıcılardan qorunmaq üçün qarışqaların bütöv bir koloniyasının özlərini ölü kimi göstərdiyini aşkar ediblər. Bu barədə Avstaliyanın heyvanlar haqqında dərc olunan jurnalında məlumat verilib.
Xəbərdə bildirilir ki, Cənubi Avstraliya Universitetinin bir qrup tətqiqatçı alimi Kenquru adasında yarasaların yuvasına baxış keçirərkən özlərini ölü kimi göstərən qarışqa sürüsünə rast gəliblər. Latınca adı “Polyrachis femorata” olan bu qarışqa növü geniş burunlu, tikanlı qarışqa kimi də tanınır. Qrup adıçəkilən qarışqa növünə ilk dəfədir rast gəldiklərini deyir.
Yırtıcılardan qorunma üsulları arasında rəngini dəyişdirən buqələmunlar və ya ölü kimi davranan həşərat və kərtənkələlər var. Lakin bütöv bir heyvan sürüsünün yırtıcılardan qaçmaq üçün özlərini ölülüyə vurması nadir hadisədir. Belə bir hala indiyə qədər heç harada rast gəlinməmişdir.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

