Goranboyda təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır

post-img

Ötən ayın sonuncu günü, aprelin 30 da Goranboy rayonu ərazisində güclü leysan yağışı və dolu nəticəsində çaylarda suyun səviyyəsi artmış, ümumilikdə 3436 təsərrüfatı əhatə edən 1 şəhər, 3 qəsəbə və 8 kəndə, o cümlədən, Börü və Gürzallar kəndlərinin yol infrastrukturuna, Dəliməmmədli şəhəri, Aşağı Ağcakənd, Yuxarı Ağcakənd və Qazanbulaq qəsəbələrində, Borsunlu, Yəhərçi Qazaxlar, Sarov, Veyisli, Sarovlu və Muzdurlar kəndlərində bir neçə fərdi yaşayış evlərinə, iri və xırda buynuzlu mal-qaraya, ev quşlarına və əkin sahələrinə qismən ziyan dəymişdir. Bununla bağlı rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ziyan dəymiş fərdi təsərrüfatlara baş çəkmişlər. İcra hakimiyyətinin başçısı dəymiş ziyanın müəyyən edilməsi və fəsadların aradan qaldırılması ilə bağlı aidiyyəti məsul şəxslərə tapşırıqlar vermişdir. 

Rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakət nəticəsində dəymiş ziyanın öyrənilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Aparılan monitorinqlərin nəticəsində aidiyyəti üzrə yuxarı dövlət qurumlarına rəsmi müraciətlər  ünvanlanmışdır.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri 

Sosial həyat