Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə qanvermə aksiyası

post-img

Bu il aprelin 28-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təşəbbüsü, Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mərkəzi Qan Bankının Gəncə bölməsinin ezam olunmuş tibb briqadasının həkim-hemotoloqlarının iştirakı ilə “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə “Qan ver, həyat qurtar" devizi altında qanvermə aksiyası keçirilib. 

Aksiyada Xocalı rayon ictimaiyyətinin nümayəndələri və könüllülər fəal iştirak ediblər. Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Qeyd edək ki, tədarük olunan qan və ondan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Qalib BƏYMƏMMƏDOĞLU,
“Xalq qəzeti” 

Sosial həyat