Milli istiqlalın “Bəxtiyar harayı”

post-img

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının azsaylı istiqlal şairlərindəndir. O, sözün əsl mənasında, istiqlalçı, mücahid şairdir. Təkcə “Gülüstan” poemasının adını çəkmək bəs edər ki, Bəxtiyar Vahabzadə dönməz istiqlalçı sayılsın. Üstəlik, şairin milli varlığımızın qorunmasına və yaşadılmasına poetik çağırış olan çoxsaylı əsərləri bu həqiqəti qəti olaraq təsdiqləyir.

Başqa bir istiqlalçı şairimiz Məmməd Araz isə Qarabağın bəlalı günlərində “Nə yatmısan qoca vulkan, səninləyəm!” harayını “Bu, Şəhriyar ha­rayıdır, Bu, Bəxtiyar harayıdır!”– deyə mənalan­dırmışdı. Qardaş Türkiyənin görkəmli siyasət və dövlət xadimi, keçmiş baş nazir və prezident Sü­leyman Dəmirəl də Bəxtiyarı, ilk növbədə, istiq­lalçılığına görə XX əsrin sonu– XXI əsrin əvvəl­lərində “Türk dünyasının ən böyük yaşayan şairi” adlandırmışdı.

Hələ sovetlər dövründə Azərbaycanın ikiyə bölünməsinin səbəbkarları olan, Azərbaycan xalqının azadlıq mübarizəsini qırğınlarla və xə­yanətlərlə boğan rus və fars siyasətinə etirazın ifadəsi kimi yazdığı “Gülüstan” poemasına görə başı bəlalar çəkmişdi. Bu əsər həm də onu mərd, mübariz şair kimi xalqı arasında böyük hörmətə mindirmişdi. Buna görə Bəxtiyar haqqında danı­şanda həmişə onu “Azadlıq aşiqi, Vətənin səsi” kimi təqdim edirik. 

Nə qədər ki, xalqımız taleyini bütövləşdirmə­yib, Bəxtiyarın istiqlal poeziyası milli haray zəngi kimi susmayacaq. Sonrakı dövrdə isə bu poeziya azadlıq və birlik mübarizəsinin bədii salnaməsi kimi tarixə şahidlik edəcək. Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev bu mübarizə­nin indiki mərhələsini bütün dünyaya belə açıqla­dı: “Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükə­sizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələri­mizi, mədəniyyətimizi qoruyub saxlamaları, azər­baycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik!”. 

Belə bir mübarizə mərhələsində Bəxtiya­rın istiqlal poeziyası mübarizliyi və döyüşkənliyi ilə ictimai-siyasi düşüncədə yenidən aktuallaşır. Azərbaycan xalqının milli oyanışı, istiqlalı və türk birliyi məsələsi onun əsərlərinin başlıca qayəsidir. Azərbaycan xalqının milli və siyasi taleyi, suve­renliyi, birliyi və s. kimi motivlər şairin yaradıcılıq amalı və sənət taleyi olmuşdur. Bəli, Bəxtiyar Va­habzadənin bir şair və vətəndaş olaraq qayəsi öz Vətənini bütöv, ölkəsini müstəqil, xalqını isə azad görmək olmuşdur. Onun əsərləri ikiyə bölünmüş, haqqı tapdanmış Azərbaycan xalqının istiqlalının poetik ruporudur.

Bəxtiyar Vahabzadənin Azərbaycanın milli və ərazi birliyi mövzusunda qələmə aldığı “Gülüstan” poeması şairin ən dəyərli və oxunaqlı əsərlərin­dən biri olaraq Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Poema Azərbaycanın Güney və Quzey olaraq ikiyə bölünməsinə səbəb olan “Gülüstan” müqaviləsinə həsr olunmuşdur: 

Bir qələm əsrlik hicran yaratdı

Bir xalqı yarıya böldü qılınctək.

Öz sivri ucuyla bu lələk qələm

Dəldi sinəsini Azərbaycanın.

Şair “İstiqlal” və “Şəhidlər” əsərlərini də Azər­baycan xalqının müstəqillik uğrunda mübarizə­sinə həsr etmişdir. “Dar ağacı”, “Özümüzü kəsən qılınc”, “Fəryad”, “Atamın kitabı” kimi digər əsər­lərində xalqın istiqlalına maneə olan problemlər, daxili və xarici düşmənlərin mənfur əməlləri əks etdirilmişdir. Şair özü “İstiqlal” poemasının “Gü­lüstan”ın davamı olduğunu qeyd etmişdir:

Məndən rica etdi bir vətənsevər

Yazım davamını mən “Gülüstan”ın...

“Şəhidlər” nəticə, “Gülüstan” təməl.

Azadlıq verilməz, bilək bir kərə...

Beləliklə, “Gülüstan” əsərində şairin qaldırdığı ayrılıq fəryadı və parçalanma dərdi “İstiqlal” əsə­rində istiqlaliyyətin alınması coşqusu ilə əvəzlənir. Azərbaycan xalqının milli müstəqilliyi və istiqlaliy­yəti mövzusunda yazılmış “Şəhidlər” poeması bu silsilədə məfkurəvi siqləti və tarixi önəmi ilə seçilir:

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər. 

Bəxtiyar Vahabzadənin əsərlərinin bir çoxun­da Azərbaycan–türk milli xarakteri, düşüncəsi başlıca yer tutur. Şairin “Azərbaycan oğluyam” şeirində Azərbaycan türkünün qürurverici tarixi, fəxarət dolu keçmişi başlıca mövzudur. “Anam torpaq, Atam od, Od kimi istiqanlı, Seltək dəliqan­lıyam”, – deyən şair Azərbaycan milli xarakterini yüksək bədiiliklə təqdim etmişdir. Uzun zamanlar Azərbaycan dövlətinin paytaxtı olmuş Təbriz və Bakı şəhərlərini şair milli inancının Məkkəsi və Mədinəsi elan edir:

Həm Təbriz, həm Bakıdır

Məkkəm, Mədinəm mənim. 

Bəxtiyar Vahabzadənin düşündürücü sualları, sanki, tarixin ədalətsiz hökmünə qarşı üsyan edir, xalqını birlik, bütövlük uğruna mücadiləyə çağırır:

Vətənimiz bir bizim,

Dünənimiz bir bizim...

Bizim talelərimiz

Bəs neçün başqa-başqa? 

Şair nə yazırsa yazsın, Azərbaycanın istiqlalı və türk milli birliyi həmişə onu bütün varlığı ilə dü­şündürmüşdür. “Vətəndən vətənə”, “Azərbaycan oğluyam”, “Mənim şeirim”, “Şair-vətən”, “Əgər qorunmazsa istiqlalımız” və başqa şeirlərində də bəhs edilən mövzu əhəmiyyətli yer tutmaqdadır: 

Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,

Mən isə...Vətəndən Vətənə baxıram.

Şair “Anamın kitabı” əsərində Azərbaycan türklərini yüz illərcə bölüb, başqa mənəviyyata, başqa qanunlara, başqa ideologiyaya yönəldilmə­sindən söz açmışdır. Onun “Ana dili” və “Anamın kitabı” kimi əsərlərində də milli dil və heysiyyət məsələlərinə toxunulmuşdur. Bu mövzu şairin “Ana dili” adlı şeirinin əsas mövzusudur:

Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır

Bu dil – bir-birimizlə əhdi-peymanımızdır.

Göründüyü kimi, istiqlal şairi Azərbaycan dilini milli-ictimai varlığın daşıyıcısı, birləşdirici dəyəri kimi səciyyələndirir. Bəxtiyarın “Muğam”, “Özü­müzü kəsən qılınc”, “Dar ağacı” kimi əsərlərində də azərbaycanlıların milli dəyərləri, müstəqilliyi, istiqlalı və başqa bu kimi motivlər əhəmiyyətli yer tutur. 

Bəxtiyar Vahabzadənin bütün əsərləri həm Azərbaycanın, həm türk dünyasının milli birliyi və istiqlalı motivlərilə zəngindir. Şairin “Bütün millət dönməliykən yumruğa, Türkün türklə ədavətə haqqı yox” misrası türk dünyası birliyinə uğur­la xidmət edən böyük Mustafa Kamal Atatürkün “Türkün türkdən başqa dostu yoxdur” və Azərbay­can xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kimi siyasi aforizmlərinin po­etik davamı olaraq səslənir. 

 

Ramiz QASIMOV,
filologiya üzrə fəlsəfə doktoru

Sosial həyat