Ana dilimiz Güneydə milli varlığımızın mənəvi qalasıdır

post-img

Azərbaycan dili qədim kökləri, zəngin söz ehtiyatı olan, 50 milyon insanın əsas ünsiyyət vasitəsi sayılan, qonşu ölkələrdə də başa düşülən və işlədilən həmişəyaşar bir dildir. O, bizim üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də ən üstün milli-mənəvi dəyərdir. Ana dilimiz bütün dünya azərbaycanlıları arasında körpü yaradan bir vasitədir. 

Bu dildə yaranan qədim və müa­sir sənətkarlıq nümunələri onun bütün dövrlərdə nə qədər geniş ifadə imkan­larına malik olduğunu göstərir. Bu dil­də xalqımızın qəhrəmanlıq tarixi, mü­barizələrlə dolu keçmişi, əzmi, zəfəri yaşayır. Azərbaycan dili milli dövlətçi­lik tariximizin bütün dövrlərində diqqət mərkəzində olmuş, onun dövlət dili səviyyəsinə yüksəlməsi üçün gərgin mübarizələr aparılıb. “Azərbaycan dili” ifadəsi ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səs­ləyən mənəvi xəzinədir. 

Ana dilimiz həm də bizim kökümüz, milli mədəniyyətimiz, özəl əxlaqımızdır. Elə məhz buna görə də Güney Azərbay­canda ötən əsrdən başlayaraq, soydaş­larımızın öz dillərindən istifadəsi əngəl­lənib, rəsmi səviyyədə qadağan olunub. Bu məsələ bu gün bütöv xalqımızın ən ağrılı yeridir. Güneydə yaşayan əhalinin İran hökuməti tərəfindən sıxışdırılması, milli-mənəvi dəyərlərimizin, adət-ənən­lərimizi unutdurmaq cəhdi İranın dövlət siyasətinin əsas hədəfləri sırasındadır. Bu gün də həmin proses davam etmək­dədir. Hakim fars şovinizmi hesab edir ki, fars dili əsasında təhsil sistemi cox­millətli ölkə olan İranda “vahid İran mil­ləti”nin yaranmasına yardımçı olacaq və fars təfəkkürlü yeni nəsil yetişdirəcəkdir.

Maraqlısı budur ki, İran dövlə­ti, adətən, bu siyasətini mənşəcə öz xalqımıza məxsus insanların əli ilə həyata keçirməyə çalışır. XX əsrin əvvəllərindən başlayaraq İran rejim­ləri ölkədə yaşayan azərbaycanlıların farslarla eyni kökdən olduğunu sübut etməyə çalışır, bunun üçün uydurma, heç bir elmi əsası olmayan iddialar irəli sürür. Güney azərbaycanlıların dil, milli dəyərlər, mədəniyyət fərqləri­nin bu dövlətin varlığına təhdid olacağı qorxusu fars dilini ölkədə zorla yayma­ğa, soydaşlarımıza öz doğma dillərini unutdurmağa xidmət etsə də, onlar buna nail ola bilməmişlər. 

Eyni zamanada Güney Azərbaycan ərazisindəki türk mənşəli coğrafi ad­ların dəyişdirilməsi də İranın milli ma­raqlarına xidmət edib. Uzun bir dövr öz dilində məktəbi olmayan insanların bu dili qoruyub saxlaya bilməsi, doğrudan da möcüzədir. Bütün qadağalara bax­mayaraq, ana dilində yazıb-yaradan güneyli şairlərimizdən Mirzəli Möcüz özünün “Anan təlim edən dildə” şeirin­də dilimizə olan düşmən münasibətdən şikayət edərək yazırdı:

Dünən şeir ilə bir namə apardım şahi-İranə,

Dedi: “Torki nə midanəm, məra to bəççə pəndari?”

(Türkcə bilmirəm, sən məni uşaq sanırsan?)

Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir.

Şah rejimi dövründən İranda ana dilimizə qarşı həyata keçirilən soyqırı­mı, dilin unutdurulması üçün aparılan iş İran dövlətinin gözlədiyi nəticəni ver­mədi. Bunun üçün ana dilində məktəb­lərin bağlanması, milli ədəbiyyata qar­şı təzyiqlər, hətta soydaşlarımıza öz övladlarına türkcə adların qoyulması qadağası da yetərli olmadı. Öz soy-kö­künə, qədim folkloruna, milli dəyərlə­rinə bağlı insanlar doğma dili unutma­dılar. Bütün çətinliklərə baxmayaraq, öz ana dillərindən istifadə etməyə da­vam etdilər. Bu da İran dövlətinin uzun illər yürütdüyü türklərin farslaşdırılması siyasətinin iflasa uğramasına səbəb oldu. 

Güney Azərbaycan tarixində yalnız Rza şah hakimiyyətdən getdikdən son­ra – 1941-ci ildən başlayaraq, Azər­baycan dilinə qarşı münasibətdə nis­bətən yumşalma müşahidə edildi. Bu dövrdə yaranan anadilli mətbuatın da təsiri ilə milli oyanış baş verdi. 1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan Milli Höküməti yaradıldı. Bu hökumət 1946-cı ilin yanvarında Azərbaycan di­lini məmləkətdə rəsmi dövlət dili elan etdi. Lakin İranda şər qüvvələrin fitnəsi ilə 13 dekabr 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdi. Beləliklə, on­ların yeritdiyi dil siyasəti də yarımçıq qaldı. 

Sonrakı dövrlərdə də İran hökuməti dilimizə, ədəbiyyatımıza qarşı çox sərt mövqe tutdu və ana dilinin heç bir sə­viyyədə istifadəsinə imkan vermədi. İran hökumətinin bütün cəhdləri bölgə­də fars dilinin nüfuzunu yüksəltməyə, onun təhsil sistemində möhkəmlən­məsinə və beləliklə də ana dilini unut­durmağa yönəldi. Lakin İran hökuməti buna nail ola bilmədi, xalqın milli dəyəri olan dilini – folklor nümunələrinin ya­randığı, ata-babalarının danışdığı, göz açıb gördükləri, ailələrindən əxz etdik­ləri doğma dilini unutdurmağa müvəf­fəq omadı. 

Güney Azərbaycan əhalisi savad­lılıq dərəcəsinə görə çox geridə qal­dığından fars dilini bilmirdi və bütün qadağalara baxmayaraq, öz dillərində danışırdı. Nəticədə, onların övladları da bu dili öyrənirdilər. Bu da Azərbay­can dilinin unudulmağına mane olurdu. Digər tərəfdən, yaranan milli ədəbiyyat, mətbuat nümunələri dilimizin inkişafına və yayılmasına təkan verirdi. 

Məhəmmədhüseyn Şəhriyarın ana­dilli yaradıcılığı və 1954-cü ildə qələmə aldığı “Heydərbabaya salam” poeması Güneydə milli şüurun oyanmasında, dirçəlməsində xüsusi bir mərhələ oldu. 1960-cı illərdən başlayaraq, burada Azərbaycan dilində əsərlər çap olun­mağa başladı. Onların içərisində ana dilində əsərlər yazan və milliyətçi fikir­ləri ilə tanınan Səməd Behrənginin ya­radıcılığını xüsusi qeyd etmək lazımdır. 

1979-cu ildə İran İslam İnqilabı başa çatdıqdan sonra yenidən milli hüquqlar uğrunda mübarizə başladı. Bu mübarizənin əsas hərəkətverici qüvvələrindən biri də inqilabdan son­ra Quzey Azərbaycandan öz yurduna qayıtmış demokrat ziyalılar idi. Bu za­man referendum yolu ilə qəbul edilmiş konstitusiyada yenə də insanlara milli dildə təhsil hüququ tam verilmədi, yal­nız ana dilinin fars dili ilə yanaşı öyrə­dilməsi nəzərdə tutuldu. Bütün dövlət yazışmaları fars dilində aparıldı. 

Əslində, konstitusiyada öz əksini tapan bu müddəalar yalnız kağız üzə­rində idi. Azərbaycan dilinə yenə də gözlənilən hüquqlar verilmədi və ana dilinin tədrisi mümkün olmadı. Yalnız mətbuatda Azərbaycan dilindən məh­dud istifadə mümkün oldu. İranda uzun illər gedən mübarizələr isə dilimizin buxovlardan azad olması ilə nəticələn­mədi. 

Düzdür, İranda müxtəlif dövrlər­də yaranmış təşkilatlar Azərbaycana muxtariyyət, hətta bəzən müstəqillik, ana dilimizin dövlət dili elan olunması kimi tələblər irəli sürürlər. Lakin ötən dövrlərdə azərbaycanlılar arasında va­hid, güclü təşkilatlanma olmadığı üçün onların dil uğrunda mübarizəsi də tam olaraq öz həllini tapa bilmir. Bütün bun­lara baxmayaraq, ana dilimiz yenə də Güneydə milli varlığımızın mənəvi qa­lasıdır.

 

Nuray ƏLİYEVA,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, dosent

Sosial həyat