Ermənistan Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək – Hərbi ekspert

post-img

Aprelin 11-də Ermənistanın ordumuzun Laçındakı mövqelərini atəşə tutması və nəticədə üç hərbçimizin şəhid olması rəsmi İrəvanın təxribatlardan əl çəkmədiyini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ermənistan hakimiyyətinin bundan öncə səsləndirdiyi əsassız iddialar, sülh müqaviləsinin imzalanmasını süni şəkildə yubatması İrəvanın təxribatlara hazırlaşdığını göstərirdi: “44 günlük Vətən müharibəsi iki ildən çoxdur ki, başa çatsa da, Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir, siyasi müstəvidə təxribatçı bəyanatlarla çıxış edirdi. Aprelin 11-də baş verən silahlı toqquşma göstərdi ki, İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur və Ermənistan postmüharibə dönəminin reallıqlarını bu cür təxribatlarla dəyişməyə çalışır”.

Diqqət çəkən digər bir məqamın ermənilərin hərbi təxribatlarının Avropa İttifaqının missiyasının Ermənistana gəlişindən sonra artmasına diqqət çəkən hərbi ekspert deyib: “Görünən budur ki, Ermənistan Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra cəsarətlənib və bunu öz iddialarını gerçəkləşdirmək üçün fürsət hesab edir. Ancaq Ermənistan bilməlidir ki, kimə güvənməyindən, hansı güclər tərəfindən imayə olunmasına baxmayaraq, heç vaxt öz əsassız iddialarını təmin edə, Azərbaycan qarşısında nə hərbi, nə siyasi, nə də digər müstəvidə üstünlük əldə edə bilməyəcək”.

Polkovnik bildirib ki, Azərbaycan Ordusu şəhid olan hərbçilərinin intiqamını alıb və bundan sonra da bu cür təxribatlara sərt qarşılıq verəcək: “Azərbaycan Ordusu erməni təxribatına layiqli cavab verib, şəhid olan hərbi qulluqçularımızın qisasını alıb. Ermənistanın rəsmi dairələrinin özünün etirafına görə döyüşlərdə 4 erməni məhv edilib, xeyli sayda əsgər yaralanıb. Azərbaycan əsgərləri düşmənin bütün atəş nöqtələrini uğurla susdurub. Bu, dövlətimizin, ordumuzun erməni təxribatlarına qarşı ayıq-sayıq olduğunu, bu cür təxribatların qarşısını qətiyyətlə aldığını göstərir. Allahdan şəhid olan hərbçilərimizə rəhmət diləyir, ordumuza uğurlar arzulayıram. Bütün Azərbaycan xalqı kimi, veteranlar da Azərbaycan Ordusunun yanındadır və bundan sonra da hərbçilərimizin yanında olmaqda davam edəcək”.

Sosial həyat