Şuşa, sən əbədi bizimsən!

post-img

Xocavəndin Yuxarı Güzlək kəndində 7 igid kəşfiyyatçımızın xatirə mərasiminindən sora Şuşaya yola düşdük. Bu qala-şəhərin görüşünə, Qarabağ şəhidlərinin, Vətən uğrunda canından keçən övladların–yenilməz döyüşçülərin qalib ruhlarını ziyarətə gedirik. Yol boyu viran qoyulan kəndlərin, dağıdılan evlərin, qəbiristanlıqların yanından keçdikcə, düşmənin vəhşiliyindən, yağının insan adını necə alçaltdığından bir daha dəhşətə gəldik. 

Avtobusun pəncərəsindən görünən bu acı mənzərə mənə qohumum Vahid Quliyevin neçə illər əvvəl dediyi sözləri xatırlatdı. Əslən şuşalı olan Vahid kişi doğma şəhərə gedən yollar bağlanan­dan sonra dinclik, rahatlıq tapmadı. Biçarə dünyanın ən ağır dərd-kədər yükünü – Vətən həsrətini daşıdı, ölkə­sində Vətən yanğısı ilə yaşadı. Dərdi ovuda-ovuda: “Uğursuz sevgi də, doğ­ma adamların vaxsız-vədəsiz itkisi də, dost xəyanəti də gec-tez vaxtın, zama­nın gücünə təslim olur, unudulur. Tək­cə yurd-yuva, od-ocaq yarası sağalmır, qaysaq bağlamır”, – dedi. 

Bəli, Şuşa 28 il yarım şuşalıların gözlərində dumana-çənə büründü. Bəlkə də bu illərdə övladlarını itirən, yadlara üz göstərməyən Şuşaya yaz-yay da gəlmədi. Sazın-sözün çal-ça­ğırına həsrət qalan Cıdır düzü yağının qudurğan kef məclislərinin məkanına çevrildi...

1992-ci il mayın 8-də bu dağ şəhəri erməni faşizminin caynağına keçdi, yur­dundan qovularaq, kənd-kənd, şəhər-şəhər səpələnən şuşalıların məcburi köçkün həyatı başladı. Düz 28 il yarım uzun bir zaman ərzində onlar gündüzlər min bir qayğının ağır yükü altında, ge­cələr əzablı yuxuların qoynunda Şuşa intizarı ilə – yurd yerlərinə dönmək, sön­müş ocaqlarını yandırmaq istəyilə yaşa­dılar. Beləcə bu nisgilli insanlar bir-bi­rinə calanan əzablı illərin hər günündə doğma obalarına dönmək, hər daşa, qayaya üz sürtmək, hər gülün-çiçəyin ətrini sinələrinə doyunca çəkmək həs­rətilə sabahlara ümidlə boylandılar. 

Qarabağın işğalda olmayan azad yelərinə gəlib Şuşa qalasına sarı boy­landılar. Kədərli, hüznlü baxışlarını qala səmtdən saatlarla çəkmədilər. Bu lal baxışları ilə sanki, yurda qovuşmaq ar­zularına çatmaqda o şəhərin başı üzə­rində dolaşan narahat ruhlardan imdad, kömək dilədilər. Onları yurd-yuvaların­dan didərgin salan, doğmalarının qəbir­lərini tapdalayan azğın–yolsuz düşməni cəzalandırmağı da o ruhlara tapşırdılar. 

*** 

Şuşa işğal edildiyi gündən –1992-ci il mayın 9-dan ta azad edilən günədək heç kimdə bu qala-şəhərin nə vaxtsa yağı tapdağından xilas olunacağına şübhə yox idi. Hamıda o günün nə vaxt­sa gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən təmiz­lənəcəyinə qəti əminlik var idi. Bu inamı Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yarat­mışdı.

2020-ci il sentyabrın 27-də başla­yan əks-həmlə əməliyyatları ilə Silah­lı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, Prezident İlham Əliyevin o zaman Türkiyə mət­buatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qa­lar” – söyləməsi də bu qələbəyə, uğura yönələn ümid və əminliyimizi daha da artırırdı.

Nəhayət, o gün gəldi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqı­mızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azad­dır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan ta­rixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmi­zin, zəfərimizin günüdür!”

Dövlətimizin başçısı müraciətində, həm də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verməsini həyatın­da bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qar­şısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün ay­dın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

***

Ermən faşizmi Şuşanın işğalı illə­rində havadarlarına arxalanaraq sülh danışıqlarından, tapdaq altında saxla­dığı torpaqları azad etməkdən boyun qaçırdı. Bununla kifayətlənməyib, “Qa­rabağın döyünən ürəyi”, “musiqi və in­cəsənət beşiyi” olan Şuşanı gələcəkdə, hətta oyuncaq “DQR”in paytaxtı elan et­mək, qondarma rejimin parlamentini bu əzəli, tarixi şəhərimizə köçürmək iddi­asını səsləndirdi. Paşinyan beynəlxalq norma və qaydaları pozaraq tez-tez Şuşya gəldi, burada görüşlər keçirdi. Məsuliyyətsiz erməni baş nazir burada keyf məclisləri qurdu, separatçı rejimin nümayəndələri ilə yallı getdi, “Qara­bağ Ermənistandır, nöqtə” kimi sər­səm bəyanat verdi. Düşmən bununla da Azərbaycan xalqında bir ümidsizlik yaratmaq, inadımızı qırmaq, inamımızı sarsıtmaq, sonda isə Qarabağı Ermə­nistana birləşdimək məqsədi güddü. Lakin Ali Baş Komandanımızın rəhbər­liyi ilə müzəffər ordumuz işğalçının bu planını alt-üst etdi, arzusunu ürəyində qoydu! 

“Büllur şəhər” yenidən qurulur

Ətrafa baxıram, yaxında-uzaqda görünən maşın-texnikanın sayı bilinmir. Tikinti-quruculuq işlərinin miqyası aydın nəzərə çarpır. “Dağlar gözəli”, “Büllur şəhər” adlandırdığımız Şuşanın özündə isə diqqətçəkən bir qələbəlik hökm sü­rür. Küçələrdəki insan gurluğu adamda bu şəhərdən didərgin düşənlərin indi od-ocaqlarına qayıtması təsəvvürü ya­radır. Əslində, qalada, Cıdır düzündə ürəyi riqqətə gətirən belə bir mənzərə, sözün əsl mənasında, dünyanın, elə ölkəmizin Azərbaycanın bu mədəniy­yət mərkəzinə marağından, Qarabağın incisi olan bu məkanın cazibə qüvvə­sindən irəli gəlir. Bir sözlə, təkcə yazın indiki vədəsində deyil, elə payızın, qışın sazaqlı günlərində də Şuşa qonaqlı-qa­ralı olur, yaxından-uzaqdan gələnləri sevgiylə, məhəbbətlə qarşılayır... 

Bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova deyir ki, qonaqlarımızın sayı getdikcə artır. Ötən il şəhərə 12 min nəfərin gəlməsi qeydə alınıb. Bu il həmin göstəricinin daha da artacağı gözlənilir. Bu, mart ayının 18-dən baş­layaraq, Şuşaya gəlmək istəyən insan­ların arzu və istəklərinin nəzərə alın­ması–2 günlük turistik proqramın təşkil olunması ilə bağlıdır. 

*** 

Şuşada erməni vəhşiliyinin izləri ürək ağrıdır. Düşmən illərlə əsarətində saxladığı bu şəhərdə, necə deyərlər, nəinki daşı-daş üstə qoyub, heç olanı, qərinələrlə saxlanılanı belə qorumayıb, daşa-torpağa düşmən münasibətini giz­lətməyib, maddi-mədəni abidələrimizi silməyə, dağıtmağa cəhd göstərib. 

Şuşa işğaldan azad ediləndən dər­hal sonra şəhərin yaralarına məlhəm qoyulmağa başlanıb. Qala divarlarının böyük hissəsi, dahi Bülbülün ev muzeyi, Cıdır düzünə aparan tarixi daş döşəmə­li yollar və Molla Pənah Vaqifin məq­bərəsinin bərpası tamamlanıb. Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Sa­atlı, Təzə məhəllə məscidləri, Mamayı, Xoca Mərcanlı bulaqları və Mehmanda­rovların malikanə kompleksinin bərpa­sının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub. 

Şuşa Şəhər Dövlət Qoruğu İdarə­sinin ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi İsmayıl İsmayılov Şuşanın memarlıq abidələri haqqında danışarkən bu tarixi yadigarların res­publikamızın digər coğrafiyasındakı nümunələrdən özünəməxsusluğu ilə fərqləndiyini, onların tikiliş üslubu, eyni zamanda, üzərlərindəki daş kitabələrin bu qala-şəhərin qədim Azərbaycanın tarixi bir parçası olmasını özündə ehtiva etdiyini bildirir. 

İ.İsmayılov söhbətində, həmçinin hələ 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa şəhə­rinin tarixi-memarlıq hissəsinin qoruq elan olunduğunu, həmin vaxt buradakı abidələrin əsaslı şəkildə çox həssas­lıqla bərpasının gerçəkləşdirildiyini də xatırladır. 

Xatırladaq ki, 1992-ci ilin may ayının 8-də işğalçı ölkənin silahlı qüvvələrinin şəhərə hücumu zamanı, eləcə də Şuşa düşmən əsarətində olduğu dövrdə bura­dakı tarixi-mədəni abidələr məqsədyön­lü şəkildə, bilərəkdən dağıdılıb. Xalqı­mıza məxsus qiymətli irs nümunələrini məhv etməklə, talamaqla qəsbkar Şu­şanın Azərbaycana məxsus olmasının izlərini silmək məqsədi güdüb. 

Beləliklə, 30 illik işğal dövründə düş­mən Şuşada bütün yaşayış evlərininin, inzibati, ictimai binaların böyük bir his­səsini tamamilə dağıdıb, yer üzündən silinib. Qalan qisminin isə əvvəlki görkə­minə qaytarılması üçün şəhər düşmən­dən təmizlənəndən dərhal sonra bərpa­sına başlanılıb. Ötən müddətdə Şuşada genişmiqyaslı bərpa layihələri aparılıb və bu istiqamətdə həyata keçirilən təd­birlər sayəsində müsbət nəticələr əldə edilib. Yuxarıda adları sadalanan tarixi irs nümunələrinin əvvəlki görkəmdə bərpa olunması məhz bunun bariz ifa­dəsidir. 

Yeri gəlmişkən, Şuşada inşa edilən yeni yaşayış binalarının da cari ilin so­nuna qədər təhvil veriləcəyi və dövlət proqramına uyğun olaraq əhalinin kö­çürülməsinin həyata keçiriləcəyi plan­laşdırılıb. 

Şəhər fasiləsiz enerji alır 

Şəhərin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində önəmli layihələr gerçəkləşdirilib. Qısa vaxtda–37 gün ərzində 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının istifadəyə verilməsi, Füzulidəki “Şükürbəyli” yarımstansiya­sından şəhərə 110 kilovoltluq ikidövrəli elektrik verilişi xəttinin çəkilməsi Azər­baycan energetikasında mühüm ha­disəyə çevrilib. 

Hazırda Şuşanın elektrik şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə idarə olunur. Həmin mərkəzdəki SCADA sistemləri yüksəkgərginlikli xətlərlə ya­naşı, abonentə qədər olan 0,4 kV-lıq xətləri də nəzarətdə saxlayır. Abonentlə nəzarətçi arasında təmas sıfıra endirilir. Şəbəkədə hər hansı nasazlıq olduqda dərhal həmin mərkəzdə bilinir. Beləlik­lə, qabaqlayıcı tədbirlər görülür və qəza baş verməzdən əvvəl qarşısı alınır. Rəqəmsal İdarəetmə Mərkəzi Bakıdakı mərkəzlə əlaqələndirilir. 

Şuşa şəhərində yerüstü elektrik xət­lərinin də ləğv ediləcəyi, bütün şəbəkə­nin beton tunellər vasitəsilə və izolya­siyalı kabellərlə abonentin evinə qədər yeraltı olacağı olacaq. Qışda açılmala­rın olmaması, elektrik verilişinin daya­nıqlılığı üçün şəbəkə yerin altına keçi­rilir. 

Yeni 3 su anbarı yaradılır

Şuşa şəhəri işğaldan azad olunduq­dan sonra təxirəsalınmaz tədbirlər gö­rülərək, şəhərə suyun verilməsi və hə­yati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib.

Şuşaya içməli su iki mənbədən veri­lir. Ermənilər tərəfindən dağıdılaraq sı­radan çıxarılmış həmin xətlər qısa müd­dətdə bərpa edərək şəhərə içməli suyun verilməsi həyata keçirildi. Hazırda Şuşa 24 saat içməli su ilə təmin olunur, bura­da 800 və 1000 kubmetrlik anbarlar fəa­liyyət göstərir. Gələcəkdə Şuşanın tam dayanıqlı içməli su ilə təmin olunması üçün daha üç anbarın inşası planlaş­dırılır. Yaxın günlərdə Daşaltı kəndinin yuxarı hissəsində Zarıslı çayı üzərində su anbarının tikintisinə başlanacaq. Bundan başqa, şəhərin bərpası işləri çərçivəsində yeni kanalizasiya sistem­lərinin qurulması da nəzərdə tutulub.

Şəhərdə yeni yaşayış məhəlləsinin, teleqüllənin təməli qoyulub. 960 şagird­lik məktəb və 90 çarpayılıq xəstəxana­nın inşasına başlanılıb. Yeni məscidin və beşulduzlu otelin tikintisi də nəzərdə tutulub. Keçmiş poçt binasının memar­lığı saxlanılmaq şərtilə əsaslı şəkildə təmir olunması, burada “ASAN xidmət”, DOST mərkəzləri və əhaliyə xidmət göstərən digər qurumların fəaliyyət göstərəcəyi planlaşdırılıb. 

Əlavə avtomobil yolu çəkilir 

Hazırda tikintisi sürətlə aparılan Əh­mədbəyli–Füzuli–Şuşa yolu indiki Zəfər magistralından 20 kilometr qısadır. Belə ki, hazırda Zəfər yolu bu gün üçün 101,5 kilometr təşkil edir. Yeni istifadəyə veriləcək yol isə 81,2 kilometrdir. 

Yeni yol dörd cərgəli olmaqla tam təhlükəsiz olacaq. Hər iki tərəfdən çəpərlənəcək. 

Şuşa qoruq şəhəri və mədəniyyət mərkəzi olduğu üçün aparılan hesabla­malara görə, şəhərə xarici turistlərin in­dikəndən bir neçə dəfə böyük axını göz­lənilir. Buna görə yolun ödənişli olması onun gələcəkdə saxlanılması baxımın­dan məqsədəuyğun sayılır. 

*** 

Şuşada genişmiqyaslı quruculuq iş­ləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun şəkildə aparılır. Qədim mədəniyyət paytaxtımızda ta­rixiliklə müasirliyin qovuşması diqqətdə saxlanılır. 

Bütün görülən işlər, həyata keçirilən layihələr isə böyük sürətlə reallaşdı­rılır və bu tikinti-quruculuq mənzərəsi Şuşa şəhərinin yaxın gələcəkdə əvvəl­ki görkəmdə bərpa olunacağı və bütün dünyanı öz gözəlliyi ilə valeh edəcəyi əminliyini yaradır. 

Bəli, Şuşa tezliklə əvvəlki xoş günlə­rini yaşayacaq, sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atacaq. Başından duman-çən çəkilən şəhərin abadlıq-quruculuq işləri getdikcə ge­niş vüsət alacaq, buradakı müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin böyük simalarının ev-muzeyləri yenə də ziyarətgahlara dönəcək, erməni vanda­lizminin qurbanına çevrilən tarixi, mədə­ni abidələrə həqiqi sahiblərinin-sakin­lərin gücü və əzmi ilə yenidən “nəfəs” veriləcək. Şuşa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi keçiriləcək mərasimlərə daim evsahib­liyi edəcək, məşhur turizm məkanı kimi şöhrət qazanacaq.

Şəhərdən ayrılarkən uzun illər həs­rət qaldığımız doğma, əziz Şuşaya – ruhumuzun paytaxtına üz tutub öyünclə dedim: “Şuşa, sən bundan sonra əbədi olara bizimsən, heç bir qüvvə səni bir daha bizdən ayıra bilməyəcək!”.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Bakı–Şuşa–Bakı





Sosial həyat