“Google” məsulu Rüstəm Həşimov

post-img

Dünyaca məşhur “Google” şirkətində şöbə müdiri vəzifəsində çalışan Rüstəm Həşimovun bir qərinə yaşı var. 1990-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Əvvəlcə şəhid Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində altı il oxuyub, sonra Lənkəran özəl türk liseyini bitirib. Ankaranın Orta Şərq Texniki Universitetində kompüter mühəndisliyi üzrə ali təhsil alıb.

Rüstəmin atası Rəsul Həşimov bizə bildirdi ki, övladı hələ tələbə olarkən “Microsoft” şirkətində üç ay təcrübəçi kimi çalışdı. Hələ o zamanlar təcrübəçi kimi bütün təminatları ilə yanaşı, Rüstəmə 6 min dollar ödəniş edildi. Daha sonra, 2013-cü ildə o, şirkətin baş ofisində daimi iş təklifi aldı. 
Bununla əlaqədar Amerika Birləşmiş Ştatlarına köçən Rüstəm bir müddət “Microsoft”da (Vaşinqton ştatının Sietl şəhərində) işləyib. Daha sonra 2017-ci ildən “Facebook”da (Nyu-York şəhərində) çalışmağa başlayıb, proqram təminatı üzrə baş mühəndis vəzifəsinə yüksəlib. Hazırda “Google”də (Kaliforniya ştatının San-Fransisko şəhərində) Bulud texnologiyaları departamentində şöbə müdiri işləyir. 
Rüstəm hələ liseydə oxuyarkən, 9-11-ci siniflər arasında keçirilən kompüter yarışında birinci yeri tutub. Təhsil Nazirliyi bu uğuru yüksək qiymətləndirib. 
Rəsul kişi onu da bildirdi ki, Rüstəm orta məktəbə 1 il tez gedib: “Üç oğlum var. Rüstəm uşaqlardan 2-cisidir. O vaxt böyük qardaşından ayrılmamaq üçün orta məktəbə 1 il erkən gedib.  Rüstəmin böyük qardaşı Latviyanın paytaxtı Riqa şəhərində ABŞ şirkətində çalışır. Kiçik oğlum da istedadlıdır. Bu yaxınlarda Almaniyada keçirilən onlayn riyaziyyat olimpiadasında qızıl medala layiq görüldü.” 
Övladlarının rayona tez-tez gəldiyini də diqqətə çatdıran Rəsul dayı əlavə etdi ki, Rüstəm keçən il iki dəfə Masallıya gəlib. Bu ilin iyununda da gələcək.
Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin direktoru Məmmədağa müəllim dedi ki, Rüstəmin biliyinə heyran qalmışam. Çalışqan, bacarıqlı gənclərimizdəndir. Vətənə hər gələndə məktəbimizə də baş çəkir. Ən son 2021-ci ildə onunla məktəbdə görüş təşkil olunub. Belə görüşlərin şagirdlərin elmə olan marağının artırılmasında, xüsusilə də müasir texnoloji biliklərin məktəblilərə aşılanmasında əhəmiyyəti böyükdür. 
Qeyd edək ki, Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında (4-7 dekabr, 2018-ci il) Rüstəm Həşimov “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi ilə çıxış edib.
İnanırıq ki, o daha böyük uğurlara imza atacaq.

Sosial həyat