Ahıllar yumurta yesinmi?

post-img

Tanınmış dietoloq Marqarita Korolyova bildirib ki, toyuq yumurtası ahılların rasionunda ən yaxşı qida hesab edilir. O deyib ki, gün ərzində 2 yumurta yemək yaşlı insanların əzələ kütləsini effektiv şəkildə tarazlayır. Çünki yaşlı insanlarda əzələ toxuması yüksək sürətlə atrofiyaya məruz qalır.
Zülal orqanizmi yeniləyir, hüceyrə səviyyəsində regenerasiya və yenilənmə proseslərini dəstəkləməyə imkan verir. Protein əzələ kütləsini gücləndirir. Yumurta sarısı isə beyin fəaliyyəti üçün lazım olan yağ mənbəyidir. Beyin toxuması yağın üçdə birini təşkil edir və əgər yaşlı bir insanın pəhrizində yağ tərkibli qidalar yoxdursa, bu, dərk etmə funksiyasına mənfi təsir göstərə bilər.
Dietoloq, həmçinin yumurta yemək vərdişinin güclü immunitetlə sıx bağlı olduğuna diqqət çəkib. Bildirib ki, yaşlıların orqanizmini güclü immunitetlə təmin edən immunoqlobulinlərin əmələ gəlməsində yağda həll olunan vitaminlərin rolu böyükdür. Yumurtanın sarısı bu məsələdə önəmli olan A, D, E vitaminləri ilə zəngindir.


Zərifə HÜSEYNOVA, 
“Xalq qəzeti”

Sosial həyat