15 mart general Əliağa Şıxlinskinin yanlış doğum tarixidir

post-img

Bir sıra tarixi mənbələrdə, eləcə də “Wikipedia” Qlobal Elektron Kitabxanasında martın 15-i Azərbaycan xalqının görkəmli oğlu, “Artilleriya Allahı” kimi tanınan dünya şöhrətli general, hərbi strateq Əliağa Şıxlinskinin anadan olduğu gün kimi qeyd edilib. Biz də bu tarixi qəzetimizdə qeyd etmək üçün milli öyücümüz olan sərkərdənin həyat və fəaliyyətinin tanınmış tədqiqatçısı Şəmistan Nəzirliyə zəng vurub general barədə yeni araşdırmalarından söz açmasını xahiş etdik. Şəmistan müəllim qeyd etdi ki, Əliağa Şıxlinskinin anadan olduğu gün, ay, hətta il bilərəkdən saxtalaşdırılıb və burada düşmən əli olub. O, bu barədə dəfələrlə məsələ qaldırıb: “Dünyanın şöhrətlilərindən biri olan Əliağa Şıxlinski barədə təkcə anım günlərində yox, həmişə yazmaq olar, martın 15-də də, anadan olduğu aprelin 23-də də. Amma mütləq onun anadan olması tarixi dəqiq yazılmalı, yanlışlıq aradan götürülməlidir”. 

Çox keçmədi ki, həmkarımız redak­siyamıza gəldi. 

Hərb tarixinə ömrünün böyük his­səsini həsr etmiş, saysız-hesabsız tədqiqat əsərləri ilə bu sahənin inkişa­fına töhfələr vermiş Şəmistan Nəzirli bu gəlişi ilə, sanki, Əliağa Şıxlinskinin nəfə­sini də redaksiyamıza gətirdi. Generalın əlyazmalar şəklində məktublarının surə­ti, orjinal fotoşəkillər və bir sıra sənədlər yan-yana düzüldü.

Şəmistan Nəzirlinin dediklərindən: “Əliağa Şıxlinski haqqında ilk tədqiqat əsərimi yazanda universiteti təzə bitirmiş­dim. Çox gənc idim və bəzi yanlış məlu­matların olması təbii idi. Onun həyatını yazan ilk tədqiqatçı Heydər Hüseynovu da aldatmışdılar. Əslində, bizə təqdim edilən sənədlərdə Ə.Şıxlinskinin 1863-cü ildə anadan olması göstərilirdi ki, sonra­dan 1884-cü ildə Sankt-Peterburqdan bir qədər aralıda olan “Tsarskoe selo” şəhə­rində olarkən sənədin əslini gördüm. Öy­rəndim ki, doğum tarixi 1865-ci ilə təsadüf edən general vəfat etdikdən sonra varisi qalmadığından qaynının milliyyətcə er­məni olan həyat yoldaşı onun adından eti­barnamə yazaraq özünü varis elan edib, həm də onun bioqrafiyasında doğum ta­rixini saxtalaşdırmağa nail olub”. 

Ş.Nəzirli Əliağa Şıxlinskinin döv­rünün böyük hörmət və şöhrət qazan­mış hərbi xadimlərindən biri olmaqla yanaşı, misilsiz istedadı, mərdliyi və hədsiz vətənpərvərliyi ilə fərqləndiyini də bildirdi. Qeyd etdi ki, 50 ildən çox nizami orduda xidmət etmiş general 4 müharibənin şahidi, 3-nün isə iştirakçısı olub. 1904–1905-ci illərdə Port-Arturda, 1914-cü ildən Birinci Dünya müharibə­sində, 1918–1920-ci illərdə isə torpaq­larımızın bütövlüyü uğrunda işğalçı Er­mənistana qarşı döyüşüb. Böyük Vətən müharibəsinin isə şahidi olan general “Xatirələrim” kimi qiymətli hərbi memuar yazıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır.

General uzun illər – 1879-cu ildən 1917-ci ilədək həyatının böyük hissəsi­ni Vətəndən uzaqda yaşamasına bax­mayaraq, ana dilini qoruyub saxlayıb. O, hətta Azərbaycanda hərbi lüğətin yaradıcısı olub, 1926-cı ildə Bakıda “Rusca-türkcə qısa hərbi lüğəti” 3 əlifba­da – rus, ərəb və latın qrafikası ilə nəşr etdirib. Bu isə hərbi nizamnamələrin və ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmasına kömək edib. 

Müsahibimiz daha sonra bildir­di ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordumuzun yaradıcıla­rından biri də general Əliağa Şıxlinski idi. Görkəmli sərkərdənin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olub. Həmin ayın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb, bununla da Milli Azər­baycan Ordusunun təməlini qoyub. 1918–1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Əliağa Şıxlinski­nin müstəsna rolu olub”.

Tədqiqatçı qeyri-adi fəaliyyəti ilə fərqlənmiş nadir hərbi mütəxəssislər­dən olan Şıxlinskinin Fransanın gene­rallara məxsus fəxri “Legion ordeni” və zabitlərə verilən “Legion xaçı” ilə təltif edilən yeganə azərbaycanlı olduğunu, ötən əsrin əvvəllərində hərbi mütəxəs­sislərin çox yüksək qiymətləndirdikləri “Şıxlinski üçbucağı” təliminin Rusiya, Fransa, Avstriya, Norveç, İsveçrə və di­gər qabaqcıl ölkələrin artilleriya məktəb­lərində dərslik kimi istifadə olunduğunu da vurğuladı. 

Tədqiqatçı jurnalist sonda Azərbay­canın görkəmli oğlu Əliağa Şıxlinskinin xidmətlərinin əsrlər keçsə də, xatırlana­cağını, xalqımızın onunla həmişə qürur duyacağını bildirdi.

 

Leyla QURBANOVA, “Xalq qəzeti”

15-5.jpg

Sosial həyat