Vətən müharibəsində dünyaya hərbi diplomatik gücü ilə beynəlxalq hüquq normalarını qəbul etdirərək öz suverenliyini bərpa edən Azərbaycan bu gün qlobal siyasi arenanın əsas aktoru rolunda çıxış edir. Son bir ay ərzində beş Avropa ölkəsinin liderinin Azərbaycana səfəridə məhz bu amilin təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Baş naziri İnqa Ruqiniene və Latviya Prezidenti Edqars Rinkeviçi Bakıda, Ukraynanın prezidenti Volodimir Zelenski və Çexiyanın baş naziri Andrey Babişi isə Qəbələdə qəbul etdi. Mayın 5-də isə İtaliyanın baş naziri Corcia Meloni Azərbaycana səfər etdi və yüksək səviyyəli görüşlər keçirildi.
Bu səfərlər Azərbaycanın Avropa üçün önəminin daha da artdığının göstəricisidir. Bu intensivlikdə səfərlər təsadüfi deyil. Azərbaycan beynəlxalq arenada artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edilir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. Proses Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Xüsusilə, Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Eyni zamanda, sözügedən görüşlərin siyasi çəkisi iqtisadi amillərdən az əhəmiyyətli hesab edilə bilməz. Azərbaycanın bəzi Avropa paytaxtları ilə dialoqun arzuolunan səviyyədə olmadığı bir dövrdə, İtaliya Bakı üçün mühüm körpü rolunu üzərinə götürür. Meloninin praqmatik yanaşması və Azərbaycanın regiondakı strateji çəkisini düzgün qiymətləndirməsi, İtaliyanı Avropa İttifaqı daxilində Azərbaycanın haqlı mövqeyini müdafiə edə biləcək ən güclü səslərdən birinə çevirilib. Avropa ölkələri və onların liderləri ilə yüksək əməkdaşlıq fonunda rəsmi Bakının Avropa Parlamentinə açıq mesajı diqqət çəkir.
Prezident İlham Əliyevin İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxışında Avropa siyasi institutlarının Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yanaşmasını sərt tənqid etməsi də bu baxımdan təsadüfi deyildi. Dövlət başçısı xüsusilə Avropa Parlamentinin fəaliyyətini sülhə dəstək deyil, əksinə, prosesi zəiflətməyə yönəlmiş addımlar kimi qiymətləndirib. Prezidentin mövqeyi yalnız Azərbaycanın müdafiəsi deyil, həm də regionda dayanıqlı sülhün qorunması arqumenti kimi təqdim olunur. İlham Əliyevin mesajı açıqdır - sülh prosesinin uğuru üçün beynəlxalq aktorlar qərəzli yanaşmalardan uzaqlaşmalı, real siyasi reallıqları qəbul etməlidirlər. Bu kontekstdə Azərbaycan tərəfinin mövqeyi, rəsmi Bakının hesablamalarına görə, beynəlxalq hüquqa və faktiki vəziyyətə daha uyğun görünür. Avropa İttifaqına daxil olan ölkələrin hər birinin müstəqil xarici siyasəti var.
Azərbaycan bu gün Aİ-yə daxil olan onlarla ölkə çox siyasi, iqtisadi münasibətlərə malikdir. Ona görə də də Avropa Parlamentinin bir hissəsinin Azərbaycana qarşı qərəzli münasibəti qəbuledilməzdir. Azərbaycan Prezidentinin Avropa Parlamentinə mesajından nəticə çıxarılmalıdır.Bu gün Cənubi Qafqaz tarixinin yeni səhifəsini açır. Azərbaycan artıq yalnız öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi deyil, həm də regionda sülhün, əməkdaşlığın və yeni geosiyasi arxitekturanın əsas təşəbbüskarı kimi çıxış edir. Azərbaycan liderinin videobağlantı vasitəsilə səsləndirilən mesajlar Şərq müdrikliyinin, təkcə Avropaya yox, bütün dünyaya ünvanlanmış barış, siyasi iradə və dövlət qətiyyəti idi.
Fəzail İbrahimli
Milli Məclisin deputatı

