Cənubi Qafqazda yeni status-kvo

post-img

Cənubi Qafqazda yeni status-kvo formalaşıb və Rusiyanın eksklüziv təsirinə meydan oxunur. Hətta bunun müəyyən dərəcədə zəiflədiyini demək mümkündür. Bu barədə rusiyalı politoloq Sergey Markedonov Moskva–Minsk–İrəvan–Daşkənd videokörpüsü zamanı “Postsovet dövlətləri: dəyişən dünyada yeni rol axtarışı” mövzusunda çıxışında danışıb.

O qeyd edib ki, regionda müxtəlif oyunçuların fəallaşması müşahidə olunur və Ermənistan hakimiyyəti qlobal dəyişikliklərin yaratdığı riskləri sığortalamaq üçün addımlar atmağa çalışır. Onun sözlərinə görə, bu cəhdlər müəyyən mənada başadüşüləndir, lakin istənilən qərar qəbul edilərkən mövcud imkanlar düzgün qiymətləndirilməlidir.

Markedonovun təhlilinə görə, 2022-ci ilin sonunda Rusiyanın Ukrayna cəbhəsində üzləşdiyi çətinliklər fonunda İrəvanda Moskvanın artıq “gedən qüvvə” olduğu barədə yanlış təsəvvürlər yaransa da, bu yanaşma reallığı tam əks etdirmir. Xüsusilə Ermənistanın Avropa İttifaqına inteqrasiya meyillərinə toxunan ekspert Gürcüstan, Moldova və Ukraynadan fərqli olaraq, Ermənistan üçün namizədlik məsələsinin gündəmdə olmadığını xatırladıb. İqtisadi rəqəmlər isə reallığın fərqli olduğunu göstərir: Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticarət dövriyyəsi Aİ ilə müqayisədə xeyli yüksəkdir. Bu səbəbdən müxalifətin iqtisadi əlaqələrin qırılması ilə bağlı narahatlığı əsassız deyil.

Münasibətlərin perspektivinə gəlincə, politoloq hesab edir ki, Rusiya və Ermənistan artıq daha praqmatik əsaslarla hərəkət etməlidir. Münasibətlər əvvəlki formatda olmasa da, bu transformasiya düşmənçiliyə çevrilməməlidir. Ekspert ikitərəfli əlaqələrdə emosional bəyanatlardan qaçmağı və qeyri-ictimai, diplomatik kanallara üstünlük verməyi məsləhət görüb.

Ermənistanda qarşıdan gələn parlament seçkilərinə toxunan Markedonov vurğulayıb ki, Rusiyanın bu seçkilərdə konkret “öz namizədi” yoxdur. Onun sözlərinə görə, Moskva üçün əsas məsələ Ermənistanda Rusiyaya dost münasibətdə olan siyasi kursun qorunmasıdır, konkret şəxslər deyil: “Tez-tez soruşurlar ki, Ermənistanda Rusiyanın namizədi kimdir? Rusiya üçün Ermənistanın özü vacibdir. Ermənistan xalqı öz liderini özü seçəcək. Bu yanaşma kimisə göstərib “bu bizim adamdır” deməkdən daha ədalətli və düzgündür. Əsas olan münasibətlərin konkret fiqurlarla deyil, dövlətlə qurulmasıdır”.

O, Ermənistanda gözlənilən parlament seçkiləri ərəfəsində Moskvanın regiondakı strateji prioritetlərini şərh edib. Ekspert bildirib ki, istənilən dövlət kimi, Rusiyanın da Ermənistanda öz milli maraqları mövcuddur və bu, tamamilə təbii qarşılanmalıdır.

Beynəlxalq kontekstdə mövcud olan ikili standartları tənqid edən politoloq, digər qlobal oyunçuların da regionda bənzər maraqlar güddüyünü vurğulayıb: “Öz maraqlarını irəli aparmaq istəməyən bir ölkə varmı? Rusiyanın regionda mövcudluq istəyini tənqid edənlər anlamalıdırlar ki, ABŞ, Aİ, Fransa və Türkiyənin də Qafqazda ciddi hədəfləri var”.

Markedonovun fikrincə, Rusiyanın əsas məqsədi öz təsir imkanlarını qeyd olunan beynəlxalq aktorlarla müqayisədə daha üstün mövqedə saxlamaqdır. Seçkiləri “tarixin sonu” kimi qiymətləndirməyin yanlış olduğunu bildirən ekspert səsvermənin nəticəsindən asılı olmayaraq Ermənistan cəmiyyətindəki siyasi qütbləşmənin qalacağını proqnozlaşdırıb: “Əgər seçkilərdə Nikol Paşinyan qalib gəlsə, bu, Robert Koçaryan, Samvel Karapetyan və onların tərəfdarlarının mövqelərinin yox olacağı anlamına gəlmir. Eyni şəkildə, müxalifətin qələbəsi də hakimiyyət tərəfdarlarının ideyalarını aradan qaldırmayacaq”.

Politoloq 1 aprel tarixində Moskvada baş tutan Putin–Paşinyan görüşünə də toxunub. Həmin görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermənistandakı seçkilərə xüsusi diqqət yetirərək, Rusiya ilə əməkdaşlığa açıq olan tərəflər də daxil olmaqla, bütün siyasi qüvvələrin prosesdə iştirakının vacibliyini rəsmi şəkildə bəyan edib.

Qeyd edək ki, Markedonovun fikirləri Azərbaycan üçün müəyyən maraq daşıyır. Əvvəla, “yeni status-kvo” ifadəsi Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. 2020-ci ildən sonra regionda formalaşan reallıq Azərbaycanın hərbi-siyasi qələbəsi nəticəsində yaranıb və bu, artıq beynəlxalq ekspertlər tərəfindən də qəbul olunur. Markedonovun “Rusiyanın eksklüziv təsirinin zəifləməsi” barədə fikri isə Azərbaycanın manevr imkanlarının genişləndiyini göstərir. Çünki əvvəl regionda qərarların böyük hissəsi Moskva vasitəsilə formalaşırdısa, indi Bakı daha çoxmərkəzli sistemdə öz maraqlarını irəli sürə bilir.

Bu mövzuda XQ-yə danışan politoloq Tural İsmayılov Ermənistandakı mövcud siyasi vəziyyəti və Moskvanın İrəvana münasibətini şərh edərkən bildirdi ki, Cənubi Qafqazda ABŞ, Aİ və Türkiyə kimi aktorların artan rolu Rusiyanı öz mövqelərini möhkəmləndirməyə vadar edir. Ekspertin fikrincə, İrəvanın Moskvadan dərin iqtisadi asılılığı onun geosiyasi manevr imkanlarını kəskin məhdudlaşdırır: “Bu reallıq Ermənistanın xarici siyasətində radikal dönüşlər etməsini çətinləşdirir ki, bu da rəsmi Bakı üçün İrəvanın addımlarını qabaqcadan proqnozlaşdırmaq baxımından önəmlidir”.

T.İsmayılov vurğuladı ki, Rusiyanın Ermənistanda konkret şəxsə deyil, ümumi siyasi kursa üstünlük verməsi Bakı üçün strateji siqnaldır: “Bu, hakimiyyət dəyişikliyindən asılı olmayaraq, Rusiyanın təsir rıçaqlarını qoruyacağını göstərir. Odur ki, Azərbaycan təhlükəsizlik arxitekturasını qurarkən Ermənistanın daxili konyunkturuna deyil, öz hərbi-siyasi potensialına və müstəqil xarici siyasətinə güvənməkdə haqlıdır”.

Politoloq əlavə edib ki, Ermənistanın hazırkı çoxvektorlu siyasət cəhdləri Azərbaycanın illər öncə tətbiq etdiyi uğurlu strategiyanın gecikmiş təqlididir: “Bakı bütün güclərlə bərabərhüquqlu münasibətlər quraraq suverenliyini tam təmin etdiyi halda, İrəvan hələ də xarici diktələr arasında seçim etmək məcburiyyətindədir”.

Ermənistandakı parlament seçkiləri ərəfəsində daxili parçalanmanın davam edəcəyi proqnozlarının sülh prosesi üçün risklər yaratdığını deyən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində şöbə müdi Mətin Məmmədli bildirib ki, İrəvanda vahid siyasi iradənin yoxluğu və cəmiyyətdəki qütbləşmə əldə olunan razılaşmaların icrasını gecikdirə bilər: “Ermənistan daxilində mövcud olan daxili siyasi dinamika, xüsusilə revanşist siyasi qüvvələrin aktivliyi regionda əldə olunmuş nisbi sabitlik üçün potensial təhlükədir. Ermənistanda bu ilin iyununda keçiriləcək parlament seçkiləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əgər revanşist və radikal siyasi qüvvələr hakimiyyətə gələrsə, bu, Ermənistan–Azərbaycan sülh prosesinin pozulması riskini artıraraq regionda yeni gərginlik dalğasına səbəb ola bilər. Buna görə də qlobal və regional aktorların sülh prosesini dəstəkləməsi və tərəflər arasında dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Aydındır ki, Azərbaycan üçün optimal ssenari regionda heç bir kənar gücün mütləq dominantlığına yol verməmək və mövcud balansı milli maraqlara uyğun idarə etməkdir.

Beləliklə, mövcud reallıq ondan ibarətdir ki, Rusiya artıq regionda yeganə və mütləq oyunçu statusunu itirməkdədir. Hətta ənənəvi təsir imkanlarının geniş olduğu Ermənistanda belə, Moskvanın əvvəlki rıçaqları öz effektivliyini itirib. Hazırda rəsmi Moskvanın əlində qalan məhdud təzyiq alətlərindən sərt şəkildə istifadə etməsi Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması ilə nəticələnə bilər. Görünən odur ki, Rusiya rəhbərliyi də bu riskin fərqindədir və daha ehtiyatlı manevrlər etməyə məcburdur.

Yeni formalaşan regional düzəndə Azərbaycan artıq, sadəcə, iştirakçı deyil, həm də riskləri dəqiq hesablayan və proseslərə yön verən əsas güc mərkəzidir.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət