Azərbaycan “C6+1”ə keçid ərəfəsində

post-img

Avrasiyada yeni geosiyasi və geoiqtisadi nizam formalaşır

Qırğızıstanın “The Times of Central Asia” nəşrində Vaşinqtondakı Hudson İnstitutunun baş elmi işçisi Ken Moriyasunun məqaləsi dərc olunub. Müəllif yazır ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına inteqrasiyası, sadəcə, diplomatik hadisə deyil, genişmiqyaslı geosiyasi transformasiyanın tərkib hissəsidir. Bu proses yalnız “C5+1” platformasının coğrafi genişlənməsi deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat, enerji və siyasi konfiqurasiyanın yenidən qurulmasıdır. Azərbaycanın bu prosesə daxil olması regionu dağınıq marşrutlar məcmusundan vahid və əlaqələndirilmiş geoiqtisadi sistemə keçidini təmin edən həlledici mərhələdir.

Bu strateji xəttin yaxın perspektivdəki ən mühüm sınağı sentyabr ayında BMT Baş Assambleyası (UNGA) çərçivəsində keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşdür. Ənənəvi olaraq Mərkəzi Asiyanın 5 dövləti ilə ABŞ arasında dialoq mexanizmi kimi fəaliyyət göstərən bu platformanın Azərbaycanın da iştirakı ilə “C6+1” modelinə çevrilməsi artıq regional siyasətdə yeni reallıq yaradır.

Bunun nüvəsində Azərbaycanın strateji coğrafi mövqeyi dayanır. Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat və enerji arteriyalarının kəsişməsində yerləşən ölkəmiz artıq, sadəcə, regional tranzit nöqtəsi deyil, qlobal logistika zəncirinin əvəzedilməz strateji halqasıdır. Azərbaycanın iştirakı mövcud formata sırf “Mərkəzi Asiya daxili” çərçivədən çıxaraq real trans-Xəzər əməkdaşlıq mexanizmi statusu qazandırır. Bu isə Avrasiya inteqrasiyasının təsadüfi deyil, getdikcə daha koordinasiyalı, sistemli və davamlı xarakter aldığının göstəricisidir.

Xüsusi vurğulanan məqamlardan biri də Donald Trump administrasiyasının məsələyə strateji yanaşmasıdır. Azərbaycanın bu platformaya inteqrasiyası Trampın ikinci prezidentlik dövründə irəli sürdüyü təşəbbüslərin vahid geosiyasi çərçivədə birləşdirilməsidir. Bu təşəbbüs Trampın ikinci prezidentlik dövründə irəli sürülən geosiyasi təşəbbüslərin vahid çərçivədə birləşdirilməsi kimi qiymətləndirilir. Məhz bu kontekstdə TRIPP layihəsi strateji əhəmiyyət kəsb edir. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək tranzit marşrutu regionda kommunikasiya blokadasının aradan qaldırılması və yeni iqtisadi arteriyaların açılması baxımından həlledici rol oynayır. Burada ABŞ bir iştirakçı deyil, həm də prosesin əsas “memarı” qismində çıxış edir. Çünki Azərbaycanın bu prosesə cəlb edilməsi Vaşinqtona Avrasiyanın yeni ticarət və enerji xəritəsini formalaşdırmaqda rəqabət üstünlüyü qazandırır ki, bu da Rusiya və Çinin regiondakı təsirini balanslaşdırmaq üçün mühüm geosiyasi alətdir.

Eyni zamanda, Orta Dəhlizin strateji çəkisi getdikcə artmaqdadır. Mərkəzi Asiyadan başlayaraq, Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Aralıq dənizinə çıxışı təmin edən bu marşrut alternativ yolların axtarıldığı indiki dövrdə həyati əhəmiyyət daşıyır. Bu dəhliz yalnız region dövlətləri üçün deyil, həm də ABŞ-ın Asiyadakı əsas müttəfiqləri olan Yaponiya və Cənubi Koreya üçün təhlükəsiz logistik zəncir vəd edir. Xüsusilə Hörmüz boğazından asılılığı azaltmaq cəhdləri fonunda Qazaxıstan və Türkmənistan kimi alternativ enerji təchizatçılarının rolu da aktuallaşır. Diplomatik müstəvidə isə formatın institusionallaşması ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülməkdədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Səmərqənddə xüsusi sammit keçirmək təklifi regiondaxili inteqrasiyanı gücləndirməyə xidmət edir. Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Magjan İlyasovun Astanada ilk “C6+1” (Mərkəzi Asiya beşliyi və Azərbaycan + ABŞ/Aİ) görüşünün təşkili ideyası isə formatın beynəlxalq statusunu rəsmiləşdirmək niyyətini nümayiş etdirir. Bu addımlar Azərbaycanın sözügedən konfiqurasiyada artıq ayrılmaz və strateji tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.

Buna baxmayaraq, yaxın perspektivdə ən real və effektiv ssenari kimi BMT Baş Assambleyası (Nyu-York) çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlər ön plana çıxır. Nyu-York platforması həm logistik çeviklik, həm də ABŞ, Aİ və Körfəz ölkələri kimi qlobal güclərlə eyni vaxtda siyasi koordinasiya qurmaq baxımından ən əlverişli və neytral diplomatik mühit hesab olunur.

BMT çərçivəsində keçiriləcək görüşlər formatın sadəcə regional deyil, qlobal gündəlikdəki yerini də möhkəmləndirir. Bu, Azərbaycan və Mərkəzi Asiya ölkələrinə kollektiv maraqlarını dünya liderlərinin diqqətinə çatdırmaq üçün “diplomatik pəncərə” açır. Beləliklə, Səmərqənd və Astana təklifləri formatın daxili strukturunu formalaşdırırsa, Nyu-York görüşləri yeni birliyin beynəlxalq arenada legitimliyini və xarici siyasətdə manevr imkanlarını genişləndirir.

Eyni zamanda, Qazaxıstan, Özbəkistan və Azərbaycanın Qəzzanın bərpası təşəbbüsdə iştirakı onların ABŞ-la daha geniş təhlükəsizlik və siyasi əməkdaşlığa açıq olduqlarını göstərir. Bu faktor “C6+1” formatını yalnız iqtisadi və nəqliyyat platforması deyil, həm də siyasi-strateji koordinasiya mexanizminə çevirə bilər.

Bütün bunların fonunda çıxarılan əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın “C5+1” formatına inteqrasiyası regional əməkdaşlıq mexanizmlərinin həm kəmiyyət baxımından böyüməsini, həm də keyfiyyətcə tamamilə yeni bir mərhələyə keçidini təşkil edir. Bu transformasiya iştirakçı dövlətlərin sayının artması ilə məhdudlaşmır, əksinə, regionun geosiyasi və geoiqtisadi arxitekturasında həlledici funksional dəyişiklik yaradır.

Azərbaycanın bu platformada fəal iştirakı ilə əvvəllər dənizə çıxışı olmayan və daha çox daxili quru yolları ilə məhdudlaşan Mərkəzi Asiya regionu öz qapalılığından xilas olur. Bu ittifaq Xəzər dənizi üzərindən Cənubi Qafqaza, oradan isə Türkiyə və Avropa bazarlarına açılan vahid, çoxşaxəli və kəsintisiz bir strateji dəhlizə çevrilir. Bu mənada, Azərbaycan “orta qapı” rolunu oynayaraq Şərqlə Qərb arasında yeni bir qlobal logistik düyün nöqtəsi funksiyasını öz üzərinə götürür.

Mövzu ilə bağlı politoloq Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, Azərbaycanın regionda artan nüfuzu, Mərkəzi Asiya ölkələri və ABŞ ilə qurduğu etibarlı, qarşılıqlı faydalı münasibətlər yeni əməkdaşlıq modelinin region üçün geniş iqtisadi-siyasi imkanlar açdığını göstərir: “Artıq Azərbaycan, sadəcə, bir keçid nöqtəsi deyil, həm də infrastruktur investisiyalarını yönləndirən və strateji qərarların koordinasiya olunduğu həlledici qovşaqdır.

“C6+1” modeli yalnız diplomatik platforma deyil, həm də qlobal təchizat zəncirlərinin yenidən qurulduğu dövrdə yeni geoiqtisadi düzənin və uzunmüddətli regional sabitliyin təməlidir. Bu model region ölkələrinə ənənəvi güc mərkəzləri qarşısında daha balanslı və müstəqil mövqe tutmaq imkanı yaradır. Gələcəkdə daha geniş regional bloklaşmaların əsasını qoya biləcək bu format nəqliyyat, enerji və rəqəmsal layihələrin vahid çərçivədə idarə olunmasına şərait yaradır. Eyni zamanda, proses ölkələr arasındakı iqtisadi asılılığı dərinləşdirərək “inteqrasiya vasitəsilə sabitlik” prinsipini real müstəviyə keçirir və potensial münaqişə risklərini azaldır. Azərbaycan strateji, diplomatik və iqtisadi faydalar əldə edir, beynəlxalq mövqeyinin gücləndirir”.

Beləliklə, Azərbaycanın “C5+1” formatına inteqrasiyası və bu modelin “C6+1”-ə çevrilməsi regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas faktor kimi çıxış edir. Ölkəmiz strateji, diplomatik və iqtisadi dividendlər əldə etməklə yanaşı, beynəlxalq mövqeyini daha da gücləndirir. Bu model isə həm cəlbediciliyi, həm də strateji əhəmiyyəti ilə regionun yeni simasını formalaşdırır.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət