Özbəkistanda beynəlxalq konfrans
Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan–Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Universitetin rektoru Hilola Umarova Nizami Gəncəvi və Əlişir Nəvai irsi qardaş xalqların ümumi sərvəti olduğunu bildirib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışında tədbirin əhəmiyyətindən danışıb.
Sonra Azərbaycan Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov “Şərq ədəbiyyatında "Xəmsə" ənənəsi və Nizami-Nəvai səsləşmələri” mövzusunda məruzə ilə ilə çıxış edib. O, Nizami Gəncəvinin yaratdığı xəmsəçilik məktəbindən bəhs edərək Nəvainin türkcə dahi gəncəlinin beşliyinə ilk bütöv cavab yazan şair olmasından söz açıb, iki qüdrətli şairin yaradıcılığındakı kəsişmə nöqtələri üzərində dayanıb.
Akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai, türk mədəniyyəti məkanında yalnız mövcud olmamış, eyni zamanda, bu məkanı formalaşdırmış böyük şəxsiyyətlərdir. Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova hər iki mütəfəkkirin yaradıcılığında insan, ədalət və mənəvi dəyərlərin əsas yer tutduğunu qeyd edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilərin irsinin birgə şəkildə araşdırılması Türk dünyasında ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.
Konfrans çərçivəsində Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun bölmə müdiri, filologiya elmləri namizədi Salimaxon Eşonova, Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru İbrahim Yoldaşev, həmin universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mubara Omonova müvafiq mövzularında məruzələrlə çıxış ediblər.
***
Konfrans çərçivəsində akademik Rafael Hüseynov Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında “Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturolji kontekstində” mövzusunda mühazirə oxuyub.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd


