“Aspides” mandatının genişləndirilməsi təklifi üzv dövlətlər arasında fikir ayrılığı yaradır
Yaxın Şərqdə gərginliyin sürətlə artdığı bir vaxtda Avropa ilə ABŞ arasında yaranan fikir ayrılığı transatlantik münasibətlərdə yeni çatlar yaradıb. Avropa İttifaqı açıq şəkildə bəyan edib ki, Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması ABŞ-ın başladığı qarşıdurmanın nəticəsidir və ittifaq bu münaqişənin hərbi tərəfinə qoşulmaq niyyətində deyil.
Məhz bu səbəbdən ittifaqa üzv 27 ölkənin xarici işlər nazirlərinin Brüsseldə keçirdiyi toplantı Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə həsr olunsa da, müzakirələrin əsas xəttini ABŞ-ın Avropadan gözlədiyi hərbi dəstək təşkil edib. Müzakirələr zamanı Aİ-nin Yaxın Şərqdə fəaliyyət göstərən dəniz əməliyyatı onun “Aspides” dəniz missiyası mandatının genişləndirilməsi variantı gündəmə gətirilsə də, bu ideya üzv dövlətlər arasında ciddi dəstək qazanmayıb. Çünki mandatın dəyişdirilməsi Avropa hərbi gəmilərinin Fars ilə Oman körfəzi arasındakı strateji boğazda patrul xidmətinə cəlb olunması anlamına gəlir və bu da, faktiki olaraq, Avropanın İranla birbaşa qarşıdurma riskini artırır.
ARAYIŞ: “Aspides” yunan dilində “qalxanlar” mənasını verən Aspides sözündən götürülüb. Avropa İttifaqı rəhbərliyi missiyanı regional müharibənin tərkib hissəsinə çevirməkdən çəkinir. Yaxın Şərq və Qırmızı dəniz hövzəsində su nəqliyyatının təhlükəsizliyini qorumaq məqsədilə yaradılan missiya regionda gərginliyin artması, ticarət gəmilərinə hücumların çoxalması və beynəlxalq dəniz yollarının risk altına düşməsi fonunda formalaşdırılıb. Avropa İttifaqı üçün marşrutların sabitliyi xüsusi əhəmiyyət daşıyır, çünki enerji daşıyıcılarının və yük daşımalarının böyük hissəsi məhz bu istiqamətlərdən keçir.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas toplantıdan sonra verdiyi açıqlamada mövqeyini açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, Avropa regionda genişmiqyaslı və sonu görünməyən hərbi qarşıdurmanın tərəfinə çevrilmək istəmir. Enerji təhlükəsizliyi və ticarət marşrutlarının sabitliyi Aİ üçün həyati əhəmiyyət daşıyır. Görünür, Brüssel qarşıdurmanın nəticələrindən qaça bilməyəcəyini də anlayır. Vaşinqton isə müttəfiqlərdən daha açıq dəstək gözlədiyini gizlətmir. Donald Tramp son açıqlamalarında Avropa ölkələrinin yardım çağırışına cavab verməməsinin NATO daxilində həmrəyliyə zərbə vuracağını bildirib. ABŞ prezidentinin fikrincə, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması Amerika ilə yanaşı, enerji idxalından asılı olan bütün Qərb ölkələrinin marağındadır. O, bir neçə Avropa lideri ilə danışdığını qeyd etsə də, konkret öhdəlik əldə edə bilməyib.
Trampın xüsusilə Paris və Londonun mövqeyindən narazı qalması transatlantik münasibətlərdə gərginliyi növbəti mərhələyə daşıyıb. ABŞ prezidentinin Fransa lideri Emmanuel Makron ilə danışıqlarına ümidlə yanaşmasına baxmayaraq, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin daha geniş müharibəyə qoşulmaq istəmədiyini açıq şəkildə bəyan edib. Bu isə Vaşinqtonun gözlədiyi siyasi həmrəyliyin formalaşmadığını ortaya qoyur. Avropa paytaxtlarında isə əsas arqument ondan ibarətdir ki, mövcud böhran NATO-nun kollektiv müdafiə mexanizmini işə salacaq həddə deyil. Almaniyanın müdafiə naziri Boris Pistorius münaqişəyə Almaniyanın cəlb olunmasının doğru olmadığını bildirib. Onun sözlərinə görə, Berlinin prioriteti alyansın ərazisinin müdafiəsidir.
Oxşar mövqeni Almaniya kansleri Fridrix Merts də ifadə edib. O, NATO-nun müdafiə ittifaqı olduğunu xatırladaraq alyansın regiondan kənarda başlayan hərbi əməliyyatlara avtomatik şəkildə qoşulmayacağını vurğulayıb. Xülasə, Avropa ABŞ-ın birtərəfli qərarları nəticəsində yaranan böhranların yükünü bölüşmək istəmədiyini bəyan etməkdən çəkinməyib. Daha sərt mövqe isə Lüksemburq rəhbərliyindən gəlib. Baş nazir müavini Xavier Bettel Vaşinqtonun təzyiq cəhdlərini “şantaj” kimi qiymətləndirərək ölkəsinin hərbi qüvvə göndərməyəcəyini bildirib. Buna baxmayaraq, Vaşinqton geri çəkilmək niyyətində deyil. ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker müttəfiqləri bir daha İrana qarşı əməliyyatlarda iştirak etməyə çağıraraq bildirib ki, Hörmüz boğazının təhlükəsizliyi Avropa üçün də strateji əhəmiyyət daşıyır.
Doğrudan da, dünya neftinin təxminən beşdə biri bu dar su yolu vasitəsilə daşınır və regionda formalaşan gərginlik səbəbindən nəqliyyatın məhdudlaşması enerji bazarlarında qiymətlərin kəskin artmasına gətirib çıxarıb. Bununla belə, alyans daxilində yekdil qərarın formalaşması real görünmür. Diplomatik mənbələrin fikrincə, NATO çərçivəsində genişmiqyaslı əməliyyat üçün siyasi razılıq yoxdur və əgər hər hansı dəstək olarsa, bu, daha çox ikitərəfli razılaşmalar səviyyəsində baş verə bilər. Başqa sözlə desək, Yaxın Şərqdəki böhran regional təhlükəsizlik məsələsindən əlavə, Qərb blokunun daxilində strateji baxışların nə qədər fərqli olduğunu üzə çıxaran sınağa çevrilib. Aİ liderlərinin yaxın günlərdə keçiriləcək sammitində əsas diqqətin gərginliyin azaldılması və diplomatik kanalların qorunmasına yönələcəyi gözlənilir. Brüsseldə hazırlanan ilkin sənədlərdə hərbi eskalasiyanın qarşısının alınması və tərəflərin maksimum təmkin nümayiş etdirməsi çağırışı yer alır. Sözügedən yanaşma Avropanın hazırkı dönəmdə əsas strategiyasını aydın göstərir.
Zaur MƏMMƏDOV,
politoloq
Bu gün Yaxın Şərqdə cərəyan edən hadisələr çox ciddi proseslərdən xəbər verir. Müharibənin davam etməsi, Hörmüz boğazının bağlanması ehtimalı və regionda gərginliyin artması ABŞ-ın və ümumilikdə Qərbin beynəlxalq müstəvidə baş verənləri daha real şəkildə qiymətləndirməsinə səbəb olur.
Beynəlxalq münasibətlər sistemində uzun müddət müxtəlif siyasi bloklar mövcud olub. İkinci Dünya müharibəsindən sonra dünya, demək olar ki, iki əsas düşərgəyə bölünmüş, digər dövlətlər isə bu blokların ətrafında mövqe tutmuşdular. 1990-cı illərin əvvəllərindən etibarən ABŞ-ın liderliyi altında Qərb dünyası daha da gücləndi, siyasi və hərbi imkanlarını genişləndirdi. ABŞ və Avropa İttifaqı arasında daha vahid siyasət formalaşdı, NATO və Aİ-nin genişlənməsi sürətlə davam etdi və bu təsir dairəsi Qara dəniz regionuna qədər uzandı. Bu, Vaşinqton, Brüssel, Paris, London və Berlin arasında daha sıx inteqrasiya demək idi. Müxtəlif dövrlərdə tərəflər arasında fikir ayrılıqları da mövcud olub.
Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra ABŞ ilə Aİ arasında geosiyasi və geo-iqtisadi məsələlərdə ziddiyyətlər daha açıq görünməyə başladı. İqtisadi rüsumlar, Ukrayna müharibəsi zamanı məsuliyyət bölgüsü, həmçinin digər beynəlxalq məsələlər göstərdi ki, Avropanın liberal siyasi elitası ilə Trampın daha mühafizəkar və milli maraqlara üstünlük verən xətti arasında fərqlər qalmaqdadır. Bu fərqlər miqrasiya, milli kimlik və qlobal siyasətə yanaşmada da özünü göstərir. İran ətrafında yaranan gərginlik bu fikir ayrılıqlarını daha aydın ortaya çıxarıb. Bir sıra Avropa ölkələri ABŞ-ı siyasi baxımdan dəstəkləsə də, hərbi əməliyyatlarda tam şəkildə iştirak etmək istəmədiklərini bildirirlər. Liviya, Suriya və İraq hadisələrindən fərqli olaraq, İran məsələsində xüsusilə Fransa başda olmaqla bəzi Avropa dövlətləri daha ehtiyatlı mövqe tutur. Hazırda Avropa ölkələri özləri üçün birbaşa təhlükə görmədikləri üçün müharibəyə qoşulmağa tələsmirlər. Lakin qarşıdurma genişlənərsə və təhlükə Qərb üçün daha real xarakter alarsa, onların mövqeyinin dəyişməsi istisna deyil. Daha dəqiq desək, bunu yaxın günlərdə ABŞ–İran qarşıdurmasının hansı istiqamətdə inkişaf edəcəyi müəyyənləşdirəcək.
Nəzrin ELDARQIZI
XQ


