ATƏT-in qərəzli iradlarına Tbilisinin tutarlı cavabı

post-img

ATƏT-in “Moskva mexanizmi” çərçivəsində Gürcüstanla bağlı hazırladığı hesabat regionda yeni siyasi gərginlik mərhələsinin başlanğıcıdır. Təşkilatın qənaətinə görə, rəsmi Tbilisi son illər demokratiya yolundan uzaqlaşıb və ölkədə bir sıra fundamental hüquq və azadlıqları məhdudlaşdırıb. Bu nəticələr Varşava Universitetinin professoru Patrisia Qjəbikin tərəfindən hazırlanmış sənəddə əksini tapıb və artıq beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Hesabatda qeyd olunur ki, 2024-cü ildən etibarən Gürcüstanda demokratik institutların zəifləməsi prosesi sürətlənib. Hakimiyyətin vətəndaş cəmiyyəti, siyasi müxalifət, müstəqil media və LGBT+ icmasına qarşı yönəlmiş qanunvericilik təşəbbüsləri ifadə azadlığı, toplaşma və birləşmə hüquqlarını ciddi şəkildə məhdudlaşdırıb. ATƏT ekspertləri bu məhdudiyyətlərin yalnız hüquqi mexanizmlərlə deyil, həm də inzibati təzyiqlər, yüksək cərimələr və tənqidçilərə qarşı cinayət işlərinin açılması ilə müşayiət olunduğunu vurğulayıb.

Hesabat konkret olaraq dinc etirazçılara qarşı zorakılıq, siyasi məhbuslara qarşı işgəncə, “xarici agentlər haqqında” və “qrantlar haqqında” qanunların qəbulu, müxalifətə sistemli təzyiq kimi halları əsas pozuntular hesab edib. Bu fonda ATƏT Gürcüstan hakimiyyətinə tövsiyələr təqdim edib. Təşkilat seçki pozuntuları ilə bağlı iddiaların müstəqil və qərəzsiz araşdırılmasını, seçki sisteminin ATƏT/DTİHB standartlarına uyğunlaşdırılmasını vacib sayıb. Eyni zamanda, siyasi partiyaların qadağan olunması prosedurlarından imtina etmək, müxalifət nümayəndələrinə qarşı irəli sürülmüş ittihamları geri götürmək, media və qeyri-hökumət sektoruna yönəlmiş məhdudiyyətləri aradan qaldırmaq tövsiyə olunub. Hüquq-mühafizə orqanlarının aksiyalar zamanı proporsional güc tətbiq etməsi, işgəncə və pis rəftar iddialarının obyektiv araşdırılması, siyasi motivlərlə həbs edilmiş şəxslərin azad olunması tələb edilib.

Sənəd Böyük Britaniya hökuməti tərəfindən yayımlanıb və ATƏT-in 24 üzv dövləti tərəfindən dəstəklənib. Qeyd edək ki, “Moskva mexanizmi” çərçivəsində verilən tövsiyələr hüquqi baxımdan məcburi deyil, amma onların siyasi çəkisi var. Məhz bu məqam Gürcüstan üçün potensial riskləri artırır. Tövsiyələr yerinə yetirilmədiyi halda, ayrı-ayrı dövlətlər beynəlxalq məhkəmə instansiyalarına müraciət edə, hətta Beynəlxalq Cinayət Məhkəməsi və ya BMT-nin İşgəncələrə Qarşı Komitəsi kimi qurumları prosesə cəlb edə bilər. Bu isə məsələnin sırf siyasi tənqid müstəvisindən çıxaraq hüquqi müstəviyə keçməsi deməkdir.

Avropa İttifaqında da bu mövzu ciddi müzakirə olunur. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas açıq şəkildə bəyan edib ki, Brüssel Tbilisinin siyasətinə təsir etmək üçün əlavə siyasi və hüquqi mexanizmləri nəzərdən keçirir. Onun sözlərinə görə, Gürcüstanda vəziyyət getdikcə ağırlaşır və artıq müəyyən məhdudlaşdırıcı addımlar, o cümlədən diplomatlara viza verilməsinin məhdudlaşdırılması qüvvəyə minib. Bu bəyanatlar Aİ-Gürcüstan münasibətlərinin yeni, daha gərgin mərhələyə daxil olduğunu göstərir.

Rəsmi Tbilisi isə bu ittihamları qətiyyətlə rədd edib və hesabatı qərəzli qərəzli adlandırıb. Baş nazir İrakli Kobaxidze bildirib ki, ölkəyə xarici təzyiqlər artıb və “daim müdafiə rejimindədir”. Onun sözlərinə görə, Gürcüstanı sülh və sabitlikdən uzaqlaşdırmaq istəyən siyasi qüvvələr mövcuddur və bu qüvvələr həm daxildən, həm də xaricdən dəstəklənir. Kobaxidze iddia edib ki, ölkədə qütbləşmə süni şəkildə qızışdırılır, dövlətə, kilsəyə və milli dəyərlərə qarşı məqsədli kampaniya aparılır.

Baş nazirin fikrincə, Gürcüstana qarşı təzyiqlər təkcə siyasi bəyanatlarla məhdudlaşmır. O qeyd edib ki, ölkəni birbaşa müharibəyə cəlb etməyə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə və könüllü döyüşçülər göndərməyə çağırışlar olub. Eyni zamanda, Aİ tərəfindən namizəd statusunun gecikdirilməsi və “şəffaflıq haqqında” qanunun “Rusiya qanunu” kimi təqdim olunması da Tbilisinin narazılığına səbəb olub. Buna baxmayaraq, Kobaxidze ölkənin iqtisadi və siyasi baxımdan inkişaf etdiyini, suverenliyin möhkəmləndiyini vurğulayıb.

Hökumət başçısı hesabatın konkret məqamlarını da tənqid edib. Bildirib ki, sənəddə mühüm faktlar qəsdən nəzərə alınmayıb. Məsələn, ATƏT/DTİHB missiyasının 2024-cü il parlament seçkilərini rəqabətli hesab etməsi və hakim “Gürcü arzusu”nun legitim seçilmiş hakimiyyət kimi tanınması qeyd olunmayıb. Radikal müxalifət məhz bu səbəbdən ATƏT və DTİHB-yə qarşı hücumlar edib və artıq ikinci dəfə parlament mandatlarından imtina etməklə siyasi sistemi sarsıtmağa çalışıb.

Bundan əlavə, rəsmi Tbilisi vurğulayıb ki, seçkilər yeni və müxalifətlə razılaşdırılmış qanunvericilik əsasında keçirilib və saxtakarlıq ehtimalı minimuma endirilib. Hesabatda bu kimi məqamların yer almaması isə sənədin obyektivliyinə ciddi şübhələr yaradır. Baş nazir həmçinin hesabat müəllifinin mümkün maraqlar toqquşmasını gizlətdiyini və sənədin müəyyən siyasi dairələrin təsiri altında hazırlandığını deyib. Qanunvericiliklə bağlı tənqidlərə cavab olaraq rəsmi Tbilisi bildirib ki, “şəffaflıq haqqında” qanunun əsas məqsədi xarici müdaxilənin qarşısını almaqdır. Hökumətin versiyasına görə, son illərdə ölkədə bir neçə dövlət çevrilişi cəhdi baş verib və bu proseslərdə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları iştirak edib. Bu baxımdan, belə qanunlar milli suverenliyin qorunması üçün zəruridir.

“Buna görə təəccüblü deyil ki, hesabat hətta minimal obyektivlik standartlarına belə cavab vermir və buna görə də Gürcüstanda baş verən hadisələrin obyektiv təhlilini əks etdirmir. Müəllif özü də qeyd edir ki, vaxtın azlığı səbəbindən sənəd dərinlikdən məhrumdur. Bu, bəlkə də hesabatın yeganə ümumi nəticəsidir ki, bununla tam razılaşa bilərik. Təəssüf ki, hesabatın müəllifi hətta ölkəmizin adının “Gürcüstan Respublikası” yoxsa “Gürcüstan” olduğunu belə dəqiqləşdirə bilməyib”, – deyə Baş nazir söyləyib.

Maraqlıdır ki, gərginlik təkcə siyasi bəyanatlarla məhdudlaşmır, iqtisadi sahəyə də sirayət edib. Gürcüstan hökumətinin Azərbaycan və Ermənistan sərhədlərinə aparan strateji yolların tikintisi üzrə 250 milyon avroluq tenderləri ləğv etməsi bu baxımdan diqqət çəkib. Avropa Yenidənqurma və İnkişaf Bankının iştirak etdiyi bu layihələr Orta Dəhlizin inkişafı üçün mühüm əhəmiyyət daşıyırdı. Lakin Tbilisinin bu addımı bəzi ekspertlər tərəfindən Avropaya siyasi siqnal kimi qiymətləndirilib.

Bütün bu proseslər fonunda Gürcüstanla Qərb arasında münasibətlərin sürətlə pisləşdiyi aydın görünür. Bir tərəfdə insan hüquqları və demokratik standartlarla bağlı ciddi ittihamlar, digər tərəfdə isə suverenlik və xarici müdaxilə ilə bağlı arqumentlər dayanır. Bu qarşıdurma artıq klassik siyasi polemika çərçivəsini aşaraq geosiyasi rəqabətin elementinə çevrilməkdədir.

Mövcud vəziyyət bir çox analitiklər tərəfindən “sanksiyaöncəsi mərhələ” kimi xarakterizə olunur. Tərəflər arasında kompromis əldə olunmasa, yaxın gələcəkdə Avropa İttifaqı və digər Qərb institutlarının daha sərt addımlar atacağı istisna edilmir. Bu isə Gürcüstanın daxili siyasi sabitliyi və regional rolu üçün ciddi çağırışlar yarada bilər.

Buna baxmayaraq, rəsmi Tbilisi Qərbin tövsiyələrini qəbul etmək niyyətində deyil. Hökumət hesab edir ki, qanunvericilik sahəsi dövlətin suveren hüququdur və bu məsələdə geri addım atılmayacaq. Xüsusilə, ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı qanunvericilik ölkə üçün ekzistensial əhəmiyyət daşıyan strateji prioritet kimi qiymətləndirilir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət