AZƏRTAC-ın Azərbaycanda məşğulluğun artırılması haqqında reportajı Çin televiziyasında yayımlanıb

post-img

AZƏRTAC-ın daha bir reportajı sıx əməkdaşlıq etdiyi Çin Media Qrupuna daxil olan CGTN televiziya kanalında yayımlanıb.

“Azərbaycan məşğulluğun artırılması üçün maliyyə və rəqəmsal tədbirlər həyata keçirir” adlı geniş materialda işsiz və işaxtaran şəxslərin münasib işlə təmin edilməsi, onların peşə maraqlarının formalaşdırılması və peşə seçiminə istiqamətləndirilməsinə dəstək məqsədilə atılan addımlardan söz açılıb.

Reportajda ötən ilin müvafiq statistik göstəriciləri təhlil olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi özünüməşğulluq proqramından geniş söz açılıb. Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq proqramına cəlb edilərək formal əmək bazarına və layiqli məşğulluğa çıxış imkanları yaradıldığı diqqətə çatdırılıb. Dövlət Məşğulluq Agentliyinin ixtisassız işaxtaranlar üçün peşə hazırlığı kursları təşkil etdiyi qeyd olunub.

Reportajda əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərindən, postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranlarına təqdim olunan sosial ödənişlərdən, şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına göstərilən reabilitasiya xidmətlərindən də bəhs olunub.

Azərbaycanda sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində bu xidmətlərə əlçatanlığın daha da artdığı vurğulanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin 90 faizdən çoxunun elektron qaydada təqdim olunduğu qeyd olunub. Bildirilib ki, bütün bu görülən tədbirlərin nəticəsi olaraq Azərbaycanda işsizlik səviyyəsi 5,2 faizə enib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Siyasət