Bakı–İrəvan əlaqələrinin yaxşılaşması Xəzərətrafı region üçün də üstün imkanlar açır
Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan fevralın 17-də Qazaxıstanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevlə görüşüb. “Armenpress”in Ermənistan TŞ ofisinin yaydığı məlumatına istinadən verdiyi xəbərə görə, tərəflər Ermənistan– Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə edib, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni imkan və istiqamətləri xüsusi vurğulayıblar.
Görüş zamanı həmçinin, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri, regional kommunikasiyaların açılması, eləcə də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) təşəbbüsünün həyata keçirilməsi nəticəsində yarana biləcək iqtisadi imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə səfir B.İmanbayev Ermənistan–Azərbaycan münasibətlərində müşahidə olunan müsbət dinamikanı yüksək qiymətləndirib və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışladığını bildirib.
Qeyd etmək lazımdır ki, A.Qriqoryanın B.İmanbayevlə görüşü formal diplomatik təmasdan daha geniş məna daşıyır. Bu görüş, əslində, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda İrəvan–Astana münasibətlərinin hansı istiqamətdə inkişaf edə biləcəyinə dair siqnal hesab oluna bilər. Ermənistan və Qazaxıstan həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Lakin bu ortaq platformalar ikitərəfli münasibətlərin real məzmununa tam çevrilə bilməmişdi. Xüsusilə Ermənistan–Azərbaycan münaqişəsinin, daha doğrusu, ölkəmizə qarşı təcavüzün davam etməsi İrəvanın bir sıra regional təşəbbüslərdə manevr imkanlarını məhdudlaşdırırdı. Rəsmi Astana isə hər zaman Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini və türk dünyası çərçivəsində formalaşmış yaxınlığı nəzərə alaraq balanslı mövqe tuturdu. Bu səbəbdən İrəvanla əməkdaşlıq müəyyən hədlər daxilində qalır, xüsusilə təhlükəsizlik və nəqliyyat-kommunikasiya sahələrində dərin inteqrasiya müşahidə olunmurdu.
2020-ci ildən sonra yaranmış yeni reallıq və xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin paraflanması regionda keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Sənədin paraflanması təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına doğru atılan addım deyil, həm də bütövlükdə region dövlətləri üçün yeni iqtisadi və nəqliyyat imkanlarının açılması deməkdir. Sülhün alternativi olmayan reallığa çevrilməsi artıq təkcə Bakı və İrəvanın deyil, digər region ölkələrinin, o cümlədən qazax qardaşlarımızın da maraqlarına cavab verir. Çünki Qazaxıstan üçün Cənubi Qafqaz istiqaməti strateji əhəmiyyət daşıyır. Orta Dəhlizin inkişafı, Xəzər dənizindən keçməklə Avropaya çıxış imkanlarının genişləndirilməsi, Azərbaycan ərazisindəki tranzit marşrutlarının şaxələndirilməsi Astananın xarici iqtisadi siyasətinin prioritetlərindəndir. Bu kontekstdə Qazaxıstan taxılının 2025-ci il noyabrın əvvəlindən Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması artıq formalaşmış praktik əməkdaşlıq nümunəsidir. Ölkəmizin liman və dəmir yolu infrastrukturu artıq Qazaxıstan üçün etibarlı tranzit platformasına çevrilib. Regionda davamlı sülh isə bu marşrutların təhlükəsizliyini və dayanıqlığını daha da möhkəmləndirir. Məhz buna görə də Ermənistan–Azərbaycan münasibətlərində müşahidə olunan müsbət dinamika Qazaxıstan tərəfindən yüksək qiymətləndirilir. Münaqişə dövründə Astana açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, Ermənistanla münasibətləri gərginləşdirməməyə çalışırdı. İndi isə münaqişənin başa çatması, regionda sülh erasının başlanması İrəvan–Astana xəttində açıq və praqmatik əməkdaşlıq üçün zəmin yaradır.
Bu mənada, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə 2025-ci il noyabrın 20–21-də Astanaya etdiyi dövlət səfəri qeyd olunmalıdır. Həmin səfər zamanı o, Qazaxıstanın ən yüksək dövlət mükafatı olan “Altın Qıran” ordeni ilə təltif edilib. Eyni zamanda, Prezident Tokayev Paşinaynın ünvanına xeyli xoş sözlər deyib. Bütün bunlar Astananın İrəvanla münasibətlərdə yeni səhifə açmaq niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər. Əgər əvvəlki mərhələdə siyasi ehtiyatlılıq üstünlük təşkil edirdisə, indi iqtisadi praqmatizm və regional sabitlik prioritetə çevrilir.
A.Qriqoryan və B.İmanbayev arasında aparılan müzakirələrdə regional kommunikasiyaların açılması məsələsinin xüsusi yer tutması da təsadüfi deyil. Kommunikasiyaların bərpası təkcə Ermənistanın təcrid vəziyyətindən çıxması demək deyil. Bu, həm də Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa xəttində inteqrasiya imkanlarının genişlənməsi deməkdir. Ermənistan üçün yeni tranzit imkanları, Qazaxıstan üçün alternativ marşrutlar, Azərbaycan üçün isə regional nəqliyyat qovşağı statusunun möhkəmlənməsi perspektivi formalaşır.
Görüş zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması isə ayrıca diqqətəlayiq məqamdır. Çünki sülh təkcə siyasi sənədlərlə möhkəmlənmir. İctimai təmaslar, ekspert mübadiləsi, humanitar platformalar uzunmüddətli sabitliyin sosial bazasını formalaşdırır. Əgər ictimai rəy səviyyəsində düşmənçilik ritorikası zəifləyirsə, iqtisadi əməkdaşlıq üçün daha sağlam mühit yaranır.
Siyasi şərhçi Rizvan Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, məlum görüşdə məhz Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və regional kommunikasiyaların açılması məsələlərinin qabardılması təsadüfi deyil. Onun sözlərinə görə, bu, artıq Cənubi Qafqazın təhlükəsizlik gündəliyindən iqtisadi gündəliyə keçid mərhələsinə daxil olduğunu göstərir: “Region uzun illər siyasi qarşıdurma prizmasından qiymətləndirilirdisə, indi müzakirələrin mərkəzinə nəqliyyat xətləri, logistika marşrutları və yeni bazar imkanları çıxır. Bu dəyişiklik isə yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanında marağı olan aktorlar üçün əhəmiyyətlidir. Görüşdə TRIPP layihəsinin adının çəkilməsi göstərir ki, söhbət təkcə lokal kommunikasiya xətlərindən getmir. Burada daha geniş coğrafiyanı əhatə edən və siyasi sabitliyi iqtisadi əməkdaşlıqla möhkəmləndirməyi hədəfləyən bir yanaşma nəzərdə tutulur. Belə təşəbbüslər yalnız o halda işlək olur ki, region ölkələri arasında minimal etimad mühiti formalaşsın. Ermənistan–Azərbaycan xəttində müşahidə olunan müsbət dinamika da məhz bu zəruri şərti təmin edən əsas amildir”.
Ekspert, həmçinin qeyd etdi ki, Mərkəzi Asiyanın Qazaxıstan mühüm dövləti üçün Cənubi Qafqazda sabitlik strateji məsələdir: “Astana üçün alternativ nəqliyyat dəhlizlərinin təhlükəsiz və proqnozlaşdırıla bilən olması prioritetdir. Əgər regionda gərginlik davamlı xarakter daşısaydı, iri iqtisadi layihələrin icrası risk altına düşərdi. Bu baxımdan Qazaxıstan səfirinin normallaşma prosesini yüksək qiymətləndirməsi diplomatik etiketdən daha çox, praqmatik maraqların ifadəsi kimi görünür. Ümumilikdə, bu müzakirələr göstərir ki, region artıq postmünaqişə mərhələsində özünü yeni iqtisadi arxitektura daxilində təsəvvür etməyə başlayıb. Kommunikasiyaların açılması və beynəlxalq təşəbbüslərin inteqrasiyası Cənubi Qafqazı tranzit və əməkdaşlıq mərkəzinə çevirə bilər. Bu isə həm regional, həm də qlobal oyunçular üçün strateji dividendlər vəd edir”.
Səxavət HƏMİD
XQ


