Macarıstan da daxil olmaqla, Avropa İttifaqına (Aİ) üzv 27 dövlət Ermənistana Avropa Sülh Fondundan (ASF) 20 milyon avro yardım ayrılmasını təsdiqləyib. Bu barədə “Azadlıq” radiosunun erməni xidməti (“Azatutyun”) məlumat yayıb.
Qeyd edək ki, Ermənistan fonda yardım üçün müraciət etsə də, Budapeşt onu bloklayıb. Daha sonra Macarıstan ASF çərçivəsində Ermənistana vəsait ayrılmasına razılıq verib. Bu, Ermənistanın qurumdan ikinci dəfə dəstək alması deməkdir. Birinci dəfə 10 milyon ayrılıb. Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək – logistika və tibbi avadanlıq, eləcə də zəruri texniki təlim təmin etməkdir. Vəsait növbəti 35 ay üçün nəzərdə tutulub.
ASF-nin birtərəfli addımları Bakıda haqlı etirazın yaranmasına səbəb olub. Prezident İlham Əliyev bununla bağlı Azərbaycan tərəfinin narazılığını dəfələrlə dilə gətirib. Dövlətimizin başçısı 2025-ci il martın 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumundakı çıxışında bu barədə bildirib: “Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir. Bəli, onlar deyir ki, bu pul qeyri-məhvedici hərbi qurğular üçündür. Birincisi, bunu kim yoxlaya bilər? İkincisi, siz onlara 10 milyon verirsiniz və sonra isə digər 10 milyon planlaşdırılır. Beləliklə, Ermənistana silah almaq üçün pula qənaət imkanı yaranır. Nəinki Fransa onlara məhvedici silahlar göndərir. Onda onlar bunu niyə edir? Onlar nəyə hazırlaşır? Əgər sülh istəyirlərsə, buna ehtiyac yoxdur. Dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq. Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi”.
Xarici işlər naziri Ceyhun Bayramov isə 2025-ci il dekabrın 26-da ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Avropa Sülh Fondu Ermənistana yardım ayırırsa, eyni məbləğdə yardımın Azərbaycana da ayrılması vacibdir. Onun sözlərinə görə, ASF ilə bağlı məsələ müəyyən müddət əvvəl qaldırılıb: “Çünki onlar Ermənistana maliyyə ayırırdılar. Bu çərçivədə Azərbaycana da yardım ayrılması məsələsini qaldıran ölkələr arasında Macarıstan ən fəal mövqe tutan dövlət idi. Nəticədə digər qurumlardan Azərbaycana minatəmizləmə fəaliyyəti üçün 10 milyon avro məbləğində yardımın ayrılması barədə qərar qəbul olunmuşdu”.
XİN başçısı adı çəkilən fondun Ermənistana 20 milyon avro məbləğində yardım ayırma təşəbbüsü barədə də məlumatlı olduqlarını vurğulamışdı: “Eyni məbləğin Azərbaycana da ayrılması barədə məsələ qaldırırıq. Belə maliyyə dəstəyi Ermənistana edilirsə, eyni məbləğdə yardımın Azərbaycana da göstərilməsi vacibdir”.
* * *
Qeyd etmək lazımdır ki, Sülh Fondu adı altında Ermənistana növbəti maliyyə dəstəyinin ayrılması ilk baxışda humanitar və texniki yardım kimi təqdim olunur. Rəsmi izahata görə, ayrılan vəsait Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, logistika, tibbi təminat və texniki təlimlərə yönəldiləcək. Lakin bölgənin son illərdəki təhlükəsizlik reallıqları fonunda bu qərar sülhə deyil, əksinə, qarşıdurma yaratmaq planına xidmət edir. Çünki Cənubi Qafqazda postmünaqişə dövrünün əsas çağırışı silahlanma deyil, etimadın qurulması, kommunikasiyaların açılması və siyasi dialoqun dərinləşdirilməsidir. Bu mərhələdə tərəflərdən birinin “müdafiə qabiliyyətinin artırılması” adı altında maliyyələşdirilməsi balansı pozan addım kimi görünür.
Avropa İttifaqı uzun illər bölgədə vasitəçi roluna iddialı olub, sülh çağırışları edib, indi isə qarşılıqlı etimad tədbirlərinin vacibliyini vurğulayır. Lakin paralel şəkildə hərbi komponenti olan fondlar vasitəsilə bir tərəfi gücləndirmək bu ritorikanı sual altına salır. Sülh yalnız bəyanatlarla deyil, ardıcıl və neytral siyasətlə mümkündür. Əks halda “sülh fondu” anlayışı öz mahiyyətini itirir və siyasi alətə çevrilir.
Xüsusilə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, vəsaitin ayrılması uzun müddəti – 2 il 11 ayı əhatə edir. Bu isə Ermənistanın gələcək təhlükəsizlik strategiyasının kənardan maliyyələşdirilməsi deməkdir. Bu yanaşma regionda revanşist düşüncələri stimullaşdıra, kompromisə meyli zəiflədə və danışıqlar prosesini müəyyən mənada arxa plana ata bilər. Yaddan çıxarmaq olmaz ki, müharibədən çıxmış cəmiyyətlər üçün əsas prioritet silahlanma yox, bərpa və barışıqdır. Əgər beynəlxalq aktorlar həqiqətən sülh və sabitlik istəyirlərsə, diqqəti sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, humanitar əməkdaşlıq və iqtisadi inteqrasiyaya yönəltməlidirlər. Müdafiə qabiliyyətinin gücləndirilməsi isə bu mərhələdə yanlış siqnaldır.
Yeri gəlmişkən, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionda etimadın möhkəmləndirilməsi məqsədi ilə təqdim olunsa da, onun fəaliyyəti ilk gündən ciddi suallar doğurur. Missiyanın mandatı rəsmi olaraq mülki xarakter daşısa da, onun praktik fəaliyyəti və siyasi fonu bu iddialarla üst-üstə düşmür. EUMA-nın fəaliyyəti faktiki olaraq bölgədə yeni siyasi xətt yaradır və Ermənistanın təhlükəsizlik tezislərini beynəlxalq səviyyədə möhkəmləndirməyə xidmət edir. Bu isə sülh gündəliyinə yox, qarşıdurma psixologiyasının qorunmasına töhfə verir. Postmünaqişə mərhələsində əsas ehtiyac yeni missiyalar deyil, qarşılıqlı etimad və birbaşa dialoqdur. EUMA isə mövcud formatda bu məqsədlərə yaxınlaşmaq əvəzinə, regionda əlavə sual işarələri yaradır.
Qeyd etdiyimiz kimi, bu məsələ ölkəmizdə haqlı etirazla qarşılanıb. Rəsmi Bakı bu qərarı bölgədə formalaşmaqda olan həssas balansı pozan, sülh prosesinə xidmət etməyən addım kimi qiymətləndirir. Azərbaycanın etirazının əsasında emosional yanaşma yox, konkret siyasi və təhlükəsizlik arqumentləri dayanır. Çünki rəsmi Bakı postmünaqişə mərhələsində ardıcıl şəkildə sülh gündəliyini irəli sürür, normallaşma, kommunikasiyaların açılması və hüquqi çərçivədə münasibətlərin tənzimlənməsi istiqamətində təşəbbüslər göstərir. Belə bir şəraitdə tərəflərdən birinin müdafiə imkanlarının xarici maliyyə hesabına gücləndirilməsi sülh mühitinə uyğun gəlmir. Bu cür dəstək İrəvanda təhlükəsizlik illüziyası yaradır və konstruktiv kompromislərə marağı azaldır. Rəsmi Bakı açıq şəkildə bildirir ki, bölgədə davamlı sülh silahlanma yolu ilə yox, siyasi iradə və qarşılıqlı öhdəliklər əsasında mümkündür. Ermənistanın real təhlükəsizlik ehtiyacı xarici maliyyə paketlərində deyil, region dövlətləri ilə münasibətlərin normallaşmasındadır. Əks yanaşma isə yeni gərginlik risklərini artırır. Nəticə etibarilə, Avropa İttifaqının bu addımı bölgədə sülhə xidmət edən təşəbbüs kimi yox, ziddiyyətli və riskli qərar kimi qiymətləndirilməlidir. Cənubi Qafqazın sabitliyə ehtiyacı var, yeni hərbi balans axtarışlarına yox. Sülh fondu isə adında daşıdığı missiyadan fərqli olaraq, sülhə aparan yolu daraldır.
Səxavət HƏMİD
XQ

