İfşa olunmuşların “üsyanı”

post-img

Hakslinin distopiyası beynəlxalq mediaya da sirayət edib

Tanınmış ingilis yazıçı-filosofu Oldos Haksli “Yeni cəsur dünya” əsərində insanları rahatlıqla ram edilən bir sistemin içinə salırdı. Əsərdə azadlıq cəmiyyətin əlindən alınmasa da, lazımsız hesab olunurdu. İnsanlar isə idarə olunduqlarını hiss etmirdilər, çünki onlara alternativ fikirlər təqdim edilirdi.

Bugünkü qlobal media mənzərəsində bəzi nümunələrə nəzəri baxış keçirəndə Hakslinin distopiyasını xatırlayırıq. Müxtəlif adlar, fərqli loqolar, ayrı-ayrı redaksiyalar, lakin vahid mərkəzdən formalaşdırılan ideyalar...

Ümumən, medianın həm də güc strukturlarının alətinə çevrildiyini deyə bilərik. Bu kontekstdə Donald Trampın yürütdüyü siyasət daha geniş təzahür kimi qiymətləndirilir. Daha dəqiq desək, siyasi kampaniyalar media vasitəsilə necə “satılır”, hansı narativlər gücləndirilir və hansıları səsləndirildikdə güc strukturları tərəfindən qaralama taktikası ilə əvəzlənir, sözügedən nümunədə görmək mümkündür. Beynəlxalq media bu narrativlərlə ziddiyyət təşkil edən fikirlər ortaya qoyaraq hakimiyyətlərin mövqeyinə qarşı tənqidi güc formalaşdırır. Maraqlıdır ki, bir dövlət başçısının fikirləri əvvəlcə absurd, ardınca debat mövzusu, daha sonra isə strateji baxımdan müzakirə edilə bilən məsələ kimi təqdim edilir. ABŞ liderinin Qrenlandiya planı ətrafında media-debatlar daha çox diqqət çəkir.

Əvvəlcə “The Guardian”a nəzər yetirək. Donald Trampın hələ Qrenlandiyanı ABŞ-a birləşdirmək ideyasını gündəmə gətirdiyi vaxtdan etibarən bu fikir dünya mediasında geniş şəkildə tənqid olunmağa başladı. Bu təşəbbüs kolonializmə qayıdışın simvolu kimi dəyərləndirilirdi. Hətta “Greenland is not for sale” (“Qrenlandiya satılmır”) başlıqlı reportajlar yayımlandı. Qrenlandiyanın daxili muxtariyyətə və demokratik institutlara malik olduğu, Trampın fikirləri isə strateji dividendlər üçün obyektləşdirmə kimi qəbul edilirdi. Ortadakı ironiya ondan ibarətdir ki, insan amili kənarda qalır, torpaq və resurslara istiqamətlənən baxış tənqid edilirdi. Bu nöqteyi-nəzərdən yanaşma əslində mövcud reallığı ortaya qoymuşdu.

Oxşar yanaşmaya “Financial Times”ın məqalələrində də rast gəlinir. Nəşr Qrenlandiya mövzusunu Qərb ölkələrinin enerji müstəqilliyi və geosiyasi strategiyası kontekstində işıqlandırmaqla Trampın yanaşmasını sual altına alır. Məsələn, “Qrenlandiyadakı gərginliklər Avropanın enerji müstəqilliyi hədəfini daha da möhkəmləndirir” (Greenland tensions harden Europe’s push for energy independence) adlı məqalədə qeyd edilir ki, Avropa liderləri enerji və təhlükəsizlik sahəsində strateji müstəqil siyasətlərini gücləndirməkdə israrlıdırlar. Bununla yanaşı, ABŞ‑a münasibət, strateji əməkdaşlıq ehtiyacı, suverenlik məsələləri ön plana çəkilir. Yəni, sözügedən gərginlikdən Avropa öz xeyrinə nə isə əldə etməyə çalışır. Nəşrin “Tramp və Rutte Qrenlandiya olmadan masada razılaşma əldə edə bilməzlər” (Trump and Rutte cannot make a deal without Greenland at the table) adlı məqaləsində isə Trampın yanaşmasının nadir hallarda kollektiv dialoqla aparıldığı vurğulanır.

“Reuters”in “Tramp Qrenlandiya uğrunda 8 Avropa ölkəsinə qarşı rüsumlar tətbiq edəcək” (Trump vows tariffs on eight European nations over Greenland) adlı məqaləsi də diqqət çəkir. Məqalədə proses Qrenlandiya məsələsinin müzakirə edilməsini tələb edən “ləngidici mexanizm” kimi təqdim olunur. Agentlik həmin məlumatı həm də Avropa ilə transatlantik ticarət əlaqələrinin gərginləşməsi riskinin bir hissəsi kimi işıqlandırır. Təsadüfi deyil ki, sözügedən yanaşma beynəlxalq ticarət qurumlarında narahatlığa və əks tədbirlər planına yol açır. Yəni, burda da dolayı yolla ABŞ-a qarşı tənqidlərin alovlandırıldığı görünür.

Qrenlandiya mövzusunu kənara qoysaq, məsələnin birbaşa Trampın yürütdüyü siyasətlə əlaqəli olduğunu açıq şəkildə görmək mümkündür. Demək olar ki, onun hər addımı xarici kulislərdə müzakirələrə çıxarılır. Fransanın “Le Monde” qəzeti və Almaniyanın həftəlik “Der Spiegel” jurnalı Tramp administrasiyasının addımlarını tənqid edən analitik məqalələrlə məşhurdurlar. Onlar Avropa–ABŞ münasibətlərində yaranmış gərginliyi işıqlandırmaqla özlərinə tərəfdaş axtarırlar. Məsələn, “Le Monde” bir neçə məqaləsində ABŞ-ın beynəlxalq media institutlarına göstərdiyi dəstəyin kəsilməsini sərt tənqid etmişdi. Qəzetin fikrincə, bu addım Vaşinqtonun qlobal informasiya funksiyalarını zəiflətmək və demokratik dəyərlərə təsir göstərmək cəhdi idi. “Der Spiegel” isə Trampın “G-7” sammitindəki davranışını misilsiz qalmaqal kimi dəyərləndirmiş, buna Avropa ilə transatlantik əlaqələrdə ciddi gərginlik yaradan faktor “donu” geyindirmişdi. Jurnal Trampın diplomatik protokolu gözardı etməsini, Avropa liderləri ilə münasibətlərdəki sərt və bəzən kobud üslubunu vurğulamaqla onun siyasətinin regional və qlobal stabilliyə mənfi təsir göstərdiyini iddia etmişdi. Bütün bunlar maliyyədən məhrum edilmişlərin “üsyanına” bənzəyir.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bugünkü reallıq Hakslinin “Yeni cəsur dünya” əsərindəki situasiya ilə oxşardır. Bir fərqli nüans var ki, orda insanların narahatlıq və emosional sarsıntısını aradan qaldırmaq üçün “soma” adlı rahatlaşdırıcı dərmandan istifadə olunurdu. Bugünkü qlobal mediada isə “soma”nın əlamətlərini görmürük. Oxucuların informasiya manipulyasiyası ilə bağlı narahatlığı isə hələ də mövcuddur.

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti

Qlobal ictimai rəyi formalaşdıran transmilli statuslu media şirkətlərinin hansısa dövlətin başçısını tənqid etməsi hadisəsi ənənəvi hal deyil. Yaxın tariximizdə bu cür nümunələr az görünüb və təsadüfi xarakter daşıyıb. Bu kontekstdən yanaşanda indi "The Guardian", "Financial Times", "Associated Press", "Le Monde" kimi qlobal media subyektlərinin ABŞ Prezidenti Donald Trampı hədəfə almaları, xüsusən onun Qəzza, Qrenlandiya, Venesuelaya yönəlik siyasətini sistemli şəkildə tənqid etmələri qeyri-adi görünə bilər. Amma son bir ildə baş verən proseslərə diqqət yetirsək görərik ki, burada “qeyri-adilik” yoxdur. Prosesləri təhlil edərkən, transmilli KİV-lərin Trampa qarşı radikal davranmalarının iki səbəbi görünür.

Birinci amil odur ki, Prezident Donald Tramp 2025-ci il yanvarın 24-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), martın 14-də isə ABŞ Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətinin ləğv edilməsi barədə sərəncam imzalayıb. Məsələ ondadır ki, bizim transmilli media subyektləri kimi dəyərləndirdiyimiz və qlobal ictimai rəyi formalaşdıran transmilli statuslu media şirkətlərinin əksəriyyəti ləğv edilən bu qurumların benefisiarları sırasında olublar. Qrant, yardım adı altında həmin təşkilatlardan külli miqdarda vəsaitlər alıblar və informasiya siyasətlərində bu faktoru nəzərə alıblar. Sadə dildə desək, Prezident Donald Tramp sərəncamları ilə bu media qurumlarına həm “maddi ziyan vurub”, həm də onların fəaliyyətini ifşa edib. Çünki, bu media subyektləri uzun illər ərzində müstəqil media subyektləri imici ilə tanınıblar, yaydıqları məlumatlara ictimai etimad olub. Tramp isə sübut etdi ki, onlar heç də tam müstəqil deyillər, fəaliyyətlərində donorlarının siyasi iddialarını təmin edirlər. Bu faktın dünya miqyasında ictimailəşməsi həmin media qurumlarının imiclərinə ciddi təsir edib. İndi onlar, sadə ifadə etsək, Trampdan qisas alırmış kimi görünürlər.

İkinci amil odur ki, ABŞ son 80 il ərzində özünün xarici maraqlarını və xarici siyasətini Avropa ilə uyğunlaşdırıb. Tramp bu siyasəti dəyişib. ABŞ indi Avropa ilə hesablaşmır, bəzən isə onların maraqlarını əzib keçir. Belə davranış Avropa ölkələrində narazılıq doğurur. Həmin narazılıq isə Avropa kökənli transmilli media subyektlərinin xəbər siyasıtində əks olunur.

Bu, bir daha sübut edir ki, qlobal ictimai rəyin uzun illər ərzində etimad göstərdiyi transmilli KİV-lər heç də etimadlı xəbər mənbəyi deyillər.

Nəzrin ELDARQIZI
XQ



Siyasət