Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirildi.
Tədbirin moderatoru, AMQF-nin İH sədri Ramil İskəndərli çıxışında bildirdi ki, yayılan saxta xəbərlər ölkədə ictimai fikrin formalaşmasına olduqca mənfi təsir göstərir: “Davos Ümumdünya İqtisadi Forumunda açıqlanan "Qlobal risklər" adlı hesabatda ən böyük risklərdən biri kimi dezinformasiya qeyd olunub. Forumun 2026-cı il üzrə risklər hesabatında vurğulanır ki, süni intellektlə yaradılan videolar, səslər cəmiyyətlərin parçalanmasına, dövlət institutlarına etimadın azaldılmasına xidmət edir”. Sədrin sözlərinə görə, dezinformasiya dünyada təhlükəli olduğu qədər Azərbaycan üçün də müəyyən risklər yaradır: “Təəssüflər olsun ki, günümüzdə dezinformasiya artıq intensiv hal alıb. Bu baxımdan, dezinformasiya ilə mübarizədə bu cür tədbirlərin effektli olacaq. Bugünkü müzakirənin əsas məqsədi qeyd olunan mövzu ətrafında rəylərin dinlənilməsi və həll yollarının tapılmasıdır".
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd etdi ki, dezinformasiyalar Azərbaycanda mediaya güvəni sarsıdır: “Yayılan dezinformasiyalar insanların mediaya olan inamını ciddi şəkildə sarsıdır. Buna qarşı hərəkətə keçmək artıq zəruridir. Həm beynəlxalq mediada, həm də ölkəmizdə dezinformasiya ilə mübarizə istiqamətində çoxsaylı addımlar atılır, müəyyən forumlar təşkil edilir”. N.Məmmədli, həmçinin onu da bildirdi ki, ölkəmizdə dezinformasiya ilə mübarizə sahəsində həm parlament komitələri, həm də müxtəlif dövlət qurumları çərçivəsində müvafiq mexanizmlər artıq formalaşıb. Bu mexanizmlərin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və sosial barışın qorunması dövlətin əsas prioritetlərindən biri olaraq qalır: “Hər il keçirilən Şuşa Qlobal Media Forumu artıq bir ənənə və beynəlxalq trend kimi formalaşıb. Prezident İlham Əliyev həmin forumlarda iştirak edir və dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin və media ekspertlərinin suallarını cavablandırır”.
"Azərbaycanın qazandığı uğurlara qarşı saxta xəbərlər yayılır. Bunların arasında bilməyərəkdən, savadsızlıqdan dövriyyəyə girən xəbərlər da var”. Bu fikirləri ictimai müzakirədə Mətbuat Şurasının sədri Rəşad Məcid səsləndirdi. Onun fikrincə, hər bir vətəndaş fəallıq nümayiş etdirib, dezinformasiyalara qarşı mövqe ortaya qoymalıdır: “Xalq yazıçısı Anar ötən günlərin birində həyəcanla mənə deyir ki, sosial şəbəkələrin birində bəstəkar Tofiq Quliyevdən bəhs edilən videosüjetə baxdım və saydım. Nə az, nə çox, düz 9 səhv tapdım. Digər nümunə kimi onu deyə bilərəm ki, anam telefonda videoroliklərə baxır və mən həmin vaxt müşahidə edirəm ki, orada göstərilən məlumatların əskəriyyəti yalan və saxtadır. Bu baxımdan düşünürəm ki, maarifləndirmə prosesinə elə öz yaxınlarımızdan başlamalıyıq”.
Rəşad Məcid qeyd etdi ki, son zamanlar Mətbuat Şurasına bəzi yeni saytlar barədə şikayətlər daxil olur. Bu müraciətlərin əksəriyyəti yayılan saxta xəbərlərlə bağlıdır: “Müraciətlərə baxılır və məlum olur ki, istər televiziyada, istərsə də sosial mediada yayılan saxta xəbərlər cəmiyyətin informasiya təhlükəsizliyi baxımından olduqca risklidir. Azərbaycanın uğurlarına qarşı aparılan qarayaxma kampaniyaları buna nümunə ola bilər. Bütün bunlar ölkələr və xalqlar arasında münasibətlərə də təsirsiz ötüşmür. Bu günlərdə mən bir məqalə oxudum. Orada türkiyəli bloqerlərin Azərbaycanda əhali ilə söhbəti əsnasında iki qardaş xalq arasında müşahidə edilən isti məqamlara toxunulmuşdu. Lakin, eyni zamanda, bu münasibətlərə kölgə salmaq istəyən neçə-neçə halların da şahidi oluruq. Bu baxımdan biz fəallıq nümayiş etdirib hadisələrə düzgün qiymət verməyi bacarmalıyıq”.
“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Müşfiq Ələsgərli çıxışında dezinformasiyanın dünya üçün ciddi riskə çevrildiyini bildirdi: “Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə dezinformasiyanı “ABŞ siyasətinin fenomeni” elan etdi. 2022-ci ildə Birləşmiş Millətlər Təşkilatı dezinformasiyanı “təhlükəli fenomen” hesab edərək, onun dünya miqyasında təsirlərinə diqqət çəkdi. Davos İqtisadi Forumunda dezinformasiya dünyanın qarşısında duran risklər arasında ikinci böyük təhlükə hesab olunub. Son 10 ildə dezinformasiyanın dünya üçün ciddi riskə çevrilməsi sürətlə artıb. Birinci səbəb kimi, dünyada siyasi aktivliyin və münaqişələrin sayının artması göstərilir. Dezinformasiya artıq müharibələrin və hibrid müharibələrin əsas aləti, informasiya savaşının komponentidir. Bu, insanların yanlış məlumatların çaşdırılması və ictimai rəyin manipulyasiyasını təmin edir. Münaqişələr qızışdıqca və rəqabət artdıqca, dezinformasiyanın yayılması da daha sürətli olur. İkinci səbəb isə dezinformasiyanın qarşısının alınmasında gecikmələrdir. Rəqəmsal texnologiyaların sürətlə inkişafı və yeni media alətlərinin artması dezinformasiyanın çox sürətlə yayılmasına imkan yaradır. Bu səbəbdən, hazırda dezinformasiya həm sürətlə yayılan, həm də effektiv qarşısı alınması çətin olan bir fenomendir”.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə 2020-ci il Vətən müharibəsində ölkəmizə qarşı başladılan dezinformasiya silahının bu gün də aktiv formada davam etdiyinə diqqəti çəkdi: “Hamımız yaxşı bilirik ki, hərbi münaqişə bitsə də, informasiya müharibəsi, dezinformasiya təhlükəsi davam edir. Milli məsələlər kontekstində dezinformasiya hələ uzun müddət gündəmdə olacaq. Eyni zamanda, bu problem təkcə milli səviyyədə yox, regional xarakter daşıyan mövzularda da özünü göstərir. Müxtəlif ictimai xadimlərə, tanınmış şəxslərə və sosial qruplara qarşı mütəmadi olaraq dezinformasiya halları ilə rastlaşırıq. Bir müddət əvvəl Prezident İlham tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər əsasən, sosial şəbəkələrdə etik davranış, milli-mənəvi dəyərlər və ümumilikdə informasiya təhlükəsizliyi ilə bağlı məsələləri əhatə edirdi. Açıq demək lazımdır ki, bu sahədə qanunvericilikdə müəyyən boşluqlar var idi və yeni dəyişikliklər bu baxımdan çox yaxşı oldu ki, həmin əlavə və dəyişikliklər qəbul edildi”.
QHT sədri ölkəmizdə media savadlılığı aşağı səviyyədə olduğunu bildirdi: “Beynəlxalq təcrübəyə nəzər salsaq, xüsusilə Finlandiya modelini qeyd etmək olar ki, bu, dünyada ən uğurlu modellərdən biridir. Orada media savadlılığı orta məktəbdən, hətta daha aşağı yaş qruplarından başlayaraq sistemli şəkildə həyata keçirilir. Avropada 41 ölkəni əhatə edən Media Savadlılığı İndeksi mövcuddur və həmin indeksdə Finlandiya 74 balla lider mövqedədir. Təəssüf ki, həmin siyahıda Azərbaycan aşağı pillələrdə, təxminən 20 bal səviyyəsində yer alır. Düşünürəm ki, vəziyyətin yaxşılaşdırılmasında birinci növbədə akademik çevrələr – mütəxəssislər, ekspertlər, daha sonra isə jurnalistlər məsuliyyətli və etik davranış çərçivəsində aktiv olmalıdırlar. Çünki dezinformasiyanın yayılma mənbələrindən biri məhz media subyektləridir”.
Sonda Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyət üçün aktual mövzularda ictimai müzakirələri davam etdirəcəyini bildirdi.
Tacir SADIQOV
XQ

