Avrasiyanın yeni “dəmir qalxanı”

post-img

Yaxud Zəngəzur layihəsi qlobal xaosu necə neytrallaşdırır?

Türk Dövlətləri Təşkilatının (TDT) çətiri altında həyata keçirilən inteqrasiya prosesləri, xüsusilə TRIPP kimi strateji təşəbbüslər vasitəsilə reallaşdırılan əməkdaşlıq formatları nəhəng coğrafiyada təhlükəsizlik qalxanı funksiyasını yerinə yetirməyə başlayır. XXI əsrin üçüncü onilliyində müşahidə olunan qlobal xaos, xüsusilə ABŞ və Çin arasında getdikcə kəskinləşən və ticarət müharibələrindən hərbi-siyasi qarşıdurmaya keçid mərhələsində olan rəqabət fonunda Türk dövlətlərinin nümayiş etdirdiyi həmrəylik modeli alternativsiz sabitlik adasıdır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Türk dünyasının birləşməsi və TDT-nin qlobal liderə çevrilməsi tarixi zərurətdən irəli gələn qaçılmaz prosesdir. Məhz bu zərurət fonunda formalaşan təhlükəsizlik arxitekturası regionun gələcəyini sığortalayan yeganə effektiv mexanizmdir.

Hazırkı qlobal qarşıdurma mühiti kiçik və orta dövlətləri seçim qarşısında qoyaraq onları hegemon güclərin orbitinə məcburi şəkildə daxil etməyə çalışır. Sakit okean hövzəsindən başlayaraq Avropanın şərq sərhədlərinə qədər uzanan gərginlik zolağı dünya ticarətinin və enerji təhlükəsizliyinin əsas damarlarını təhdid altına alır. Vaşinqtonun Hind–Sakit okean strategiyası çərçivəsində Pekini cilovlamaq cəhdləri və Çinin buna cavab olaraq qlobal cənub ölkələri ilə əlaqələri dərinləşdirməsi qlobal təhlükəsizlik sistemində vakuum yaradır. Məhz bu şəraitdə TDT heç bir qütbün yanında yer almadan, əksinə, mərkəzi qüvvə kimi çıxış edərək milli maraqların və suverenliyin qorunmasını hədəfləyən müstəqil xətt yürüdür. TRIPP təşəbbüsü çərçivəsində reallaşdırılan layihələr, o cümlədən Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və vahid nəqliyyat-logistika şəbəkəsinin qurulması iqtisadi inteqrasiyanı təhlükəsizlik amili ilə birbaşa əlaqələndirir.

TDT-nin təhlükəsizlik sahəsində atdığı addımlar, xüsusilə son zirvə görüşlərində qəbul edilən qərarlar təşkilatın, sadəcə, mədəni və ya iqtisadi ittifaq olmadığını, həm də ciddi hərbi-siyasi blok kimi formalaşdığını sübut edir. Mülki Müdafiə Mexanizminin yaradılması, kəşfiyyat məlumatlarının mübadiləsi, terrorizmə, ekstremizmə və separatizmə qarşı birgə mübarizə barədə razılaşmalar kollektiv təhlükəsizlik sisteminin təməl daşlarıdır. Dünyanın müxtəlif nöqtələrində alovlanan münaqişələr, hibrid müharibələr və kibertəhdidlər Türk dövlətlərini müdafiə sənayesi sahəsində dərin kooperasiyaya sövq edir. Türkiyənin hərbi-sənaye kompleksinin əldə etdiyi nailiyyətlərin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan ordularının arsenalına inteqrasiya olunması regionun müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Bu əməkdaşlıq birgə istehsal müəssisələrinin yaradılmasını, hərbi kadrların hazırlanmasını və ortaq təlimlərin keçirilməsini ehtiva edir.

İlham Əliyevin müdafiə realizmi: hücum etmirik, qoruyuruq!

Azərbaycan Prezidenti İlham Əliyevin TDT-nin mahiyyəti barədə səsləndirdiyi fikirlər təşkilatın fəlsəfəsini və strateji hədəflərini dəqiq ifadə edir. Dövlət başçısı birmənalı şəkildə bəyan etdib ki, formalaşan birlik üçüncü tərəflərə qarşı yönəlməyib, ərazi iddiaları və ya hücum xarakteri daşımır, əksinə, sırf özünüqoruma instinktinə və milli suverenliyin müdafiəsinə əsaslanan müdafiə ittifaqıdır. Sözügedən yanaşma beynəlxalq münasibətlərdə müdafiə realizmi nəzəriyyəsi ilə tam uzlaşır. Türk dövlətləri başqalarının torpaqlarında gözü olmadığını, lakin mövcud sərhədlərin toxunulmazlığını və daxili sabitliyi qorumaq üçün istənilən təhdidə, istər hərbi, istər ideoloji, istərsə də iqtisadi olsun, birgə cavab vermək əzmində olduqlarını nümayiş etdirirlər. Regionda neokolonializm meyillərinin baş qaldırdığı, bəzi Qərb dairələrinin və ya ənənəvi imperiya ambisiyası güdən qüvvələrin Türk dövlətlərini yenidən təsir dairəsinə salmaq cəhdləri qarşısında TDT sarsılmaz sədd rolunu oynayır.

ABŞ və Çin arasındakı qlobal rəqabətin Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna proyeksiyası region ölkələri üçün həm risklər, həm də imkanlar yaradır. Çinin "Bir kəmər, bir yol" təşəbbüsü və ABŞ-ın regiona yönəlik layihələri arasında balansın qorunması incə diplomatik məharət tələb edir. TRIPP və Orta Dəhliz layihələri vasitəsilə Türk dövlətləri tranzit ölkə statusundan çıxaraq qlobal ticarətin moderatoru rolunu mənimsəyirlər. Şərq–Qərb marşrutu üzrə yükdaşımaların həcminin artması və enerji resurslarının Avropa bazarlarına nəqli Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin strateji çəkisini artırır. Lakin iqtisadi cəlbedicilik artdıqca xarici müdaxilə riskləri də paralel şəkildə artır. Məhz burada TDT-nin təhlükəsizlik çətiri işə düşür. Vahid informasiya məkanının yaradılması, kiberhücumlara qarşı ortaq müdafiə sistemlərinin qurulması və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi xarici ölkələrin regionda destruktiv fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, XXI əsr Türk əsri olacaq. Bu bəyanat konkret rəqəmlərə, demoqrafik göstəricilərə və iqtisadi potensiala söykənir. Avropada əhalinin qocalması və iqtisadi durğunluq, Rusiyanın sanksiyalar məngənəsində sıxılması fonunda gənc, dinamik və zəngin resurslara malik Türk dünyası qlobal inkişafın yeni hərəkətverici qüvvəsinə çevrilir. Təşkilatın əhatə etdiyi coğrafiya Aralıq dənizindən Sakit okeana qədər uzanır və mühüm geostrateji nöqtələri nəzarətdə saxlayır.

ABŞ-Çin qarşıdurmasının gələcəkdə daha kəskin fazaya keçməsi ehtimalı fonunda TDT-nin bitərəf, lakin prinsipial mövqeyi qlobal sabitlik üçün hava və su kimi zəruridir. Bloklara qoşulmamaq, lakin milli maraqları qorumaq üçün güclü hərbi-siyasi ittifaq formalaşdırmaq strategiyası ən rasional yoldur. Təhlükəsizlik sahəsindəki əməkdaşlığın genişləndirilməsi, hərbi doktrinaların unifikasiyası və operativ uyarlılığın təmin olunması Türk ordularının vahid orqanizm kimi hərəkət etmək qabiliyyətini artırır. Türk Dövlətləri Təşkilatının Səmərqənd və Astana sammitlərində qəbul edilən strateji sənədlər təşkilatın gələcək yol xəritəsini müəyyən edir. Sənədlərdə əks olunan müddəalar onu göstərir ki, üzv dövlətlər təhlükəsizliyi bölünməz anlayış kimi qəbul edirlər. Yəni üzv dövlətə qarşı yönələn təhdid bütün təşkilata qarşı yönəlmiş hesab olunur. Bu həmrəylik modeli NATO-nun 5-ci maddəsinə bənzər mexanizmin, lakin regionun spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmış formasının tətbiqini nəzərdə tutur.

Mövcud reallıqlar onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzlərindən biri kimi formalaşıb. Təşkilatın sülhsevər missiyası, ədalətli dünya nizamı çağırışları və beynəlxalq hüquqa hörmət prinsipləri onu digər hərbi bloklardan fərqləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, məqsəd kiməsə hücum etmək yox, öz evini, öz dəyərlərini və gələcəyini qorumaqdır. Qərbin ikili standartları və bəzi hallarda Türk dünyasına qarşı qərəzli yanaşması fonunda özünümüdafiə mexanizmlərinin yaradılması zərurətə çevrilib. Mədəni köklərdən güc alan, iqtisadi praqmatizmlə möhkəmlənən və hərbi-siyasi iradə ilə zirehlənən Türk birliyi Avrasiyanın taleyini müəyyən edən əsas faktorlardan biri olacaq. Prosesin gedişatı labüddür və geridönüşü yoxdur.

Prezident İlham Əliyevin liderliyi və strateji uzaqgörənliyi ilə Azərbaycan sözügedən prosesin lokomotivlərindən biri kimi çıxış edir. Güclənən, birləşən və inkişaf edən Türk dünyası qlobal təlatümlər dənizində etibarlı liman və sivilizasiyalararası dialoqun mərkəzi olacaq. Yaradılan ittifaq aqressiv millətçilikdən uzaq, bəşəri dəyərlərə hörmət edən və əməkdaşlığa açıq modeldir. Lakin kimsə Türk dünyasının səbrini sınamağa və ya onun maraqlarına toxunmağa cəhd edərsə qarşısında sarsılmaz divar görəcək. Tarixin sərt sınaqlarından, münaqişə və xarici təzyiqlərdən keçərək hazırkı mərhələyə çatan Türk xalqları təhlükəsizliyin və birliyin dəyərini başqalarından daha dərindən dərk edirlər. Xalqımızın “Başına gələn başmaqçı olar” hikməti məhz mövcud geosiyasi reallığın dəqiq ifadəsidir. Keçmişdə yaşanan acı təcrübələr, üzləşdiyi ədalətsizliklər və xarici müdaxilələr bu gün Türk dövlətlərini daha ayıq, daha güclü və daha mütəşəkkil olmağa vadar edir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət