Paşinyanın komandası keçmişdə ilişib qalmamalıdır!

post-img

Saxta məhbus məsələsinin beynəlxalq platformalara çıxarılması sülhə kölgə salır

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulun təşkil edildiyi məlumdur. O da məlumdur ki, həmin qəbulda Prezident Tramp Azərbaycan– Ermənistan sülhünə xüsusi diqqət çəkmişdi. Mövcud xüsusda onunla dövlətimizin başçısı arasında kiçik dialoq da yaşanmışdı. ABŞ lideri Prezident İlham Əliyevdən sərhəd xəttində gərginliyin olub-olmaması, atəş səslərinin eşidilib-eşidilməməsi barədə soruşmuşdu. Ölkəmizin rəhbərinin cavabı isə bu olmuşdu: “Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu”.

Bəli, avqustun 8-də Vaşinqtonda 30 ildən artıq davam etmiş münaqişəyə son qoyuldu, dövlətlərarası münasibətlərdə yeni səhifə açıldı. Bunun ən parlaq göstəricisi Azərbaycan və Ermənistan liderlərinin həmin gün Prezident Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə oldu ki, sənəddə eyni zamanda, tərəflər arasında sülh sazişinin paraflandığı əksini tapdı.

Qeyd edək ki, Birgə Bəyannamə Azərbaycan–Ermənistan münasibətlərinin həm hazırkı spektrini müəyyənləşdirir, həm də gələcək üçün baza formalaşdırır, böyük nikbinlik yaradır. Sənəd, həmçinin, belə demək mümkünsə, müəyyən çərçivə müəyyənləşdirir. O çərçivə ki, qarşıdakı illərdə ona nəzərən başqa fəaliyyət istiqamətlərinə keçmək mümkündür. Keçid isə qarşılıqlı inam və etimaddan asılıdır.

Bakı ilə İrəvan arasında inamın və etimadın möhkəmlənməsinə gəldikdə, gələcəyə baxmaq, keçmişdə ilişib qalmamaq lazımdır. Ancaq Ermənistan rəhbərliyinin bəzi davranışları onun niyəsə keçmişdən yapışdığını göstərir. Bu da öz növbəsində Birgə Bəyannamənin ruhuna ziddir. Bu baxımdan bir cəhətə diqqət yetirək və yada salaq ki, Ermənistanın “Hraparaq” nəşri avqustun 30-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında telefon danışığının olduğuna dair məlumat yaymışdı. Nəşrin yazdığına görə, telefon əlaqəsi Bakının təşəbbüsü ilə reallaşıb. Söhbətin əsas mövzusu isə Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən və Bakıda məhkəməsi davam edən ermənilər olub.

Məsələ ondadır ki, Vaşinqton görüşü zamanı Ermənistan nümayəndə heyəti ABŞ Prezidenti ilə müzakirədə bu məsələni qaldırmış, “xristian erməni məhbuslar”ın İrəvana verilməsini istəmişdi. Tramp mövzuya mümkün çərçivədə baxılmasını Azərbaycan tərəfindən xahiş edəcəyini söyləmişdi. “Hraparak” isə bildirmişdi ki, Hikmət Hacıyev Qriqoryanla telefon danışığında məsələnin gündəmə gətirilməsinin Azərbaycan və Ermənistan arasında əldə olunan sülh razılaşması və münasibətlərin normallaşmasına xələl gətirə biləcəyini vurğulamışdı. Həmçinin, ölkəmizə qarşı cinayətlərdə əli olan ermənilərin azad edilməsi məsələsinin nəzərdən keçirilmədiyini, bunun mümkün olmadığını qeyd etmişdi. H.Hacıyev həmin şəxslərin “xristian məhbuslar” adı ilə təqdimatının da doğru olmadığını nəzərə çatdırmış, mövzunun ümumiyyətlə qaldırılmamasının zəruriliyini bildirmişdi. Məlumata görə, Qriqoryan heç bir problemin olmadığını demiş və Hacıyevlə razılaşmışdı.

“Hraparaq” məlumatında onu da bildirmişdi ki, Ermənistan hökuməti Bakıdakı şəxslərlə (hərbi cinayətlərdə ittiham olunan ermənilərlə – red.) maraqlanmır, sadəcə, 2026-cı ildə keçiriləcək seçki öncəsi ictimaiyyətin gözündə üstünlük qazanmaq üçün onlardan bir-ikisinin azadlığa çıxması naminə çalışır. Əlbəttə, məlumdur ki, Paşinyan administrasiyası təmsilçilərinin Bakıda məhkəməsi gedən şəxslər üçün, loru dildə desək, gözləri uçmur, hətta, onları özlərinə potensial təhlükə qismində görürlər. Üstəlik, hazırda baş nazir Nikol Paşinyan çıxışlarında keçmişin mənfi stereotiplərindən uzaqlaşmağı təbliğ edir, erməni cəmiyyətinə yeni reallıqları çatdırır. Elə isə sual yaranır: Nə üçün “Bakıda saxlanılan erməni məhbuslar” məsələsi beynəlxalq platformalara daşınır? Hansı səbəbdən rəsmi İrəvan onların kiçik bir qisminin azadlığa çıxmasını 2026-cı il seçkilərində özünə dividend gətirəcək amil kimi nəzərə alır? Hər halda, sualların meydana çıxma səbəbi var.

***

Deməli, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spolaryç-Egger ilə görüşündə humanitar məsələlərin, xüsusilə “erməni hərbi əsirlərin və mülki şəxslərin azad edilməsi, həmçinin BQXK-nın Azərbaycandakı ofisinin bağlanması şəraitində onların ziyarətlərinin təşkilinin” müzakirəsini aparıb. Hələ tərəflər “Ermənistan və Azərbaycan arasında avqustun 8-dəki razılaşmanın humanitar problemlərin həllinə də töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər”.

Sonuncu cümlə xüsusən yolverilməzdir. Belə nəticə hasil ola bilər ki, Azərbaycan sözügedən şəxsləri azadlığa buraxmamaqla Vaşinqton razılaşmasına xələl gətirir. Halbuki, avqustun 30-da Bakıdan İrəvana edilmiş telefon zəngində paytaxtımızda məhkəməsi gedən şəxslərin sülh gündəminə heç bir aidiyyatının olmadığı tam aydın şəkildə vurğulanıb, bu, öz yerində.

Digər tərəfdən, məsələsini beynəlxalq tribunalara daşıyan təkcə Mirzoyan deyil. Ermənistan parlamentinin sədri Alen Simonyan da bu baxımdan fərqlənir. O, Madriddə İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiassla görüşündə mövzunu qabardıb. Görüşdə Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş sülhün böyük əhəmiyyət daşıdığı önə çəkilib. A.Simonyan, “Azərbaycanda əsirlərin və qanunsuz saxlanılan şəxslərin problemi, xüsusilə itkin düşmüş hesab edilən şəxslər məsələsini” ispaniyalı həmkarının diqqətinə çatdırıb.

Göründüyü kimi, Ermənistanın bir rəsmi şəxsi, bir də hakim komandanın təmsilçisi, demək olar, eyni vaxtda eyni mövzunu qaldırır. Şübhəsiz, onlar Bakının mövqeyini çox yaxşı bilirlər. Onu da bilirlər ki, ölkəmiz prinsipial məqamlarda geri addım atmır və son 5 ildə yaşananlar bunun sübutudur. Hay hakim düşərgəsi durumu ciddi düşünməlidir.

Bəli, Ermənistan rəhbərliyi Azərbaycan dövlətinin qətiyyətindən xəbərdardır. Heç bir qüvvənin ölkəmizə təsir göstərməsi mümkün deyil. Yaxşı olar ki, Paşinyan administrasiyası Bakıda məhkəməsi gedən şəxslərin azadlığa çıxmaları xüsusunda dividend axtarışına, yeni gündəm yaratmaqla, Bakı ilə İrəvan arasında kövrək mərhələdə olan etimad quruculuğu tədbirlərinə zərər vurmasın.

Məsələyə digər prizmadan yanaşaq. Nəzərə alsaq ki, erməni iqtidarı həmin şəxslərdən, yumşaq desək, xoşlanmır, o zaman belə qənaətə gəlmək mümkündür ki, hay hakim düşərgəsi onların azadlıq qapılarını tamamilə bağlamaq fikrindədir. Bir halda ki, Azərbaycana təzyiq mümkün deyil, sözügedən mövzu beynəlxalq platformalara nə qədər çox daşınsa, bu, Bakının prinsipial mövqeyinin bir o qədər çox güclənməsi deməkdir.

Sonda onu da bildirək ki, ölkəmizin ədalət mühakiməsinə müdaxiləsinin yolverilməzliyini anlayan Paşinyan tərəfdarlarının müxtəlif xarici təmaslarda “Azərbaycanda saxlanılan hərbi əsirlər və girovlar” məsələsini gündəmə gətirməklə, Ermənistanın daxili ictimai rəyinə mesaj vermək istədikləri aydındır. Mesaj təxminən belədir: Rəsmi İrəvan müxaliflərin qaldırdıqları mövzu ilə ciddi məşğuldur, amma səylər nəticə vermir. Həmin müxaliflərin təbliğatı isə Azərbaycanın, guya, humanitar dəyərlərdən uzaq ölkə olması üzərində qurulur. Müvafiq olaraq Paşinyan iqtidarı belə bir ölkə ilə sülhdə qınanılır.

Yəni hazırda erməni hakim komandası üçün, necə deyərlər, yuxarı bığdır, aşağı saqqal. Belə bir durumda həmin komanda özü prinsipial davranmalı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı kimi, məhkəməsi gedən şəxslərin, ən azından, Ermənistanda yox, suveren Azərbaycanın ərazisində ələ keçdiklərini əsas götürməli, Ermənistandakı revanşist və şovinist kəsimə qarşı əks arqumentini məhz bu formada seçməlidir.

Ə.RÜSTƏMOV
XQ

Siyasət