Müqəddəs zəfərin suverenlik mükafatı

post-img

Yaxud 23 saat 43 dəqiqənin qətilik və bütövlük hökmü

İki il əvvəlin dünənində başladı, bu günündə başa çatdı. Cəmi 23 saat 43 dəqiqə çəkdi və həmin müddət bizi beş il əvvəlin müqəddəs Zəfərinə apardı. Eyni ruhyüksəkliyini, eyni ovqatı və eyni əzmi yaşadıq. Təkcə yaşamadıq, həm də təmizləndik, paklandıq, sanki dünyaya yenidən gəldik.

2020-ci ilin Vətən müharibəsinin ilk günlərinə aid və özündə Azərbaycan xalqının vəhdətini əks etdirən çoxsaylı video görüntülərdən biri daha təsirlidir. Yəqin, seyr etmisiniz, həmin görüntüdə əsgərlərlə dolu hərbi maşınlar üzü cəbhəyə yollanır, bir sürücü isə maşınını kənara çəkib, dizüstə çökərək əllərini göyə qaldırır. Yox, o, nəyə görəsə yalvarmırdı, belə bir qürurlu günə görə şükr və dua edirdi. İki il əvvəlin dünənində əllərimizi göyə qaldırıb dua etdik. İki il əvvəlin bu günündə isə uca Tanrıya şükranlarımızı çatdırdıq.

2023-cü ilin bu günündə gözlərimizin önündə böyük tarixin yazıldığı üçün təkcə şükr etmədik, inanılmaz sevinc hissi də keçirdik. Silahlı Qüvvələrimizin yüksək peşəkarlıqla reallaşdırdıqları lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının qürurunu yaşadıq. Tam əminik ki, bu yaşantı nəsillərə miras qalacaq qəhrəmanlıq salnaməmizdir.

Silahlı Qüvvələrimizin qısa müddətdə əldə etdiyi böyük uğur xalqımıza bütöv Vətəndə yaşamaq xoşbəxtliyini daddırdı. Xoşbəxtliyin ilk müjdəçisi isə Prezident, Ali Baş Komandan İlham Əliyev oldu. Dövlətimizin başçısı xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətində fəxrlə bəyan etdi: “Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir”.

Prezident İlham Əliyev xalqa müraciətində bir çox məqamlardan söz açmaqla yanaşı, Silahlı Qüvvələrimizin döyüş meydanında böyük şücaət göstərdiyini də vurğuladı. Eynilə 44 günlük müharibədəki kimi: “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

***

44 günlük müharibə başa çatanda insanlarımızı Ağdərənin, Əsgəranın, Xocavəndin, Xankəndinin və nəhayət qan yaddaşımız olan Xocalının aqibəti maraqlandırdı. Savaşın yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağa məramı sülhdən uzaq Rusiya hərbçilərinin yerləşmələri, onların özlərini bölgədəki separatçıların hamisi qismində aparmaları, habelə Ermənistanın getdikcə artan, yeni miqyas alan, itirilmişlərin bərpasına yönələn çoxsaylı spekulyasiyaları narahatlığımızı daha da artırdı. Qarabağdakı qondarma rejimin təmsilçilərinin özlərini, sanki, ayrıca respublikanın nümayəndələri olaraq göstərmələri isə səbr kasamızı daşdırdı.

Üstəlik, içimizdəki bəzi ağzıgöyçəklər də var idi ki, onlar “Azərbaycan ərazilərinə rusları buraxdı”, “Qarabağda Rusiyaya bağlı hakimiyyət qurulacaq” və sair bu kimi fikirlərlə cəmiyyətdə çaşqınlıq yaratdılar. Bütün bu sayaq təmayüllərə özünün qətiyyətli cavabını verən isə Prezident İlham Əliyev oldu. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdi ki, ölkəmiz lazım olan vaxtda lazım olan addımları atır və atacaq: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik”.

***

Bəli, Prezident İlham Əliyev nəyi, nə zaman və necə edəcəyini hamıdan çox yaxşı bilən lider keyfiyyətlərini göstərdi. Ali Baş Komandanın sadiq əsgərlərinin şücaət və rəşadəti nəticəsində 2023-cü il sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyi özünü buraxmaq məcburiyyətində qaldı. Bu, separatizmin, əslində, qurama mahiyyət daşıyan siyasi əsaslarının tamamilə sıradan çıxması kimi müstəsna anlam daşıdı.

İlk siyasi nəticə Qarabağda paralel idarəçiliyin və hərbi birləşmələrin mövcudluğuna son qoyulması idi. İkinci siyasi nəticə o oldu ki, məhz antiterror tədbirlərindən sonra Azərbaycan-Ermənistan sülh prosesi yeni mərhələyə qədəm qoydu. Ölkəmiz öz şərtlərini daha əmin şəkildə diktə etmək imkanı qazandı. Bu isə öz növbəsində həmin vaxtadək gedən vasitəçilərli danışıqlar mərhələsini sona çatdırdı, müxtəlif siyasi manevrlərin qarşısını kəsdi, Cənubi Qafqaz coğrafiyası üçün yeni düzənin başlanğıcını qoydu. Prezident İlham Əliyev sözügedən müraciətində mövcud məqamı bir növ anons kimi vurğuladı. “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq”, – deyən dövlətimizin başçısı vurğulamışdı ki, Azərbaycanın və Ermənistanın öz aralarındakı məsələləri tənzimləyəcəyinə, sülh müqaviləsi imzalayacağına və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlarına ümidlər var.

Üçüncü siyasi nəticədən söz açaraq bildirək ki, 44 günlük müharibə Ermənistan üçün rüsvayçı sonluqla başa çatanda, bütün dünya Azərbaycanın gücünü və qüdrətini görmüşdü. Həmin vaxt aydın olmuşdu ki, ölkəmiz Ermənistandan qat-qat üstündür. Lokal xarakterli antiterror tədbirləri isə üstünlüyümüzü, bir növ, ehkamlaşdırdı. Azərbaycan regional balansı tamamilə öz xeyrinə dəyişdi və bölgədə əsas güc mərkəzi kimi mövqeyini möhkəmləndirdi.

Daha bir məqama diqqət yetirək. Antiterror tədbirlərinin beynəlxalq siyasi vəziyyətə də təsiri oldu. Əlbəttə, mövcud müstəvidə ölkəmizin mövqeyi əvvəldən də, kifayət qədər, dayanıqlı idi. Çünki Azərbaycan İkinci Qarabağ müharibəsində yalnız Ermənistana yox, eyni zamanda, onun xaricdəki havadarlarına qalib gəlmiş, bütövlükdə dünya erməniliyinə sarsıdıcı zərbə endirmiş, Qarabağ münaqişəsinin, əslində avantüra təmayülünü sübuta yetirmişdi.

İki il əvvəlin bu günündə yaşananlar isə beynəlxalq siyasi mövqeyimizi bir qədər də gücləndirdi. Dövlətimizin başçısı xalqa 2023-cü il sentyabrın 20-də ünvanladığı müraciətində həm bunu dedi, həm də xəbərdarlıq etdi: “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Antiterror tədbirlərinin beşinci siyasi nəticəsindən söz açaq. Azərbaycanın iki il əvvəl nümayiş etdirdiyi qətiyyət Cənubi Qafqaz müstəvisində məkrli oyun qurucularının planlarını tamamilə alt-üst etdi. Onlar hazırladıqları “ssenarilərin” heç nəyə yaramadığını gördülər. Dövlətimizin başçısı isə xalqa müraciətində bildirdi: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”

Antiterror tədbirlərinin altıncı siyasi nəticəsinə, daha doğrusu, Qarabağın, demək olar, tamamilə ermənisizləşdirilməsinə nəzər salaq. Halbuki, Azərbaycan Prezidenti xalqa müraciətində bildirmişdi: “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”.

Məlum olduğu kimi, qondarma rejimin özünü buraxmasından sonra rəsmi İrəvan Qarabağdakı erməni əhalinin Ermənistanın müxtəlif yerlərinə köçürülməsinə start verdi, dövlətimizin ermənilərin bölgədəki yaşam təminatlarına əhəmiyyətsiz yanaşdı. Sonradan məlum oldu ki, bu, əlahiddə məqsəd daşıyan siyasi gedişdir. Məqsəd isə Qarabağ avantürasını böyük niskil formasına salmaq idi.

Beləliklə, əzilmiş erməni obrazı ilə yaradılan saxta niskil bölgə ilə bağlı yeni ambisiyalar irəli sürmək, həmçinin, Qarabağ ermənilərinə yardım adı altında Ermənistana xaricdən maddi vəsait cəlb etmək məramına söykəndi. Bu məramın daha bir seqmentini Qarabağ ermənilərinin təhlükəsiz geri dönüşü məsələsini sülh danışıqlarının predmetinə çevirmək cəhdi təşkil etdi. Yəni, baş nazir Nikol Paşinyan administrasiyası əvvəllər Qarabağ erməniləri üçün beynəlxalq təminat tələb edirdisə, antiterror tədbirlərindən sonra həmin təminatı bölgəni tərk etmiş hayların geri dönüşü üçün istədi.

Ümumən, rəsmi İrəvan dolayısı ilə Qarabağa ayrıca beynəlxalq status əldə etməyə çalışdı ki, bu məqam real sülh danışıqlarının antiterror tədbirlərindən dərhal sonra yox, 2024-cü ilin əvvəlindən başlamasına səbəb oldu. Yəni, arada gecikmə qeydə alındı. Əlbəttə, Ermənistan hakimiyyəti heç bir istəyinə çata bilmədi və bu gün Bakı-İrəvan sülh sazişi artıq paraflanıb. Ümid edək ki, sənədin imzalanacağı gün də uzaqda deyil.

***

Bəli, iki il əvvəl düşmənə son dərəcə sarsıdıcı zərbə endirdik. Elə bir zərbə ki, o, sanki, ərazilərimizdəki separatçılıq mərəzini süpürüb aparan sel oldu. Hadisənin yuxarıda sadaladığımız siyasi tərəflərinin mövcudluğu kimi, mənəvi anlamı da var. Bu anlamın ən böyük təsvirini verən də, bu təsviri nəsillərə miras əməli yaddaş nümunəsinə çevirən də Prezident İlham Əliyevdir.

Bu gün xalqımız tarixində ilk dəfə olaraq dövlətimizin başçısının 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla təsis olunmuş Dövlət Suverenliyi Gününü qeyd edir. Sərəncamda bu əlamətdar tarix ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində başladığımız azadlıq və müstəqillik uğrunda mübarizənin misilsiz neməti kimi vurğulanır.

Sənəddə keçdiyimiz yolun ağrı və acıları, məşəqqət və məhrumiyyətləri, faciə yaşantıları və uğurlarımız kino lenti kimi canlanır. Çətinliklərə sinə gərmək, ayaqda qalmaq və var olmaq uğrunda mücadiləmizin ayrı-ayrı epizodları da həmçinin. Sərəncamda bildirilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Artıq son üç ayını yaşamağa doğru getdiyimiz “Konstitusiya və Suverenlik İli” də 20 Sentyabr tarixinin ruhundan qaynaqlanır ki, bu ruha 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ehtiram və ehtişam qazandıran Prezident İlham Əliyevdir. Axı lokal xarakterli antiterror tədbirləri nəticə etibarilə ölkəmizin konstitusyon quruluşunu bərpa etmək naminə keçirilmişdi. O quruluşu ki, qərarlaşması mahiyyətində tamlığımızı və bütövlüyümüzü daşıyan, müəllifi ulu öndər Heydər Əliyev olan Azərbaycan Konstitusiyasının qəbulunun 30 illiyinə çox böyük hədiyyədir. O quruluş ki, xalqımızın parlaq gələcək, işıqlı sabahlar, ədalətli cəmiyyət, sülh və əminamanlıq, dinclik, asayiş və rifah arzusunun ecaskar təntənəsidir. Eynilə dövlətimizin başçısının Sərəncamında vurğulandığı kimi: “Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.

XX əsrin görkəmli siyasi xadimi və böyük dövlət adamı Uinston Çörçil deyirdi ki, heç vaxt təslim olmayın, hətta ümidlər sönəndə belə, mübarizə insanı zirvəyə aparır. Bu gün tam qətiyyətlə demək olar ki, 20 sentyabr tarixi ilə Azərbaycan insanının, hər bir azərbaycanlının yaddaşında əbədiləşən Dövlət Suverenliyi Günü ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji mübarizənin, Prezident İlham Əliyevin həmin mübarizəyə hakim kəsilmiş əzmi, iradəni və prinsipiallığı nəzəriyyədən fundamental idarəçilik xəttinə çevirmənin, ən əsası, dövlətimizin başçısının xalqa aşıladığı barışmazlıq hissinin, xalq-hakimiyyət vəhdətinin müqəddəs mükafatıdır. Əminik ki, bu mükafat ölkəmizi daha böyük zirvələrə daşıyacaq. Həm də ona görə əminik ki, biz yüksək zirvələrə layiq xalqıq.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət