Yaxud işğalçılıqdan utanmayanlar haqqında nekroloq
Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “İnterfaks” agentliyinə müsahibəsində Azərbaycanda Rusiya mədəniyyəti tədbirlərinin ləğvi məsələsi ilə bağlı mövqeyini bildirib. O, ümumən, bir çox məqamların üzərində dayanıb. Yazımızda həmin məqamlardan yalnız birinə diqqət yetirəcəyik. Beləliklə, cənab Şvıdkoy deyib ki, Rusiya mədəniyyəti tədbirlərinin ləğvinə dair qərar “Azərbaycanın mədəniyyət mühitini və mənzərəsini yoxsullaşdıracaq”.
Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sırf üzərində dayandığımız məsələyə toxunub və bildirib ki, cənab Şvıdkoy Azərbaycanda dəfələrlə səfərdə olub və yüksək mədəniyyətimizə heyranlığını bildirib. “Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük. Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir”.
Bəli, M.Şvıdkoyun dilə gətirdiyi ifadə adi sayıla bilməz və sırf imperialist yanaşma tərzinin məhsuludur. Özü də zay məhsulu. Məsələ ondadır ki, öz xalqını daim yüksəkdə tutan rus imperializmi zaman-zaman ayrı-ayrı məmləkətlərə mədəniyyət və incəsənət, bir sözlə, insan kimi yaşamaq aurası gətirdiyini iddia edib. Daha doğrusu, bu fikri başa qaxınc kimi gündəmə gətirib. Ən başlıcası, rus imperializminin nümayəndələri və qulbeçələri bizlərə, o cümlədən, imperiya boyunduruğundakı digər xalqlara, loru dildə desək, təxminən, belə bir sual veriblər: Siz kim olmusunuz?
Ağzımızı açmağa qoymayıb, suala cavabı da özləri səsləndiriblər: Vandal, köçəri həyat tərzi sürən, daxmalarda gecələyən, evsiz-eşiksiz, dünyagörüşü dar tüfeylilər idiniz, sizləri adam etdik.
Qeyd edək ki, haqqında söz açdığımız həyasız baxış müxtəlif üsullarla sovet dövrü kinematoqrafiyasında da yer alıb. Məsələn, “Babək” filmindəki eşq səhnəsini götürək. Aydındır ki, Sovetlər Birliyinin üzdə bəyan edilmiş normaları özündə intim tabusu yaşadırdı. Axı, kommunist adını daşıyan şəxs əxlaqlı olmalı idi. Əlqərəz, təsəvvür edin, Azərbaycan tamaşaçısı xalqın qəhrəmanı olan Babəki, az qala, açıq cinsi əlaqəyə girərkən görür. Bu, qəhrəmanın obrazını heçə endirir, habelə, şüuraltı şəkildə həmin qəhrəmanın mənsub olduğu xalqın, guya, mənəvi kasadlığına dair rəy formalaşdırırdı. Beləliklə, beyni kommunist ideologiyası ilə doldurulmuş azərbaycanlı düşünməli idi ki, sovet quruluşu ona düzgün yaşamaq qaydası gətirib. Hər halda, həmin dönəmin stereotiplərini nəzərə alıb, məlum filmə Babəki, müəyyən mənada, məişət pozğunu kimi göstərən səhnəni daxil etməmək də olardı. Amma nə stereotiplər nəzərə alındı, nə də filmin gerçək mahiyyəti.
Bəli, SSRİ “palitbüro”sunun kluarlarında, ölkənin ali rəhbərliyində tam əxlaqsızlığın hökm sürdüyü, müxtəlif eybəcərliklərin pərdələndiyi bir zamanda sovet quruluşunun Azərbaycana, guya, mənəvi zənginlik gətirdiyi iddia olunurdu. Əlbəttə, zaman keçdikcə təkcə Azərbaycan kinosu deyil, ümumən incəsənəti dövrün saxtalıqlarına qarşı cəbhə açan yaradıcılıq nümunələrinə üstünlük verdi. Prosesi başladan isə xalqımızın ümummilli lideri Heydər Əliyev oldu. Ulu öndərin 1969-cu ildə respublikamıza rəhbərliyə gəlişindən sonra SSRİ-nin dövlət “mahiyyətinin” ədəbiyyat və incəsənət müstəvisindəki total ifşasına start verildi. Heydər Əliyev bu ifşanın, belə demək mümkünsə, zehin müəlliflərini despotizmin pəncəsindən qorudu.
Bəli, sovet dövründə yaradıcılıq adamlarımız məhz ulu öndər Heydər Əliyevin səriştəsi sayəsində özlərinin potensiallarını düzgün reallaşdırmaq şansı qazandılar və nəticə etibarilə ərsəyə gəlmiş sənət əsərləri milli özünüdərkimizə müstəsna töhfələr verdi. O milli özünüdərk ki, yekunda XX əsrdə ikinci dəfə dövlət müstəqilliyimizə qovuşmamız üçün açar rolunu oynadı...
Ancaq SSRİ-yədək, daha doğrusu, sovet Rusiyasının ölkəmizi işğalınadək yaşanmış zaman kəsiyi var. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il ömür sürdü. Amma o iki il qədim mədəniyyətimizin incəsənət müstəvisində tərənnümü baxımından çoxsaylı sənət nümunələrinə şahidlik etdi. Yəni, Stalin vaxtilə “Azərbaycan yarımpatriarxal feodal ölkəsidir” deyib xalqımızı məsxərə predmetinə çevirəndə, yumşaq desək, düz eləmirdi.
Əlbəttə, AXC-yədək olan müddətin təhlili göstərir ki, Azərbaycan cəmiyyətində mədəni inqilab məhz xurafatla mübarizə zəminində baş verdi. Mirzə Cəlilin, Sabirin, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəylinin və digər fikir dühalarımızın baxışlarında xalqımızın çoxəsrlik tarixi, adət-ənənələri, dəyərləri canlandı, nəticədə 1918-ci il müstəqilliyi üçün ideoloji baza formalaşdı. Başlıca sual isə budur: həmin vaxt Azərbaycan cəmiyyətindəki geriliyi hansı amil doğurmuşdu? Əlbəttə ki, işğal amili və əlbəttə ki, rus işğalı. Buna bənzər sualın üzərinə sonda yenidən gələcəyik. Hələlik isə bəzi deyimlərin üzərində dayanaq.
Müəyyən fikirlər var ki, 1813 və 1828-ci illərin Gülüstan və Türkmənçay müqavilələri olmasaydı və Arazın bu tayı rusların nəzarətinə keçməsəydi, hazırkı azərbaycanlı İrandakı dini xurafatın təmsilçilərindən biri olardı. Hesab edirik ki, bu mövzudakı istənilən mübahisə özündə müəyyən zahiri həqiqət payı kimi, ciddi qüsur seqmentini də daşıyır. Çünki müasir Azərbaycan dövlətçiliyi və onun tapındığı dəyərlər, mahiyyətcə, rus işğalçılığına qarşı mücadilə zəminində ortaya çıxmış və nəticə etibarilə mübarizə uğur qazanmışdı. Uğurun təntənəli göstəricisi həm 1918-ci il, həm də 1991-ci il müstəqilliyidir. Yəni, parçalanmış olsa belə, xalqımız, daha doğrusu, Arazın bu tayı özündə dirəniş nümayiş etdirməyi bacarmış, nəhəng imperiyanın buxovlarından qurtularaq azadlığına qovuşmuşdu. O zaman sual olunur: Rus imperializmini yenən xalq bütöv olsaydı, fars imperializminin dominantlığına imkan verərdimi? Əlbəttə ki, yox! Üstəlik, hazırkı İran indi daşıdığı adı daşıyardımı?
Ancaq tarixin acı reallıqları var və həmin reallıqları doğurmuş işğal amili milli genefondumuzla yanaşı, mədəniyyətimizə son dərəcə ağır təsir göstərdi. Çarizm, belə demək mümkünsə, qaymaqlarımıza göz açdırmadı, onlara məhrumiyyətlər və məşəqqətlər yaşatdı və nəticədə ortaya dahi Sabirin, Mirzə Cəlilin personajları çıxdı. Məsələn, novruzəlilər məktubları poçt qutusuna atmağı bacarmadılar, əcnəbi seyrə balonlarda çıxanda biz hələ avtomobil minmədik və sair. Bu nümunələrə nəzər salan Mixail Şvıdkoyun nəzəri qohumları, yəni Çarizmin “pristavları” əllərini əllərinə vurub gülüşdülər. Onu da deyək ki, onların boş başları, ədabazlıqları mirzə cəlillərin, sabirlərin, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə dühasının əslində, xalqı qəflət yuxusundan ayıltdığının fərqinə varmağa imkan vermədi...
Beləliklə, mədəniyyətimizin, adət-ənənələrimizin tərəqqisi ilə milli özünüdərkimizə doğru inamla addımladıq. Ancaq bu yol heç də asan başa gəlmədi. Ümumən, əvvəl çarizmin timsalında rus imperializminin, sonra SSRİ-nin timsalında rus totalitarizminin məngənəsində sıxıldıq. 1930-cu illərin repressiyaları milli aydınlarımızı, həm də mədəniyyətimizin daşıyıcılarını əlimizdən aldı. Bəlkə, işğalın ağır yük kimi boynumuzdan asıldığının da fərqinə varmadıq. Necə deyərlər, dərd gələndə Allah da dözüm verir...
Bütün bunların fonunda incəsənətimizin ayrı-ayrı sahələri inkişaf etdi. Deyək ki, əsrin əvvəllərində “oxutmuram əl çəkin” deyən azərbaycanlının övladı təhsil gördü. Niyə görə? Axı kimsə və ya kimlərsə imperializmə xidmət etməli idi. Görəsən, hansısa azərbaycanlıya həmin xidmətin parametrlərindən kənara çıxmaq imkanı verildimi? Xeyr! Eynilə Azərbaycanda teatrların, kinoteatrların, başqa mədəniyyət müəssisələrinin sayının artması heç də rus imperializminin və totalitarizminin xalqımıza lütfü yox, qaçılmaz prosesin nəticəsi idi.
Əlqərəz, bütün bunların fonunda ortaya bir neçə vacib sual çıxır: Rusiyanın, rus varlığının Vətənimizdə, torpağımızda nə işi var idi? Biz tutalım, daxmada yaşayırdıq, mədəniyyətsiz idik, ondan Rusiyaya nə? Məgər biz mədəniyyətsiz olub ruslara nə isə etmişdik? Bu və buna bənzər digər suallara heç bir cavab yoxdur. Heç gözləmirik də olsun. Amma Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya deyəcək sözümüz var. Cənab Şvıdkoy bilsin ki, ən böyük mədəniyyətsizlik işğalçılıqdır. Onu da biz yox, onun hazırda təmsil olunduğu dövlət edib.
Nəhayət, Azərbaycan otuz ildən çoxdur ki, müstəqildir, işğal və istila dövrü geridə qalıb. Ölkəmiz dünyaya özünü, öz mövcudiyyətini, sözün əsl mənasında, bəyan edib. Bu gün dövlətimiz, eyni zamanda, mədəniyyətimizin beynəlxalq aləmdəki ardıcıl təbliğatçısıdır. Bir sıra mənfi stereotipləri geridə qoyaraq, tarixi ənənələrimizlə müasirliyin vəhdətinə nail olmuşuq. Yəni, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də irəlidəyik və irəliyə gedirik. Yolumuzda maneə yaratmaq istəyənlərə isə yerlərini göstərmək üçün iradəmiz, əzmimiz və prinsipiallığımız var. Cənab Şvıdkoy da yazımızı ona və onun kimi düşünənlərin hər birinə yerlərini göstərmək niyyətimiz kimi qəbul etsə, ancaq məmnunluq duyarıq.
İrəliləyişdən söz düşmüşkən, hazırkı Rusiya, rus təfəkkürü və ictimai fikri irəli gedə bilmir. Səbəb çox sadədir. Şvıdkoylar ölkələrinin imperialist ab-havasından, zahiri mütərəqqiliklə pərdələnmiş saxta mahiyyətindən qopa bilmirlər. Ən pisi isə odur ki, belələrinin xəstə təxəyyülləri keçmişin çürüklüklərini müasir dövrə daşımaq psixopatlığına əsaslanır. Hazırda Rusiyada azərbaycanlılara qarşı başlanmış kampaniya da məhz bu psixopatlıqdan qaynaqlanır.
Sonda onu deyək ki, mədəniyyətli, mədəniyyət daşıyıcısı olan dövlət sevilir. Bu gün Rusiyanı dünyada sevən yoxdursa, yaxşı olar ki, cənab Şvıdkoy ölkəsinin məsul rəsmi şəxsi kimi, ilk növbədə, vəziyyətin nə üçün indiki şəklə düşməsinin köklərini araşdırsın, onun öz təbirincə desək, yoxsulluğun səbəblərini müəyyənləşdirsin. Yox, əgər bunu bacarmırsa, sussun və “böyük, mədəni Rusiya”nın xırda, cılız oyunbazlıqlarından utansın. Əlbəttə, utanmaq hissi yoxsullaşmayıbsa.
Ə.CAHANGİROĞLU
XQ