Xəbər verildiyi kimi, ötən ay qardaş Türkiyənin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycan İcması və “Azərbaycan–Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirildi. Bu nüfuzlu məclis illərdən bəri tarixi ədalətsizliklə üzləşən, fundamental insan haqları pozulan soydaşlarımızın problemləri barədə beynəlxalq platformaya çevrildi.
Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, eləcə də Azərbaycan Respublikası Prezidenti Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alanın, sədr müavini Zəfər Sırakayanın, Türkiyə Böyük Millət Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin, dövlət qurumları nümayəndələrinin, universitet rektorlarının, elm və iş adamlarının, qeyri-hökumət təşkilatları təmsilçilərinin və media nümayəndələrinin olduqları konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara müraciətinin oxunması bu məclisin xüsusi önəmini göstərmklə yanaşı, ona nüfuz və təntənə də gətirdi.
Silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində dünyada milyonlarla insanın qaçqınlıq həyatı yaşamasını ancaq həmin insanlar üçün deyil, bəşəriyyət üçün faciə olduğunu qeyd edən Azərbaycan rəhbəri XX əsrin əvvəllərindən regionda ayaq tutub yeriyən erməni millətçiliyinin xalqımıza görünməmiş müsibətlər yaşatdığını, nəticədə, yüz minlərlə soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılmağa, kütləvi qətl və qırğınlara məruz qalmasının yaratdığı fəsadları xatırladıb: “Qərbi Azərbaycanda, Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir”.
Konfransda qardaş ölkənin siyasi rəhbəriyində təmsil olunan Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məslisinin üzvü Efkan Ala, panel müzakirələrinə qatılan türkiyəli tarixçilər – Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru professor Kamal Çiçək, tarixçi-professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yaşilot və İbrahim Ethem Atnur çıxış etdilər.
TBMM-in Qadınlar və Kişilər arasında İmkan Bərabərliyi Komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda ikinci paneldə TBMM-in Komissiya sədrləri Vedat Bilgin və Dərya Yanık, TBMM-in üzvü Zeynəp Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muharrem Kılıçın çıxışları, hər iki ölkənin ictimai-siyasi həyatının tanınmış adamları, Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zəfər Sırakaya, Milli Məclisin üzvü, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxışlarında Qərbi Azərbaycandan çıxarılan, qətlə yetirilən, dədə-baba yurdunda yaşamaq haqqı əlindən alınan insanlarda inam yaradan gerçəkliklərdən söz açdılar.
Çıxışlarda Güney Qafqaz geopolitikasının region dövlətləri, həmçinin Asiya ilə Avropa arasında min illərdən bəri ən mühüm yol qovşağının üstünlükləri, Hindistandan köç edərək Balkanlara, oradansa Mesopotamiyaya yollanan, burada xristianlığı qəbul edən, sonralar nəzərəçarpacaq sayda hissəsinin Osmanlı Türkiyəsini “əbədi məskunlaşma” üçün ideal yer sayaraq məskən salan, tolerant türklər arasında əsasən sənətkarlıqla məşğul olan ermənilərin siyasi iddialarını ortaya qoyacaq güc sahibinə çevrilmələrini şərtləndirən amillər barədə geniş danışdılar.
Faktlar əsasında səsləndirilən fikirlər belə bir həqiqəti təsdiq edirdi ki, 1915-ci ildə, I Dünya müharibəsində tərəflərdən biri kimi iştirak edən Türkiyə dövlətinə qarşı Osmanlı sultanlarının saraylarına qədər gedib çatan ermənilər bu dövlətdə milli və dini mənsubiyyətə görə hansısa təzyiqə məruz qalmamışlar. O zaman düşmən dövlətlərin maraqları naminə casusluq, habelə ölkənin müdafiə qabiliyyətini sarsıdan ardıcl iğtişaşlara görə hökumətin təqdim etdiyi, parlamentin həmin il mayın 27-də qəbul etdiyi Təhcir və ya rəsmi adı ilə “Sevk ve İskân Kanunu”na əsasən erməni əhalisinin sürgün edilməsinə qədər bu münasibət dəyişməmişdir. Osmanlı Türkiyəsinə gələrək buranı vətən seçən ermənilər, təəssüf ki, regionda strateji maraqları olan ölkələrin alətinə çevrilmişlər.
1918-ci ildə Türkiyə xəyallarının qüruba enməsindən əmin olan ermənilər strateji məqsədləri üçün ideal məkan kimi Güney Qafqazı görmüşlər. Osmanlı Türkiyəsinin XIX əsrin sonlarından uğradığı tənəzzül, 700 illik imperiyanın getdikcə korreksiyalara məruz qalan siyasi xəritəsi, gəlişməkdə olan yeni dünya güclərinin gizlədilməsi lazım bilinməyən iddialarının yaratdığı təhdidlər ayrı-ayrı xalqlar üçün damokl qılıncına çevrilmişdir. Azərbaycanlılar bunun ilk ağrısını işğal gücünə tərkibinə qatıldıqları Rusiya İmperiyasını silkələyən 1905– 1907-ci illər inqilabı ərəfəsində hiss etmişlər.
Osmanlı dövlətində zənginləşən, hər şeyə nail olduğunu zənn edən erməni burjuaziyasının xəyallarındakı “erməni dövləti”ni qurmaq üçün ideal şərait “ölməkdə və çürüməkdə olan” Rusiya imperiyasının ərazisindəki Güney Qafqazda görünürdü. Bunun üçünsə 1828-ci ildən – İrəvanda qurulan “erməni vilayəti”nin ərazilərində və Zəngəzur dağlarından keçərək Qarabağ yaylaqlarına qədər uzanan torpaqlarda “Ermənistan dövləti” yaratmaq xəyalpərvərlik kimi görünmürdü.
Bunu şərtləndirən bir neçə fakta ötəri baxmaq kifayətdir ki, Qərbi Azərbaycanda, İrəvan xanlığının ərazisində erməni vilayəti yaradılana qədər ərazidə demoqrafik vəziyyətə baxmaq bəs edər. Həmin vəziyyət 1826-cı ilə aid statistikada müsəlmanların ümumi sayının 117, 849 nəfər olduğu halda, xristianların ümumi sayı: 25, 151 nəfərdirsə, 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlanıldıqdan 4 il sonra vəziyyət dəyişir və müsəlmanların sayı 82, 073 nəfərə düşürsə, xristianların sayı 82, 377 nəfərə çatır. Ərazidə demoqrafik vəziyyətin dinamikası erməni millətçiliyinin regionda imtişarı üün zəmin olur. “Daşnaksütyun” partiyasının ideoloji əsasları, artıq Bakı nefti ilə zənginləşən erməni milyonçularının, habelə donor dövlətlərin vəsaitləri hesabına yaradılan ilk erməni silahlı birləşmələrinin, özlərinin adını sevgi və ehtiramla çəkdikləri “Hayduk” dəstələrinin ilkin hədəflərini göstərdilər: bunlar həmin ərazilərdə yaşayan minillərlə yerli türk-müsəlman əhali idi.
Təsadüfi deyildi ki, məhz həmin zolağın üstündə, Zəngəzur mahalında yaşayan insanlar “Hayduk” dəstələrinin ilk qurbanlarına çevrildilər. Sonradan genişlənərək bir ucu Dərələyəz mahalından keçməklə Vedibasar, Göyçə mahallarına, oradansa Lori dərələrinə, digər ucu Cavanşir qəzasını adlamaqla Şuşaya qədər gedib çıxan ərazilərdə yerli sakinlərin silahlı “Hayduk” dəstələri tərəfindən soyqırımına məruz qalması erməni millətçilərinin gələcək planları üçün hazırlıq mərhələsi idi. Yeri gəlmişkən, bu aksiyalar milli və dini mənsubiyyətinə görə tökülən ilk qan və onunla da başlayan, istər obıvatel azərbaycanlıların, istərsə də statistik ermənilərin nəinki tarixinə, təhtəlşüuruna yazılacaq “erməni-müsəlman davası”nın ilk səhifələri idi.
Bununla da yuxarıda qeyd edildiyi kimi, Güney Qafqazda iki xalq arasında başlayan və 115 il davam edən faciələrlə dolu hadisələrə start verildi. Bütün bunlar barədə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransın panel iclasında istər Azrbaycan, istərsə də Türkiyə tarixçiləri və ekspertləri geniş danışdılar.
Bir daha qeyd etməyi lazım bilirik ki, baş verən hadisələr birbaşa Rusiya İmperiyasının 1828-ci ildə İrəvan xanlığının bazasında yaradılan Erməni vilayətinin nümunəsində o yerlərə köçürülən ermənilər üçün gələcəyə hesablanan ilk ümid təməli idi. 90 il sonra məhz həmən təməl daşları üzərində qurulan Ermənistan dövləti elan olunandan dərhal sonra onun ərazisini aborigen əhalidən təmizləməyə hesablanan əməliyyatlara başladı.
Ermənistandada qurulan daşnak hökumətinin baş naziri Hovhanes Kaçaznuni 1923-cü ildə Rumıniyanın Konstantsa şəhərində keçiirlən “Daşnaksütyun” partiyasının konfransına təqdim etdiyi “Daşnaksütyunluq bir iş qalmadı” məruzəsində deyirdi: “Biz ilkin olaraq türklərin mütləq çoxluq təşkil etdiyi əraziləri təmizləmək yolunu tutduq”. Bu “təmizləmənin” ancaq Zəngəzur mahalındakı azərbaycanlı qurbanlarının sayı on mindən çox idi. Daşnak Ermənistanının yerində qurulan Sovet Ermənistanında isə azərbaycanlıların deyil, onların adı ilə bağlı olan toponimlərə qarşı soyqırımına start verildi.
1919-1935-ci illər arasında bu ərazidə 190-dan çox azərbaycanlıların yaşayış məntəqəsinin adı dəyişdirildi. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya bölməsinin Ermənistan bölməsi nəzdində respublikada bunu icra etməli olan Coğrafiya Komissiyası yaradıldı. Komissiyanın verdiyi rəy əsasında 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilərək Yervan oldu. Əlbəttə, məqsəd ancaq şəhərin adının dəyişdirilməsi yox, onun “tükcə danışan” memarlığını “milliləşdirərək” idi və buna görə də Sovet Ermənistanının “beynəlmiləçi” rəhbərliyi erməniəsilli memarı, retrospektiv neoklassizm ustası, 1914-cü ildə şəhərsalma üzrə ən nüfuzlu mütəxəssislərdən biri, İmperator Rəssamlıq Akademiyasının akademiki Aleksandr Ovanesoviç Tamanyan İrəvanın baş planını hazırlamaq üçün İrəvana dəvət etdi.
1923-cü ildə İrəvana köçən, Xalq Komissarları Sovetinin baş mühəndisi və Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü təyim olunan Tamanyan ona həvalə edilən işlərin həyata keçirilməsinə başladı. Onun fəaliyyəti barədə 1943-cü ildə Nijdenin rəhbərliyi ilə Erməni Milli Komitəsinin (Faşist Almaniyasının nəzarətindəki qurum) Krımda nəşr etdirdiyi "Hay azq" (“Erməni milləti”) jurnalının ikinci nömrəsində onun İrəvandakı fəaliyyətini belə ümumiləşdirilirdi: “Tamanyanın üslubu kiçik bir əyalət şəhərinin Ermənistanın müasir paytaxtına, böyük sənaye və mədəniyyət mərkəzinə çevrilməsinə kömək etdi, tikililərə milli ruh verdi”.
Faşizmin ruporu olaraq nəşr edilən jurnalda söhbət İrəvan tikililərinə memar Tamanyanın verdiyi “milli ruh”dan gedirdi.
Yuxarıda qeyd edilənlərin fonunda 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri A.A. Qromıkonın iştirakı ilə Qarabağ məsələsi ilə bağlı azərbaycanlı və erməni deputatların iclasının stenoqramına baxmaq bu gün də maraqlıdır. İclasda Ermənistan nümayəndə heyəti adından çıxış edən və “məsələnin hüquqi həllini təklif edən” İrəvan Universitetinin rektoru, akademik Sergey Ambartsumyanın sözünü keçmiş SSRİ-nin rəhbəri, Azərbaycanlılara qarşı mənfi münasibəti heç kimdə şübhə doğurmayan Mixail Qorbaçov yarıda kəsərək soruşur: “Siz tələbələrinizi belə öyrədirsiniz?”.
"Yoldaş Qorbaçov! Mən dəqiq elmlərdən dərs deyirəm"- deyə, rektor cavab verir. Qorbaçov növbəti sualını səsləndirir:
– Bakıda nə qədər erməni yaşayır?
– 200 mindən çox...
– Bakıdakı ermənilər haqqında düşünmüsünüzmü?
Universitet rektoru cavab verməkdə çətinlik çəkir və ölkə rəhbəri növbəti sualını verir:
– Mənə deyin, əsrin əvvəllərində İrəvanda nə qədər azərbaycanlı var idi?
Ambartsumyan bu suala cavab verə bilməyəcəyini bu cür izah edir ki, ömrü boyu dəqiq elmlərlə məşğul olub, dəqiq statistika olmadığı üçün cavab verməkdə çətinlik çəkir.
SSRİ-nin siyasi rəhbərin “ömrü boyu dəqiq elmlərlə məşğul olan” akademikə cavabı belə olur:
– Bilməyə borclusunuz. Yadınıza salım: əsrin əvvəlində İrəvanda əhalinin 43 faizi azərbaycanlı idi. İndi azərbaycanlılar neçə faizdir?
– İndi çox azdır. Yəqin ki, bir faiz.
– Mən erməniləri azərbaycanlıları oradan qovmaqda günahlandırmaq istəmirəm”.
Məhz II Dünya müharibəsinin başlaması ilə Sovet Ermənistanında azərbaycandilli toponimlərinin qırğını prosesini səngiməsinə baxmayaraq, sonradan bu istiqamətdə fəaliyyətin nəticəsi olaraq 1930-1991-ci illər ərzində Qərbi Azərbaycanda 600-dən çox türk toponiminin adı dəyişdirildi. Ümumilikdə isə 1918-ci ildən 1980-ci illərin ortalarına qədər 254 türk mənşəli yaşayış məntəqəsinin adı Ermənistanın xəritəsindən tamamilə silindi, azərbaycanməşəli toponimlərə vurulan cəllad baltaları 1991-ci ildən sonra da davam etdi.
Məqsəd bu coğrafiyada əsrlərcə yaşayan xalqın izini silmək istəyindən başqa bir şey deyildi və o istək bu gün də Qərbi Azərbaycan ərazisində yaranan Ermənistan dövlətinin aparıcı siyasəti olaraq qalamaqdadır. Xatırlatma üçün qeyd edək ki, yaxın zamanlarda “Yutub” sosial şəbəkəsində 1993-cü il iyulun 23-24-də keçirilən “Yerkrapa” hərbi təşkilatının Birinci Qurultayında səhra komandirləri qarşısında Ermənistan prezidentinin çıxışı o siyasətin dəyişmədiyini təsdiq edir.
Levon Ter-Petrosyan lideri olduğu Erməni Ümummilli Hərəkatı və onun silahlı qolu “Yerkrapa”nın ermənilərin 600 ildən bəri (ermənilərin Qərbi Azərbaycana gələrək məskunlaşdığı tarixi isə1828-ci ildir- M.H) həllini çözə bilmədyi problemi həll etdiyini vurğulayır.
Çıxışını davam etdirən Ter-Petrosyan, əslində, ermənilərin Dağlıq Qarabağ avantürasının əsl məqsədini özü də bilmədən açır, aparılan siyasətin hansı siyasətə hesablandığını qeyd edir: “Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan (azərbaycanlıları nəzərdə tutur- M.H) 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.
Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq, Zəngəzur bölgəsində əhalinin böyük hissəsini təşkil edirdi. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik”.
Bu çıxışı ilə 32 il əvvəl Levon Ter-Petrosyan yarımçıq şərqşünas olduğu kimi də yarımçıq siyasətçi olduğunu təsdiq etdi və həmin “odlu” nitqindən bir neçə il sonra prezidentlik postunu da yarımçıq tərk etdi.
Tarixə ekskurs epizodları ilə iştirakçıları maraqlandıran faktların səsləndiyi Konfransda tarixi vətənlərindən ölüm təhdidi altında çıxarıldıqları, onların əsrlər boyu yaratdıqları mədəni irsin və qəbiristanlıqların məhv olunması ilə bərabər, 100 illik ədalətsizliyin həll olunması yolları da göstərildi. Konfransada Ermənistan hökumətini qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırış edən bəyanat qəbul edildi. Bəyanatda beynəlxalq təşkilat və qurumlara səslənən soydaşlarımız qayıdış hüququnun təmin edilməsini regionda yaşayışın bərqərar olması üçün zəruri şərt olduğu bildirilir.
Qardaş Türkiyə Respublikasının paytaxtında keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransda o məqam xüsusi vurğulandı ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətdə olduğu dövrlərdə qayıdış üçün siyasi və hüquqi əsaslar yarandı.
Qayıdışın təməl prinsipləri 1997-ci il dekabrın 18-də Prezident Heydər Əliyevin imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanda belə əsaslandırılırdı: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.
Daha sonra 1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Prezident Heydər Əliyevin sədrliyində Dövlət Komissiyası yaradıldı və bu istiqamətdə çox mühüm ictimai-siyasi, elmi-tədqiqat işlərinin yeni mərhələsi başladıldı. Prezident İlham Əliyevin biləvasitə qayğısı, təşəbbüsü və siyasi iradəsi ilə Qərbi Azərbaycan İcmasının səsi xüsusilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda eşidildi.
Bir əsrdə ölüm, işgəncə və bunlardan ağır olan Vətən həsrəti ilə yaşayan insanlarda qayıdışa inamı da bu gerçəklik şərtləndirir.
Mahirə HÜSEYNOVA,
ADPU-nun prorektoru, QAİ İdarə Heyətinin üzvü, professor