Milli Məclisin sədri Sahibə Qafarova Şimali Makedoniya Respublikası Assambleyasının sədri ilə görüşüb

post-img

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

Əvvəlcə Şimali Makedoniya Respublikası Assambleyasının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi Xatirə kitabını imzalayıb.

Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafından məmnunluğunu bildirərək, dövlətlərarası əlaqələrimizin səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu qeyd edib. Qonağın səfərinin əhəmiyyətini vurğulayan parlamentin spikeri, bu səfərin parlament sədrləri səviyyəsində ilk belə səfər olduğunu, onun iki ölkə və qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, Şimali Makedoniya Assambleyasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyasında iştirakı bu əməkdaşlığın daha da güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycan və Şimali Makedoniya arasında siyasi, iqtisadi, mədəni-humanitar, təhsil və elm sahələrini əhatə edən ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Dövlətlərarası əlaqələrin möhkəmlənməsində müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin müstəsna rolu vurğulanıb, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın bu ilin mart ayında ölkəmizə rəsmi səfərinin və keçirilən səmərəli müzakirələrin əhəmiyyəti qeyd olunub. Ali qonaqla görüşünü məmnuniyyətlə xatırlayan Spiker Sahibə Qafarova, həmin səfərin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm təsir göstərən amillərdən biri kimi parlamentlər arasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti barədə söz açılaraq, qanunverici orqanlarda fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında təmasların intensivləşdirilməsinin vacibliyi, həmçinin parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ölkəmizə ilk rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirərək, Bakıya valeh olduğunu, son illər Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər və yüksək inkişaf dinamikasının Azərbaycan xalqının böyük əzm və səylə çətinliklərin öhdəsindən gəldiyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. O, Şimali Makedoniyanın dost ölkələrlə əlaqələri daha da genişləndirmək siyasəti apardığını qeyd edərək, Azərbaycanın yerləşdiyi regionda mühüm  geosiyasi əhəmiyyətə malik olan ölkələrdən biri olduğunu və bu baxımdan onunla əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Afrim Qaşi əlavə edib ki, parlamentlərarası əlaqələrin inkişafı hökumətlər arasında da təmasların intensivləşməsinə, qarşılıqlı səfərlərin və görüşlərin sayının daha da artmasına təkan verəcək ki, bu da öz növbəsində oxşar tarixə və dəyərlərə malik xalqlarımızın yaxınlaşmasına və ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə səbəb olacaq. Eyni zamanda qeyd olunub ki, ikitərəfli münasibətlərin dərinləşməsi yalnız ölkələrimiz arasında əlaqələrin güclənməsinə deyil, eyni zamanda regional sülhün, sabitliyin və əməkdaşlıq mühitinin möhkəmləndirilməsinə də töhfə verəcəkdir.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərdən söz açaraq, ölkəmizin Ermənistanın 30 il davam edən işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, habelə ikili standartlarla üz-üzə qalıb, lakin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını özü təmin edərək işğala son qoyub. Görüşdə həmçinin postmünaqişə dövründə regionda yaranmış vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib. Spiker vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır və bu sülhün əldə olunması regionda davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Görüşdə qonaqlara Milli Məclisin tarixi, strukturu, fəaliyyəti haqqında da məlumat verilib.

Siyasət