1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev parlament tribunasından bəyan etmişdi:
“Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm.
Ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Bu sözlər XX əsrdə dövlət müstəqilliyini ikinci dəfə bərpa etmiş Azərbaycanın inkişaf konsepsiyası, Heydər Əliyevin isə həyat kredosu idi. Ş.Monteskye 1711-ci ildə türklər barədə yazmışdı ki, dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə onlarla yarışa bilməz: “Onlar türk adlanıb Avropada, Asiyada və Afikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”.
İlk ixtisası memar olan türk lideri XX əsrin son qərinəsində müstəqil Azərbaycan dövlətinin qurucusu oldu. Ali tarixçi təhsili almış həmin dahi şəxsiyyət xalqının ən yeni tarixini yazdı. Dövlət təhlükəsizliyi generalı olmuş bu soydaşımız müstəqil dövlətçiliyimizi qorudu və əbədiləşdirdı. Bütün bunların müəllifi olan Heydər Əliyev fenomeni dünyanı heyran qoymuş türk xarakterinin əzəmətini zəmanəmizin ən uca meyarları səviyyəsində bütün dünyaya nümayş etdirdi.
Bu rəşadətin müəllifi dünyaya hökm edən sovet superdövlətinin ali rəhbərliyinə yüksəlmiş qüdrətli türk oğlu Heydər Əliyev oldu Bu insan Azərbaycanda ali səlahiyyət sahibi olduğu andan -1969-cu ildən yurdumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq tarixində yeni mərhələ başlandı. Azərbaycanı kərpic-kərpic tikilmiş, nəsillərdən nəsillərə yadigar kimi ötürülmüş əzəmətli bir binaya bənzədən Heydər Əliyev bu binaya öz payını qoyaraq onu müstəqil dövlətin banisi kimi ucaltdı. Heydər Əliyev və Azərbaycan adı XX əsrin 60-cı illərindən həmişə qoşa çəkilməyə başladı.
Heydər Əliyevi ən çox maraqlandıran məsələlərdən biri də Azərbaycan tarixinin öyrənilməsi, tədqiqi və təbliği idi. Heydər Əliyev tarixi təhrif etmədən, olduğu kimi yazmağın vacibliyini xatırladırdı. O, 1997-ci ildə Elmlər Akademiyasında görüşdə: “Tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır” söyləməsi, Azərbaycanın çoxəsrlik tarixinin dərindən tədqiqinin vacibliyini vurğulayaraq “bizim tariximiz – həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yəni XVIII, XIX və XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb” deməsi tarix elminin mühüm problemlərinin obyektiv tədqiq edilməsi sahəsində mühüm elmi metodoloji əhəmiyyət kəsb edən konsepsiya olub.
Ulu öndərin azərbaycanlıların soyqırımı, Qərbi Azərbaycan tarixinin öyrənilməsi, Azərbaycanın İran tərəfindən işğalı, Şimali Azərbaycan xanlıqlarının Rusiya imperiyası tərəfindən zəbt olunması, 1918-1920-ci illərdə Şimali Azərbaycanda yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövləti tarixinin həqiqətlərinin üzə çıxarılması və s. məsələlərin zəruriliyinin tarix elminin mühüm bir problemi kimi rəsmi şəkildə əsaslandırması - bu sahəyə aid fərman və sərəncamları xalqımıza böyük elmi xidmət nümunəsidir.
Heydər Əliyev 1930-cu illərdə repressiyaların qurbanı olmuş, “xalq düşməni” damğası vurulmuş görkəmli şəxsiyyətlərimizin adlarının tariximizə qaytarılmasına da böyük diqqət yetirirdi. Millətçi damğası vurulan Nəriman Nərimanov Heydər Əliyevin qətiyyəti nəticəsində xalqımıza qaytarıldı, onun 100 illik yubileyi təntənə ilə qeyd edildi, Bakıda və Ulyanovskda əzəmətli heykəli qoyuldu, Bakıda və Tbilisidə ev muzeyləri açıldı.
Azərbaycan elminin ən parlaq nümayəndələrindən olan akademik Yusif Məmmədəliyevin abidəsinin açılışı, Türk dünyasının böyük ədibi Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, onun doğma Naxçıvanda dəfni, məqbərə inşa edilməsi, xalqımızın qəhrəmanlıq dastanı “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş miqyasda qeyd olunması, bir əsrə yaxın zindanda qalmış Cənub mövzusu – Təbriz mövzusunun Heydər Əliyevin qayğısı sayəsində azadlığa çıxması, 1990-1993-cü illərdə onun qətiyyəti nəticəsində muxtar respublikanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması, AXC-nin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunması, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” kimi qəbul olunması bu insanın Vətən sevgisinin zirvəsi idi.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər gələ bilər. 1993-cü ildə AXC–Müsavat cütlüyünün dövlət idarəçiliyindəki kobud səhvlərinin məntiqi nəticəsi olaraq Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımız ümummilli lider Heydər Əliyevə üz tutdu. Heydər Əliyev də çox gözəl bilirdi ki, o ağır, qarışıq günlərdə özünü qabağa verməsə, kövrək olan müstəqillik əldən gedəcək, dövlətçilik məhv olacaq, xalq isə didərgin düşəcək. Ulu öndərin böyüklüyü həm də onda idi ki, hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatları, qarayaxma kampaniyasını bir kənara qoyub o ağır və keşməkeşli günlərdə xalqın köməyinə tələsdi.
1993-cü ilin iyunun 15-də Ali Sovetin sədri, oktyabr ayında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni bir dövr başlandı. Müstəqilliyimizin möhkəmləndirilməsinin birinci mərhələsi olan 1993-2003-cü illərdə dünyanın demokratk qüvvələrinin və aparıcı təşkilatlarının Azərbaycana olan münasibəti əsaslı surətdə dəyişdi.
Ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Azərbaycan daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü lin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və bu Heydər Əliyev tərəfindən işlənib hazırlanmış müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi.
Ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın müasir tarixinə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradıcısı kimi daxil olmuşdur. Onun rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin, demokratik hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğunda israrlı olduğunun təsdiqi oldu. Məhz bu Konstitusiyaya əsasən ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması üçün 400-dək qanun qəbul edilmişdir.
Milli tariximizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin çözülməsi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Problemin həllinin əsasını beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə əks etdirən sülhsevər xarici siyasətinin əsasında ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surədə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunması, ATƏT-in 1996-cı il Lissabon görüşündə atılan cəsarətli addım, 1993–2000-ci illərdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə əlaqədar ABŞ rəhbərliyi ilə 18, Fransa rəhbərliyi ilə 16, Rusiya Federasiyası rəhbərliyi ilə 28, Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə 78 dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpası istiqamətində müzakirələr aparması Heydər Əliyev dövlətçilik konsepsiyasında əsas yer tuturdu.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışının əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edirdi. Heydər Əliyevin müstəqillik konsepsiyasının yaşarlığı və həyatiliyi fikir tariximizdə yeri və önəmliliyini şərtləndirən amillər arasında konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə bərabər, real Azərbaycan gerçəkliyi dayanırdı.
Ümummilli liderin müstəqillik konsepsiyasının təhlilindən aydın olur ki, milli müstəqillik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bugünü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyildir. Heydər Əliyevin nəzərincə, müstəqillik xalqın mənəviyyatını bir mənəvi hadisə kimi, daim hər bir vətəndaşın milli şüurunda möhkəm yer tutmalıdır.
Heydər Əliyevin müstəqillik konsepsiyasının strukturunda Vətən, Dövlətçilik, Suverenlik, Vətənpərvərlik anlayışları önəmli yer tutur. Heydər Əliyevin fikrincə, dövlətçilik, vətənçilik kimi fenomenlər azərbaycançılıq ideologiyasından bəhrələnməli və bunlar öz növbəsində azərbaycançılığın sosial-milli məzmununun saflığını qorumalıdırlar.
Ümummilli lider maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnərək Vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürərək bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi işləmiş, onun azərbaycançılıq ideyası müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmək simvoluna, “azərbaycanlının Azərbaycandan başqa vətəni yoxdur” kəlamı nəinki ölkə daxilindəki vətəndaşlarımız, hətta xaricdəki soydaşlarımız üçün də milli həmrəylik manifestinə çevrilmişdi.
Qüdrətli milli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini on il idarə etdi. Minilliklər tarixi olan uca Qafqaz zirvəsindən baxarkən bu on il kiçik bir an olsa da, böyük şanlı yolun ilk addımı kimi tarixləşdi. Hər il Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı kimi tarixləşmiş 15 iyun Milli Qurtuluş Gününü qeyd edərkən özümüzə sual veririk. Bu gün bizə nə vermişdir, nə üçün bu günü belə ruh yüksəkliyi ilə qeyd edirik? Sualın cavabı aydındır. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi, yenicə qurulmuş kövrək addımlı müstəqil Azərbaycan Respublikası yaşamaq şansı qazandı.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam”- deyən Heydər Əliyev xalqının ürəyində milli-mənəvi dəyərləri yaşatmaq üçün yandırdığı əbədi bir məşəl, ucaltdığı bayraq Ulu öndər Heydət Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın bütün guşələrində dalğalanır.
Mais ƏMRAHOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor