Müstəqil Azərbaycan tarixinin dönüş nöqtəsi

post-img

Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 34 illiyini qeyd etdi. Bu, Azərbaycan dövlətçiliyinin dirçəlişini və əcdadlarımızın bir çox nəsillərinin arzularını yaşatdığı azadlığa qovuşmasını əlamətdar edən çox mühüm mərhələdir. Əlbəttə, tarixin ölçüsündə 34 il sadəcə bir andır. Lakin Azərbaycan xalqı üçün bu dövr çətinliklər və qələbələr, böhranlar və nailiyyətlərlə dolu bütöv bir dövrü əhatə edir. Biz əsla rəvan olmayan, bəzən sevinc, bəzən kədər yaşadığımız bu yoldan keçmişik.

Müstəqilliyin bərpasının 34 ilinin birinci onilliyini ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildən başlayaraq Azərbaycan dövlətçiliyinin sarsılmaz təməllərini qoyduğu dövr kimi xarakterizə edərdim. Əsla inkar etmək olmaz ki, müstəqilliyin Heydər Əliyev dövründə əldə edilmiş siyasi sabitləşmə olmasaydı, ölkə xaosda “boğular”, hətta suverenliyini itirə bilərdi.

Məhz ümummilli liderin müstəsna xidmətləri, sarsılmaz siyasi iradəsi, qətiyyəti və dərin zəkası sayəsində Azərbaycan dövlətçiliyi süqutdan xilas oldu, dirçəldi, öz dayaqlarını möhkəmləndirdi və səmərəli idarəetmə sistemi, möhkəm dövlət aparatı formalaşdırıldı. İflasa uğramaqda olan iqtisadiyyat inkişaf trekinə çıxdı, milli valyutamız dəyər qazanmağa başladı, ən əsası isə ərazisinin 20 faizini itirmiş ölkənin mükəmməl Silahlı Qüvvələr yaradılmağa başlandı. Ölkənin Əsas Qanunu qəbul edildi. Xarici dövlətlərlə diplomatik əlaqələr quruldu. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu və müstəqil dövlət kimi tanındı.

Bu prizmadan yanaşanda şübhəsiz, Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilən 15 iyun ölkənin təkcə dərin siyasi böhrandan çıxmasını deyil, həm də dövlətçiliyin müasir mərhələsinin başlanğıcını simvolizə edən dövlət bayramıdır. Bu gün 1993-cü ildə Azərbaycana siyasi sabitlik, əminamanlıq gətirən, ölkəsinin yeni siyasi, iqtisadi vektornu müəyyənləşdirən dahi və fenomenal şəxsiyyətin – Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlıdır. Ona görə də üç onillik ərzində 15 İyun təkcə rəsmi təqvimin deyil, həm də xalqın kollektiv yaddaşının bir hissəsinə çevrilib. Bununla belə, onun əhəmiyyəti qeyd etdiyimiz təntənələrdən çox-çox kənara çıxır.

İflasa sürüklənən ölkə

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan bir sıra problemlərlə üzləşdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda açıq hərbi münaqişə nəticəsində ərazilərini itirməyə başladı. Hakimiyyətdə bir-birini silahlı çevrilişlərlə əvəz edənlərin müstəqillik kontekstində idarəetmə təcrübəsinin olmaması ölkədə xaotik bir vəziyyətə səbəb oldu. Qeyri-sabitlik və daxili üsyanlarla müşayiət olunan hakimiyyət çevrilişləri vətəndaş müharibəsi həddinə yaxınlaşmağa  başladı. Gənc müstəqil ölkənin iqtisadiyyatının çöküşü sosial gərginliyin kəskinləşməsinə yol açdı.

Sovet İttifaqının dağılmasından dərhal sonra yaranan belə bir şəraitdə Azərbaycanın yeni müstəqil dövlətçilik qurmaq zərurətini arxa plana keçirdi. Bu proses ləngidikcə dövlətçilik böhranı dərinləşirdi. Reallıq onda idi ki, müstəqilliyini yenicə bəyan edən Azərbaycan 1993-cü ilin ortalarına qədər sistemli böhran yaşayırdı və dövlət mahiyyətcə parçalanma və məhv olmaq prosesində idi. Hakimiyyətin çevrilişlər yolu ilə dəyişikliyi, mərkəzi hakimiyyətin iflic olması, separatçı əhval-ruhiyyənin qızışmaqda davam etməsi və Ermənistanın təzyiqlərinin artması aysberqin yalnız görünən tərəfləri idi. Azərbaycan Xalq

Cəbhəsi (AXC) hakimiyyəti vəziyyəti heç cür sabitləşdirə bilmirdi. Bu da açıq-açığına hakimiyyətin səriştəsizliyinin, təcrübəsizliyinin və ağıla deyil, zora üstünlük verməsinin kulminasiya nöqtəsi idi. Surət Hüseynovun komandanlığı altında olan hərbi hissənin Gəncə şəhərində üsyana qalxması Azərbaycan dövlətçiliyinin “olum və ölüm” dilemması təhlükəsi ilə üz-üzə qoymuşdu. Üsyanın yaratdığı dərin siyasi böhrana qarşı ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı xilas üçün son şans kimi qəbul edildi.

Siyasi qurtuluş aktı – Qayıdış

Müstəqillik ölüm yatağında imdad diləyəndə - 1993-cü il iyunun 15-də Azərbaycan Ali Soveti, əslində qarşılaşdığı böhranda aciz vəziyyətə düşən AXC hakimiyyətinin rəhbərliyini o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevi Bakıya gəlməyə və dövlət idarəçiliyini öz üzərinə götürməyə dəvət etdi. Burada xalqın Heydər Əliyevi hakimiyyətə gətirmək tələbini də hesabdan silmək doğru olmazdı. Bakı öndə olmaqla bütün Azərbaycanın ümidlə göz dikdiyi Heydər Əliyev baş verənlərə və canı qədər sevdiyi Azərbaycanın taleyinə biganə qala bilmədi. Hakimiyyətin göndərdiyi təyyarə ilə Bakıya gələn Heydər Əliyev özü ilə böyük ümid və inam gətirdi.

Heydər Əliyev son dərəcə ağır və xaotik şəraitdə hakimiyyətin məsuliyyətini üzərinə götürərək Azərbaycan dövlətçiliyinin formalaşmasında həlledici rol oynayan əsas simaya çevrildi. Məhz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkənin gələcək onilliklər üçün böyük ölçüdə inkişaf trayektoriyasını müəyyən etdi. Bilavasitə onun atdığı təməllər Azərbaycanda bu günə qədər davam etməkdə olan stabilləşmədən institutlaşmaya qədər olan bütün sahələrdə özünü göstərməkdədir. Bütün bu göstəricilərə görə 15 İyun tarixi müasir müstəqil Azərbaycanın təqviminə Milli Qurtuluş Günü kimi düşüb.

Ulu öndər Heydər Əliyev yüksək səviyyəli siyasi təcrübəyə malik idi. O, sələflərindən fərqli olaraq hakimiyyətin nə demək olduğunu, özündə nəyi ehtiva etdiyini, nəzəriyyədən deyil, gerçək təcrübəsindən çox gözəl bilirdi. Heydər Əliyev çox çətin dövrlərdə Azərbaycan SSR DTK-nın rəhbəri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, nəhəng bir dövlətin SSRİ Nazirlər Sovet sədrinin birinci müavini kimi hakimiyyət pillələrində büdrəmədən irəliləmişdi və bilirdi ki, hakimiyyət bütün siyasi-iqtisadi həyatın ətrafında fırlandığı oxdur. O, hər yerdə mövcuddur və cəmiyyətin bütün strukturlarına nüfuz edir, ölkənin dayaqlarını təşkil edən alt sistemi kimi çıxış edir, daxili bütövlüyü, mütəşəkkilliyi və münasibətlər iyerarxiyasını tənzimləyir.

Bütün xalqın ümid və son fürsət kimi baxdığı Heydər Əliyevin qayıdışı həm də ədalətin, nəzarətin, nizamın və strateji düşüncənin qayıdışını simvolizə edirdi. Onun dövlət quruculuğunda ilk həyati əhəmiyyətli addımı hakimiyyətin sabitləşməsi üçün həyata keçirdiyi tədbirlər oldu. Elə ilk aylardan başlayaraq Heydər Əliyevin ölkədə anarxiyaya son qoyması onun əsas nailiyyətinə çevrildi. Bunun üçün ulu öndər silahlı dəstələri və regional elitaları tabe etdirərək hakimiyyət şaqulini bərpa etdi. Siyasi manevrlər və qətiyyətli qərarlarla separatçı və üsyançı qrupları dağıdıb zərərsizləşdirdi. Bununla eyni vaxtda əsas dövlət qurumlarının fəaliyyəti sistemli şəkildə bərpa olundu.

Paralel olaraq müstəqil dövlətin konstitusion formalaşmasını reallaşdırmaq üçün əzmkarlıqla fəaliyyətə başladı. 1995-ci ildə biləvasitə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Konstitutsiya əsasında ölkədə Prezident üsul-idarəsi forması təsbit edildi, hakimiyyət bölgüsü prinsipləri müəyyən olundu. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün nəzərdə tutulmuş bu idarəçilik sistemi ölkənin institusional strukturunun əsasına çevrildi.

Ümummilli lider Heydər Əliyevin strateji düşüncəsinin miqyası o qədər böyük idi ki, dövlət quruculuğu spektrinin bütün sahələrini eyni vaxtda tənzimləyə bilirdi. Bu yolda vacib bildiyi işlərdən biri ölkənin suverenliyinin və beynəlxalq legitimliyinin möhkəmləndirilməsi idi. Ona görə də o, ilk növbədə Azərbaycanın tanınmasına və inteqrasiyasına yönəlmiş xarici siyasət kursunu fəal şəkildə inkişaf etdirdi.

Regiondakı güclərin müxtəlif istiqamətlərdə təzyiqlərinə baxmayaraq, siyasi qətiyyət və iradə nümayiş etdirərək, 1994-cü ildə Qərb neft şirkətləri ilə investisiya axınını və iqtisadi suverenliyi təmin edən, eyni zamanda Azərbaycanın xarici siyasətində mühüm təsir gücünə malik böyük saziş – “Əsrin müqaviləsi” adlanan vacib bir müqavilə imzaladı. Çox qısa bir zamanda onun çevik diplomatiyası sayəsində Azərbaycan NATO, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlığa başladı. Türkiyə, ABŞ, Rusiya və Aİ ölkələri ilə strateji əlaqələr quruldu.

Ulu öndər Heydər Əliyevin ölkənin maddi resurslarına dərindən bələd olması isə Azərbaycan iqtisadiyyatının inkişaf və tərəqqi yoluna qədəm basmasında öz müstəsna rolunu oynadı. Onun uzaqgörən siyasəti sayəsində iqtisadiyyatın əsası kimi neft strategiyası yaradıldı. Azərbaycanın sərvətyi olan neft-qaz sektoru sadəcə gəlir mənbəyi deyil, güclü dövlət qurmaq üçün ən kəskin alətə çevrilmişdir. Neft gəlirlərinin səmərəli istifadəsi məqsədilə Dövlət Neft Fondu (ARDNF) yaradıldı və neft gəlirlərindən büdcənin sabitləşdirilməsi və sosial proqramların maliyyələşdirilməsi üçün istifadə edilməyə başlandı. Heydər Əliyevin “qızıl layihələrindən”, az sonra çox güclü geosiyasi alətə çevrilən və Azərbaycanı Cənubi Qafqazın güclü aktoruna çevrilməsində müstəsna rol oynayan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə qərar verildi.

Ümummilli lider Heydər Əliyevin illər sonra dəyərləndirilən müstəsna xidmətlərindən biri də 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında imzalanan Bişkek protokolu oldu. Bu atəşkəs Azərbaycana strateji baxımdan nəfəs dərməyə çox qiymətli bir vaxt qazandırdı. Bu strateji vaxtda Azərbaycanda siyasi və iqtisadi istiqamətlərdə çox böyük nailiyyətlər əldə edildi. Əvvəla, Azərbaycan Silahlı Qüvvələri tamamilə yenidən formalaşdırılmağa və müasir tələblər baxımından qurulmağa başlandı. Ölkə iqtisadiyyatı sürətlə inkişaf etməyə və bunun sayəsində regionun ən müasir və güclü ordusunu qurmağa vəsait qoymağa imkan verdi. Azərbaycan beynəlxalq aləmdə münaqişənin haqlı tərəfi kimi tanınmağa, onun xeyrinə BMT-də 4 qətnamənin, Heydər Əliyevin qətiyyəti sayəsində 1996-cı ildə ATƏT-in Lissabon sammitində 46 ölkənin imza atdığı xüsusi bəyanatın qəbul edilməsinə və gələcəkdə öz torpaqlarını azad etməyə haqq qazandırdı.

Qısaca desək, Bişkek protokolu ilə münaqişənin uzun müddətə dondurulması faktiki olaraq Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə, torpaqlarını işğaldan azad etməyə və 2020-ci ildə bunu gerçəkləşdirməyə şans verən bir dönüş nöqtəsi oldu.

Ümummilli liderin hakimiyyətə qayıdışı və xidmətləri bütün bunlarla bitirmi? Əsla yox. Ümummilli lider Heydər Əliyev Azərbaycan müstəqilliyini əbədiyyətə daşıyacaq güclü dövlət modelini qurdu. Burada mərkəzləşdirilmiş hakimiyyət sabitliyin təminatı kimi özünü təsdiqlədi. Heydər Əliyev ölkəsinin xilaskarı kimi bu hakimiyyətin simvoluna çevrildi. Azərbaycan beynəlxalq aləmdə hörmətlə qəbul edildi.

Unutmaq olmaz ki, siyasi elmdə avtoritet həm də hakimiyyətin forması və mənbəyi hesab olunur. Hakimiyyət liderlikdir, əxlaqi keyfiyyətlərinə və ya işgüzar səriştəsinə görə hakimiyyət altında olanlar tərəfindən könüllü olaraq tanınan hakimiyyət hüququdur. Heydər Əliyev bu hakimiyyət hüququndan Azərbaycan dövlətinin müstəqilliyini əzəmətə, qüdrətə gətirdi və əbədiyyətə qədər yaşamaq üçün ona yol nişan verdi, səmt göstərdi.

Ulu öndər Heydər Əliyevin müstəqilliyimizə töhfəsi təkcə sabitləşmə deyil, həm də müasir Azərbaycanın üzərində dayandığı strateji əsasların yaradılmasıdır: güclü hakimiyyət, enerji suverenliyi, geosiyasi praqmatizm, azərbaycançılıq və əlbəttə bu gün bütün dünyaya nümunə göstərilən tolerantlıq. Ona görə də 15 İyun sadəcə bayram, bir tarix deyil. Müasir Azərbaycan dövlətçiliyinin legitimliyinin əsaslandığı ideoloji simvol statusu almış bir gündür.

2020-ci ildə Ali Baş Komandan, Respublika Prezidenti və ən əsası Heydər Əliyevin özü kimi inandığı lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərindən sonra isə bu bayram yeni məna kəsb edir. Bu gün bu, təməli Heydər Əliyev tərəfindən qoyulmuş siyasi modelin həyat qabiliyyətinin sübutu olaraq qəbul edilməlidir: güclü dövlət, güclü ordu, beynəlxalq ittifaqlar və iqtisadi müstəqillik.

Milli Qurtuluş Günü həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr və Azərbaycanın regional liderliyi fonunda “Heydər dövrü” ilə “İlham dövrü” arasındakı davamlılığı vurğulayır. Ona görə də 15 İyun unudulmaz tarixdən daha çox, ölkənin müstəqillik uğrunda dönüş nöqtəsində etdiyi tarixi seçimin simvoludur. O, eyni zamanda tarixin siyasi mədəniyyəti necə formalaşdırdığını və dövlət ideologiyasının milli kimliyin elementinə çevrilə biləcəyini göstərir.

15 İyun həm də tarixin ibrət dərsidir. Suverenliyin qiyməti, şəxsiyyətin tarixdəki rolu, siyasi sabitliyin kövrəkliyi və əhəmiyyəti haqqında ibrət dərsi. Nə tarix, nə xalqımız bunu əsla unutmamalıdır.

Məhərrəm SƏFƏRLİ,
Həsən bəy Zərdabi mükafatı laureatı, Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü



Siyasət