...Xeyr, məqsədimiz Cəfər Cabbarlının miskin qəhrəmanı ilə Bakıda məhkəməsi davam edən təqsirləndirilən şəxsi – erməni Ruben Vardanyanı müqayisə predmetinə çevirmək deyil. Onun böyük dramaturqumuzun qadın felinə uyub milli dəyərlərə arxa çevirməsinin acı aqibətini yaşayan Balaş obrazı ilə oxşarlığı, olsa-olsa, çəkdikləri fərdi əzabların ictimai məzmunu ilə yox, mənəvi-psixoloji forması ilə üst-üstə düşə bilər. Amma bu zaman “tamaşanın” məkan və zaman kimi əsas komponentləri ciddi korrektəyə məruz qalmalıdır.
Hadisə 57 il bundan əvvəl baş verib. İndi “qəhrəmanımız” günahkar dünyamıza gəlişinin, keçən il olduğu kimi, budəfəki öldönümü də dördbucaqlı dəmir barmaqlıqların arxasında qeyd etmək “zövqünü yaşamaqdadır”. Bu münasibətlə ona yaxından-uzaqdan təbrik mesajları, məktublar və teleqramlar gəlməkdə davam edir. İndi bunlardan maraqlılarından birini oxucuların diqqətinə təqdim edəcəyik.
...Parisdə “Aznavur” fondu adlı bir qurum var. Erməni əsilli fransız şansonu Şarl Aznavurun şərəfinə yaradılan bu fond özünün “X” sosial şəbəkədəki səhifəsində Nikolas və Kristina Aznavurlar adından Ruben Vardanyana ad günü münasibətilə ünvanlanmış təbrik məktubunu dərc edib. Bundan əvvəl isə Parisin 9-cu dairəsinin meri madam Delfin Burkli və Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyanın iştirakı ilə Vardanyanın “ad günü” mərasimi keçirilib. İndi isə fondun məktubuna diqqət yetirək: “Hörmətli Ruben! Bu əlamətdar gündə bizim üçün nə qədər dəyərli olduğunuzu söyləmək istəyirik. Sizi təkcə bir dost kimi deyil, həm də Ermənistana və erməni xalqına sadiqliyi ölkəmizin müasir tarixində silinməz iz buraxmış bir insan kimi sevirik. Gələcək nəsillər üçün daha yaxşı gələcək qurmaq naminə sizin sərf etdiyiniz gücünüzə, dünyagörüşünüzün diapozonuna və aydınlığına, həvəsinizə çoxdan heyran olmuşuq. Siz heç vaxt cəsarətli addımlar atmaqdan, xoşagəlməz həqiqətləri söyləməkdən və ya üzərinizə ən çətin vəzifələri götürməkdən qorxmamısınız. Həmişə öz ölkənizə dərin məhəbbət və övlad borcu hissini rəhbər tutmuşsunuz. Bu gün həyatınızın ən çətin dövrlərindən birini yaşadığınız bir vaxtda düşüncələrimiz hər zamankındən daha çox sizin və ailənizin yanındadır”.
...Olduqca “səmimi”, çox “təsirli” sözlərdir – deyilmi? Xüsusilə təbrikin səbəbkarının Hayastanın “müasir tarixində silinməz izlər buraxması” ilə bağlı olan hissəsi oxucunun qəlbini “riqqətə gətirir”. Amma “çirkli milyarder” Rubenin həm Rusiya–Avropa, həm Avropa–Latın Amerikası, həm də Rusiya–Qarabağ marşrutlarında hansı “silinməz izləri” buraxdığını Bakı Hərbi Məhkəməsinin təcrübəli və səriştəli istintaqçıları araşdırmaqdadırlar. Bu izlərin aparıb hara çıxaracağı “ünvanlar” da tezliklə bəlli olacaq. Vardanyan isə saxlanıldığı müvəqqəti istintaq təcridxanasında qaranlıq əməllərini gün işığına çıxaracaq həmin “ünvanların” xofundan komaya düşmək həddinə çatıb. Deyəsən, son aqibətini indidən gözünün önünə gətirən Rubenə “Aznavur” fondundakı heyranlarının “bu doğum günü, hətta belə şəraitdə belə, sizə istilik anları gətirəcək – tək olmadığınızı və cəsarətinizin bir çoxumuzu ruhlandırmaqda davam etdiyini xatırladır. Sizinlə yenidən azadlıqda görüşəcəyimiz və dərindən inandığımız işi birlikdə davam etdirəcəyimiz günü səbirsizliklə gözləyirik” kimi təsəlliverici sözləri də təsir göstərmir. O, doğum gününə “təbrik ariyası”nın içində tez-tez zümzümə elədiyi hay notlarını hansı günlərə qaldığını anladan “Balaşın ariyası” ilə aranjiman etməklə məşğuldur. Onun indiki durumuna tam uyğun gələn məşğuliyyət elə budur...
P.S. Azərbaycanın qədim şəhəri Xankəndidəki Mədəniyyət Mərkəzinin ərazisində yerləşən Ermənistan–Fransa Dostluq Parkında “Ermənistanın milli qəhrəmanı” Şarl Aznavurun büstü qoyulmuşdu. Dörd il əvvəl, təbii olaraq, adı dəyişdirilmiş təzə park köhnə yükdən də azad olunub.
P.P.S. İki gün bundan əvvəl 57 yaşı tamam olmuş təqsirləndirilən şəxs Vardanyanın ünvanına xaricdə səsləndirilən, falş hüquqi notlara köklənmiş “siyasi sonetləri” də eşidirik. Onların müəllifləri müxtəlif qitələrdən və irqlərdən olan “bəstəçilər”dir. “Musiqinin sifarişçiləri” isə, bir qayda olaraq, erməni lobbisidir.
İ.HƏSƏNQALA
XQ