Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının mayın 22-də keçirilən iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, Bəxtiyar Nəcəfovun səsvermə yolu ilə İrəvan qazısı seçilməsi barədə qərarı, eləcə də idarənin sədri şeyxülislam Allahşükür Paşazadənin səsləndirdiyi fikirlər Ermənistanda, daha doğrusu, erməni apostol kilsəsində dərin narahatlığa səbəb olub. Kilsə mayın 23-də bununla bağlı xüsusi bəyanatla çıxış etməyi özünün “mənəvi borcu” bilib.
Qeyd edək ki, A.Paşazadə iclasda çıxışı zamanı bildirib ki, erməni dini dairələrinin soydaşlarımızın uyuduğu tarixi Azərbaycan torpağı Üçmüədzində – Eçmiədzin adlandırdıqları məkanda əyləşib onlara aidiyyəti olmayan ərazilərdə dini təmsilçiliklərini qurmaqla məşğul olduqları bir faktdır. Onun sözlərinə görə, Qarabağda “Artsax” yeparxiyası, Naxçıvanın adı ilə Rusiyada Novı Naxçıvan yeparxiyası təsis ediblər: “Xristianlıq tarixinə dair saxta mülahizələrlə özlərini əlahiddə icma – dünyada ilk xristianlar kimi təqdim edən hayların dini mərkəzinin yeganə məqsədi “böyük Ermənistan” kimi xəstə erməni xülyasına dəstək vermək olub. Min cür saxtakarlıqlarla başqa xalqların mədəni-mənəvi irsinə sahiblənən Eçmiədzində və Kilikiyada dini mərkəzləri vasitəsilə dünyaya yalan, iftira, qarayaxmalarla dolu müraciətlər yayan, xristian dininin sülh, qardaşlıq, dinc qonşuluq postulatlarından uzaq olan, daim nifaq, düşmənçilik təbliğ edən, xəstə təxəyyülləri naminə revanşizmə və qarşıdurmaya çağıran bir zehniyyətlə qarşı-qarşıyayıq. Erməni yalanlarına inanmaqda maraqlı olan dövlət və dairələr onlara bu işdə dəstək və yardım edirlər. Bəli, reallıq budur – dünya erməniliyi erməni milli kilsəsinə söykənərək tarixi-siyasi riyakarlıqları ilə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər. Hədəfləri budur ki, erməni dövləti siyasi səriştəsizlik ucbatından əldən gedərsə, erməni milli kilsəsi səfərbəredici mərkəz missiyasını davam etdirsin, vatikansayağı qriqorian dini dövləti yaratsınlar və özləri rəhbərlik etsinlər. Beləliklə, erməni kilsəsi tarixi torpaqlarımızda varlığını bu və ya digər yolla davam etdirmək kimi məkrli niyyətdədir. Bu, Ermənistanla qonşu olan bütün region ölkələri üçün böyük təhlükə kəsb edir”.
Erməni kilsəsi isə öz xislətinə sadiq qalaraq QMİ-nin “Azərbaycan təbliğatının ruporu” rolunu oynadığı, dezinformasiya yaydığını, erməni xalqına və apostol kilsəsinə qarşı düşmənçilik və yalan axını yönləndirdiyini bildirib. İddia edilib ki, Ermənistanda və regionda çoxəsrlik erməni ziyarətgahları mövcuddur. O cümlədən 1700 illik (?) müqəddəs Eçmiədzin kilsəsi ermənilər tərəfindən zəbt edilən tarixi Azərbaycan torpaqlarında yerləşmir. Guya, azərbaycanlılar yalnız 1930-cu illərin ikinci yarısında SSRİ-nin milli siyasəti nəticəsində bu etnonimi alıblar. Əksinə, erməni xalqı isə minillik boyunca quruculuq tarixi, mənəvi-mədəni irsi ilə bütün dünyada tanınan (?) toplumdur.
Kilsə daha sonra A.Paşazadənin Novı Naxçıvan yeparxiyası ilə bağlı fikirlərinə öz aləmində aydınlıq gətirməyə çalışıb: “Qeyd etmək lazımdır ki, Rostov-Don yaxınlığındakı yaşayış məntəqələrinə çar Rusiyası hakimiyyət orqanlarının fərmanı ilə tarixən ermənilərin yaşadığı (?) Naxçıvan bölgəsindən köçən ermənilərə hörmət əlaməti olaraq Novı Naxçıvan adı verilib”.
***
Əlbəttə, kilsənin haqqında söhbət gedən bəyanatı açıq-aşkar qərəzli və ittiham tərzində yazılıb. Bəyanatın ruhu kilsənin neytral və ya dini deyil, daha çox siyasi və müdafiəçi mövqedə çıxış etdiyini göstərir. Kilsənin özünü sadəcə dini qurum yox, eyni zamanda, ictimai-siyasi proseslərə reaksiya verən bir tərəf kimi təqdim etməsi də diqqətdən yayınmır. Bu, Ermənistan cəmiyyətində kilsənin hələ də mühüm təsir gücünə sahib olduğunu göstərir. Bəyanatda qeyd olunanlar dini qarşıdurma təəssüratı yaradır. Bu da regionda təhlükəli bir tendensiyadır: siyasi münaqişənin kilsə tərəfindən dini çalarlarla dərinləşdirilməsi sülh yolunda olan iki xalq arasında barış prosesini çətinləşdirə bilər.
Kilsə, eyni zamanda, Ermənistanda və regionda “çoxəsrlik erməni ziyarətgahları”nın mövcud olduğunu iddia etməklə, öz tarixi varlığını və dini irsini önə çəkməyə çalışır. Belə fikirlər bir tərəfdən erməni cəmiyyətində milli-dini birliyi gücləndirməyi, digər tərəfdən isə Azərbaycanı, guya, bu irsə təhdid kimi təqdim etməyi hədəfləyir. Lakin məlumdur ki, Azərbaycanda yerləşən Alban xristian abidələrinin mənsubiyyəti süni şəkildə dəyişdirilərək erməni irsi kimi təqdim olunur və bu da dini-mədəni sahədə tarixi saxtakarlıq tendensiyasını dərinləşdirir. Ermənilərin bu cür ritorikası barışıqdan çox qarşıdurma ritorikasını gücləndirir.
Erməni apostol kilsəsinin bəyanatında səsləndirilən iddialardan biri də “1700 illik” Eçmiədzin kilsəsinin, guya, “ermənilər tərəfindən zəbt edilmiş Azərbaycan torpağında” yerləşmədiyi fikridir. Bu, tarixi faktların manipulyasiya edilməsinə bariz nümunədir. Halbuki, tarixi faktlar Eçmiədzin ətrafındakı ərazilərin uzun müddət azərbaycanlıların yaşadığı bölgələr olduğunu, XIX–XX əsrlərdə isə demoqrafik tərkibin süni şəkildə dəyişdirildiyini isbat edir.
Digər tərəfdən, bəyanatda azərbaycanlıların kimliyinin yalnız 1930-cu illərdə formalaşdığı iddia edilir. Bu, sovet dövrü etnik siyasətinə istinadən tarixi gerçəkləri təhrif etmək cəhdidir. “Azərbaycanlı” etnonimi sovet idarəçiliyi dövründə rəsmiləşsə də, xalqımızın tarixi, mədəniyyəti və dil varlığı əsrlər öncəyə gedib çıxır. Kilsənin bu cür iddiaları isə faktlara deyil, ideoloji məqsədlərə əsaslanır və regionda onsuz da kövrək olan münasibətlər sisteminə zərbə vurur.
Kilsənin bəyanatında diqqətçəkən digər məqam isə erməni xalqının, guya, minilliklər boyunca “quruculuq tarixi” və “mədəni irsinə” sahib olması iddiasıdır. Burada məqsəd təkcə özünü sülhpərvər və sivil toplum kimi təqdim etmək deyil, dolayısı ilə bizi dağıdıcı, mədəni irsdən məhrum obrazda göstərməkdir. Halbuki, Qafqaz albanlarının, azərbaycanlıların və digər türkdilli toplumların bölgənin zəngin irsin formalaşmasında mühüm rol oynadıqlarını tarix subut edib.
Kilsənin bəyanatında Novı Naxçıvan yeparxiyası ilə bağlı səslənən fikirlərə, yəni Rostov-Don yaxınlığına çar Rusiyası dövründə guya, Naxçıvandan köçürülmüş ermənilərin şərəfinə həmin ərazinin belə adlandırılmasına gəldikdə isə qeyd etmək lazımdır ki, bu iddia da tarixi reallıqlarla ziddiyyət təşkil edir. Əvvəla, Naxçıvan bölgəsinin tarixən Azərbaycan türklərinin yaşadığı ərazi olması faktlarla sübut olunub. XIX əsrin əvvəllərində çar Rusiyasının həyata keçirdiyi köçürmə siyasəti nəticəsində ermənilər bu ərazilərə yerləşdirilib, sonradan isə bu köçürülmə faktı onların qədimdən burada yaşaması kimi təqdim olunmağa başlanıb.
Regionda dini-etnik dözümsüzlüyün, xalqlararası ədavətin əsas körükləyəni olan kilsənin bəyanatı, bütövlükdə, dini arqumentlərdən çox, siyasi və ideoloji məqsədlərə xidmət edir. Tarixi faktlar çərçivəsində dəyərləndirildikdə, kilsənin irəli sürdüyü iddiaların çoxu manipulyasiya və təhrif üzərində qurulub. Kilsənin ritorikası regionda mövcud olan etnik və dini gərginlikləri artırmaqla yanaşı, sülh və dialoq üçün ciddi əngəl yaradır. Bu baxımdan, belə yanaşmaların qarşısının alınması və tarixi həqiqətlərin obyektiv şəkildə təqdim olunması vacibdir.
Ceyhun MƏMMƏDOV,
Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü:
– Təəssüflə qeyd etmək lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin mayın 22-də söylədiyi fikirlərə erməni kilsəsi hər zaman olduğu kimi qərəzlə və həqiqətləri saxtalaşdırmağa cavab verməyə çalışıb. Ümumiyyətlə, hər kəsə məlumdur ki, haylar bu bölgəyə sonradan gəlmələrdir. Bunu faktlar sübut edir. İndiki Ermənistan ərazisinin böyük hissəsinin tarixi Azərbaycan torpağı olması, orada təbii olaraq, azərbaycanlıların yaşadıqları təkzibedilməz faktdır. Həmin ərazilərdə soydaşlarımıza məxsus bir çox tarixi-dini abidələrin olması da bunu bir daha təsdiq edir. Bu mənada, əsl saxtakar məhz erməni kilsəsidir.
Əslində, şeyxülislamın yanaşması da bundan ibarətdir ki, erməni kilsəsi bu üsluba, bu metoda son qoymalıdır. Yəni öz mövqeyini, yanaşmasını, baxışını, siyasətini dəyişməlidir. Təəssüf ki, bu gün, eləcə də əvvəlki dövrdə iki xalq arasında etnik ədavəti qızışdıran, indi də ermənilər və azərbaycanlıların arasında sülhün bərqərar olmasına ən çox mane olan dövlətdaxili struktur erməni kilsəsidir. Baxın, bu gün Azərbaycan və Ermənistan siyasi hakimiyyəti tərəfindən sülh üçün çalışıldığı, iki ölkə rəsmiləri tərəfindən bölgəyə sülhün gəlməsi üçün real addımların atılması üçün səylər göstərildiyi bir vaxtda erməni kilsəsi öz “rolunu” oynamağa çalışır. Yenidən bölgəmizdə sülhə deyil, müharibəyə xidmət edən addımlar atmağa cəhdlər edir. Biz bu gün bunu açıq-aydın görürük.
Erməni kilsəsinin oynadığı destruktiv rolun kifayət qədər bariz nümunəsi var. Vaxtilə işğal olunmuş ərazilərimizdə məscidləri kimlər dağıdıblar? Dağıdılmış məscidlərin yerində kilsə tikənlər kimlərdir? Bu siyasəti kim həyata keçirib? Yəni bu gün biz bu prosesə diqqətlə baxdıqda düşmənçiliyi körükləyənin və qeyd etdiyimiz kimi saxtalaşdırmanı aparanın erməni kilsəsi olduğunu görürük. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində, eləcə də Qərbi Azərbaycanda özlərinin iddia etdikləri “qədim erməni xalqına” mənsub bircə ədəd tarixi abidə və kilsə göstərsinlər. Onların bura gəlməsini sübut edən çox sayda fakt var. Ona görə də erməni kilsəsinin hazırda bu formada yanaşması, atdığı addımlar, qeyd etdiyimiz kimi, yalnız xalqlar arasında düşmənçiliyə, ədavətə və nifrətin artmasına səbəb olur.
Kilsənin Qarabağla, Naxçıvanla bağlı fikirlərinə gəldikdə isə, qeyd etməliyəm ki, bunun da heç bir əsası yoxdur. Bu da yalandan, böhtandan, həqiqətlərin saxtalaşdırılmasından başqa bir şey deyil. Ona görə də bu gün onların bizə qarşı səsləndirməyə hər hansı doğru fikri, hansısa addım atmağa əsasları yoxdur. Yaxşı olar ki, erməni kilsəsi, nəhayət, düşmənçiliyə, İslam dini əleyhinə addımlar atmağa, saxtakarlığa, həqiqətlərin saxtalaşdırılmasına yönəlmiş cəhdlərə son qoysun. Onların atdıqları bu addımlar özlərinin dinlərinə, dini inanclarına, xristianlığın təməllərinə də ziddir.
Səxavət HƏMİD
XQ