Brüssel dialoqu ikitərəfli əlaqələrdə strateji mahiyyətli addımdır
2025-ci ilin may ayında Brüsseldə keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan–Avropa İttifaqı (Aİ) münasibətlərinin dərinləşməsi baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Aİ rəsmiləri ilə keçirdiyi görüşlər bir neçə strateji aspektdən əhəmiyyət kəsb edirdi.
H.Hacıyevin Brüsseldə apardığı danışıqların arxa planında dayanan əsas kontekst Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenlə keçirdiyi görüşlərin məntiqi və siyasi davamıdır. Tirana görüşü Azərbaycan–Aİ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qəbul olunur. Həmin görüşdə əsas diqqət tərəflər arasında təkcə enerji əməkdaşlığına deyil, həm də Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və uzunmüddətli tərəfdaşlığa yönəlmişdi. Bu da Aİ-nin Azərbaycanı, sadəcə olaraq, enerji təchizatçısı kimi deyil, həm də regional sabitliyin təminatçısı, siyasi dialoqun mühüm tərəfdaşı qismində tanımaqda maraqlı olduğunu göstərir.
Prezidentin köməkçisinin Belçikanın paytaxtındakı görüşlərinin davamı olaraq Aİ-nin aparıcı qurumlarının nümayəndələri ilə apardığı müzakirələr göstərir ki, Azərbaycan bu konsensusu bəyanat səviyyəsində saxlamır, onu praktiki mexanizmlərlə möhkəmləndirməkdə maraqlıdır. Məhz bu addım ölkənin xarici siyasətində davamlılıq prinsipinin uğurla tətbiq olunduğuna dəlalət edir. Diplomatik ardıcıllığın mühüm göstəricilərindən biri əməkdaşlığın yalnız iqtisadi və enerji sektoru ilə məhdudlaşmamasıdır. Azərbaycan bu əlaqələri regional və beynəlxalq təhlükəsizlik, insan hüquqları, hüquqi dialoq və sosial dayanıqlılıq sahələrinə qədər genişləndirərək, Aİ ilə strateji əlaqələri çoxşaxəli platformaya daşımaqdadır. Azərbaycanın münasibətlərə geniş aspektdə yanaşması onu xarici siyasətinin klassik enerji diplomatiyasından post-neft dövrünə uyğun daha kompleks və çevik modelə keçidini göstərir. Burada institusional diplomatiya konsepti önə çıxır: yəni münasibətlərin təkcə liderlər səviyyəsində deyil, həm də müntəzəm mexanizmlər və daimi dialoq platformaları üzərindən qurulması. Məhz bu institutlaşma uzunmüddətli tərəfdaşlıq üçün münbit zəmin yaradır.
Aİ üçün Azərbaycan həm enerji təhlükəsizliyi baxımından, həm də regional sabitliyin təminində güvənə biləcəyi əsas oyunçulardan biridir. Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrini şaxələndirməyə yönəlmiş səyləri fonunda Azərbaycan strateji alternativ kimi ön plana çıxdı. Amma bu zaman əməkdaşlıq yalnız enerji təchizatı məsələsinə də söykənmir. Burada qarşılıqlı etimad, sabit xarici siyasət və regional təşəbbüslərdə aktiv iştirak həlledici rol oynayır.
Reallıq ondan ibarətdir ki, Azərbaycan bu mərhələdə özünü etibarlı tərəfdaş və regional inteqrasiyanı dəstəkləyən dövlət kimi təqdim edir. Onun addımları Aİ-nin maraqlarına uyğun davranış strategiyası və ölkənin geosiyasi mövqeyini gücləndirən məqsədyönlü diplomatiyanın nəticəsidir.
Sonda onu da qeyd etmək olar ki, diplomatik ardıcıllıq və Tiranada əldə olunmuş konsensusun Brüsseldə davam etdirilməsi Azərbaycan diplomatiyasının proaktiv və strateji yönümlü xarakter daşıdığını nümayiş etdirir. Bu yanaşma formal görüşlərdən daha çox real nəticələrə yönəlmiş və qarşılıqlı maraqlara əsaslanan institusional əməkdaşlıq modelidir. Bu baxımdan, Azərbaycanın Aİ ilə münasibətləri regional diplomatiyanın yeni mərhələsinə keçidi və strateji tərəfdaşlığın real məzmunla zənginləşdirilməsinin nümunəsi kimi çıxış edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru