Azərbaycan-İran münasibətlərində yeni mərhələ: Prezident Pezeşkianın Bakıya səfəri

post-img

28 aprel 2025-ci il tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində iki ölkə arasında strateji əhəmiyyətli sənədlər imzalandı və bir sıra vacib məsələlər müzakirə olundu.

Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda iki xalqın əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində yaşadığını vurğuladı. Müasir dövlətlərarası münasibətlərin məhz bu möhkəm təməl üzərində inkişaf etdiyini qeyd edən Prezident, İran dövlət başçısının böyük nümayəndə heyəti ilə Azərbaycana gəlməsini və önəmli sənədlərin imzalanmasını əlaqələrin yüksək səviyyədə olmasının təzahürü adlandırdı.

"Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır", - deyə İlham Əliyev bildirdi.

Prezidentlər arasında aparılan danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də müzakirə olundu. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlarda iki ölkənin nümayəndələrinin ənənəvi olaraq bir-birinin yanında olduğu vurğulandı.

Görüşdə regional təhlükəsizlik məsələləri xüsusi yer tutdu. İki dövlət başçısı "bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması" prinsipinin hər iki tərəfin siyasətinə uyğun olduğunu təsdiqlədi. Eyni zamanda, ölkələrin suverenliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmama kimi prinsiplər də üstün tutuldu.

Danışıqların əsas mövzularından biri də üçtərəfli əməkdaşlıq layihələri, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi oldu. İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələrə böyük səmərə gətirəcəyini qeyd etdi və Azərbaycanın öz ərazisində lazımi infrastruktur işlərini tamamladığını bildirdi.

"Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq", - deyə Azərbaycan Prezidenti vurğuladı.

Dövlət başçıları humanitar və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə də razılığa gəldilər. Azərbaycan Prezidenti son qarşılıqlı mədəniyyət günlərinin səkkiz il əvvəl keçirildiyini qeyd edərək, yaxın gələcəkdə bu təcrübənin bərpa olunacağını bildirdi.

"Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir", - deyə İlham Əliyev vurğuladı.

Azərbaycan Prezidenti İranda bir neçə gün əvvəl baş vermiş və insan itkisi ilə nəticələnmiş faciə ilə bağlı başsağlığı verdi və İran Prezidentinin bu çətin günlərdə belə Azərbaycana səfərini reallaşdırmasını yüksək qiymətləndirdi.

"Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk", - deyə İlham Əliyev bildirdi.

Prezident İlham Əliyev qəbul edilmiş qərarların iki ölkə arasındakı əlaqələri uzun illər bundan sonra yüksələn xətlə aparmağa xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə qaldırılması hər iki tərəfin ortaq məqsədi kimi vurğulandı.

İki ölkənin prezidentləri öz nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşün məhsuldar olduğunu qeyd etdilər və konkret layihələrin icrası üçün yüksəkvəzifəli şəxslər arasında təmasların davam etdiriləcəyini bildirdilər.

Bu səfər nəticəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-İran strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Naqif Həmzəyev,
Milli Məclisin deputatı

Siyasət